Moskva görüşü sonuncu ola bilərmi?..

Kremlin planlarını bilmək bizim üçün hər şeydən vacibdir

“Moskva da birdən tikilməyibdir” – bəli, hətta məşhur və elə məhşur olduğu qədər də sevimli olan bu sovet nəğməsi də deyir ki, tələsik nəticələr çıxarmayın, növbəti görüşün, bu dəfər artıq Moskva görüşünün bitməsini gözləyin, sonra nəticələrinizi ərz edin.

Amma etiraf edirik ki, neçə illərdir danışıqlar gedir, fəqət, nazirlərin görüşü ərəfəsində belə gərginliyin olması yadımıza gəlmir – politoloqlar və siyasi analitiklər müxtəlif, bəzən də diametral şəkildə zidd fərziyyələr deyirlər, bəziləri hətta iddia edir ki, ehtimal, bu görüş sonuncu olacaq və bundan sonra artıq geniş miqyaslı hərbi əməliyyatlar başlayacaqdır.

Ermənilərin yeni xarici işlər naziri Z.Mnatsakanyan baş nazir N.Paşinyandan və xüsusən də müdafiə naziri D.Tonoyandan fərqli olaraq təmkinli və ehtiyatlı diplomat təsiri bağışlayır. Amma Vyana görüşündən sonra tərəflərin ritorikasında elə hərarət sezildi ki, şəxsən biz düşündük ki, artıq bitdi, yəqin Moskva görüşünü ləğv edəcəklər.

Prinsipcə, erməni baş nazirinin öz kabinetinin üzvlərinin Qarabağ problemilə bağlı bəyanatlarını və çıxışlarını korrektə etmək üçün imkanı vardı. O, bunu Strasburqda, Avropa Şurasının sessiyasında edə bilərdi.

Amma təəssüf, “inqilabçı baş nazir” orada da özünü və həm də hərbi nazirini təmizə çıxarmağa çalışdı və bildirdi ki, onların bəyanatları və çıxışları arasında heç bir ziddiyyət-filan yoxdur.

Ola bilsin, səbrsiz oxucu deyəcək ki, problem deyil, müharibə istəyirlərsə, vuruşarıq! Əlbəttə, oxucumuz haqlı olacaq, amma qismən.

Birincisi, biz də tez-tez təcavüzkara güc– hərbi təzyiq olmadan problemin “ölü nöqtə”dən tərpənməyəcəyini deyirik və yazırıq, amma bütün hallarda bunu da unutmuruq ki, müharibə həm də insan itkisi deməkdir – bəli, döyüşlərdə gənc əsgərlər və zabitlər həlak olurlar...

İkincisi, miqyaslı hərbi əməliyyatlara başlamaq üçün bizə “icazə” verəcəklərmi? Burada “Rusiya amili”ni nəzərdə tutduğumuzu güman ki, yəqin etdiniz.

Bu görüşün önəmi elə ondadır ki, bir illik fasilədən və Ermənistanda yeni situasiya yaranandan sonra Kremlin niyyətlərini duymaq imkanımız olacaq: əgər Moskva özünün “nadinc rəfiqəsi”ni heç olmasa, yüngülcə cəzalandırmaq istəsə, İrəvana təzyiq edəcək, yox, Kreml qərar gəlibsə ki, Paşinyanla da işləmək olar və bu adam Rusiyanın regiondakı geosiyasi maraqları üçün heç bir təhlükə deyil, o halda yenə də danışıqlar prosesi acı bağırsaq kimi uzanacaqdır.

Düşünürük, oxucularımız da razılaşar ki, Kremlin planlarını bilmək bizim üçün hər şeydən vacibdir. Nə D.Tonoyanın bəyanatları, nə N.Paşinyanın özünün sayıqlamaları bizi qorxutmur; onlar sadəcə, belə təsəvvür yaratmağa çalışırlar ki, guya münaqişənin güc yolu ilə həllindən də çəkindirmir və guya ki, bu halda da Ermənistanın Azərbaycana qarşı durmaq imkanı var, hərçənd, erməni politoloqların özləri (təkcə politoloqlar yox, eləcə də hərbi ekspertlər!) Paşinyanın və Tonoyanın bəyanatlarına gülürlər.

Odur ki, xarici işlər naziri Lavrovun da görüşdə iştirakı özünəməxsus indikator olacaq. Vəziyyəti bir az da çətinləşdirən odur ki, Azərbaycan Avropa Birliyilə saziş imzalamağa hazırlaşır, bu isə Kremlin marağında deyil, baxmayaraq ki, iki il bundan əvvəl Ermənistan artıq analoji sənəd imzalayıb.

S.Lavrovun buna o vaxtki reaksiyası hələ də yadımızdadır; təsəvvür edin, rusiyalı nazir o vaxt Ukraynanı, Gürcüstanı və Moldovanı avro-hissiyatlarına görə əməlli-başlı söydü, Bakı ilə Minskə “avropalıların fitnələrinə uymadıqlarına” və sədaqətlərinə görə minnətdarlıq etdi, gəl, Ermənistan haqqında bircə kəlmə də demədi...

Bəli, bunu onunla izah etmək olar ki, ermənilərin sazişi imzalanmamışdan öncə Kremldə əməlli-başlı redaktə edilmişdi. Amma Bakının AB ilə saziş imzalamaq istəməsi Kremlin narahatlığı üçün əsas yaradırmı?

Düşünmürük. Ona görə ki, Bakı imkan daxilində həmişə Kremlin geosiyasi təlaşlarını – həyəcanlarını nəzərə alır. Amma görünür ki, Moskvanı belə bir detal narahat edir ki, Ermənistandan fərqli olaraq onun Azərbaycanda etibarlı “rıçaq”ları yoxdur (əgər Qarabağ problemi nəzərə alınmasa); bizim ərazimizdə Rusiyanın hərbi bazaları yoxdur, biz Avrasiya İqtisadi Birliyinin, ən əsası da KTMT-nın üzvü deyilik. Buna görə də zaman keçdikcə Bakının Avropa istiqamətində dreyfi ciddi və dönməz xarakter ala bilər.

Bizə elə gəlir ki, Moskvanın Dağlıq Qarabağ prosesinin “ip”lərini öz əlinə yığmaq istəməsi də bununla bağlıdır; axı Azərbaycana hansısa bir formada təzyiq etmək lazımdır...

Bəs bu şəraitdə biz nə etməliyik? Hələ ser İsaak Nyuton deyirdi ki, təsir əks təsirə bərabərdir. Odur ki, Rusiyaya hansısa şəkildə yarınmağa və ya onun rəhminə sığınmağa ehtiyac yoxdur.

Bu kiçik yazını məşhur bir nəğmənin sətirlərilə başladıq. Amma unutmayaq ki, həmin nəğmə “Moskva göz yaşlarına inanmır” filmindəndir – bəli, Moskva göz yaşlarına nə sovet vaxtı inanırdı, nə də indi...

Hüseynbala Səlimov