İlham Əliyev inqilabi islahatların təşəbbüskarıdır

Biz gənclər millətin varlığının və gələcək inkişafının təməl daşıyıq

Seçkilər mahiyyət etibarilə həm də hər bir siyasi qüvvənin fəaliyyətinə verilən ictimai qiymətdir. Hər bir hakimiyyətin müəyyən zaman intervalındakı fəaliyyətinin dəyərləndirilməsi məhz azad və ədalətli seçkilər nəticəsində mümkün olur. Cəmiyyətdəki mütləq çoxluğun maraq və mənafeyinə cavab verən inkişafyönümlü proqramları uğurla reallaşdıran komandanın seçkilərdəki zəfəri də qaçılmaz olur.

Böyük əksəriyyət 1 il əvvəl keçirilmiş seçkilərdə müdrik seçim edərək xalq üçün çalışan, dövlətin hərtərəfli inkişafını təmin edən, gələcək nailiyyətlərinə etibarlı zəmin hazırlayan komandaya və əməli siyasətə səs verib.

Ölkəmizdə ötən il aprelin 11-də keçirilən prezident seçkilərindən bir il ötür.

Prezident İlham Əliyevin seçkilərdə növbəti dəfə xalqın böyük əksəriyyətinin səsini qazanaraq parlaq qələbəyə nail olması ölkə əhalisinin rifah halının yaxşılaşdırılmasına xidmət edən inqilabi addımların atılması ilə xarakterik yeni uğurlu islahatlar mərhələsinə keçidə təminat vermiş oldu. Bu dövrdə dövlət başçısının imzaladığı fərman və sərəncamların mühüm bir hissəsi məhz əhalinin sosial müdafiəsinin əhəmiyyətli şəkildə gücləndirilməsi, sosial sahə üzrə müasir, şəffaf, çevik, optimal idarəçilik və xidmət mexanizmlərinin formalaşması məramına istiqamətlənib.

2018-ci il aprel ayının 18-də Milli Məclisdə keçirilən andiçmə mərasimində çıxış edən Prezident İlham Əliyev yeni islahatların aparılacağını bildirmişdi: "Növbəti illərdə biz çox ciddi islahatlar aparacağıq, islahatları dərinləşdirəcəyik, əminəm ki, vətəndaşlarımızın yaşayış səviyyəsi daha da yaxşılaşacaqdır".

11 aprel seçkilərindən sonra sosialyönümlü islahatları genişləndirən, ictimai rəy amilinə daha həssas yanaşan cənab İlham Əliyev, bu mütərəqqi islahatların reallaşdırılmasına layiqli töhfələrini verən Birinci vitse-prezident Mehriban xanım Əliyevanın xalqını sevən, vətəndaşların problemlərinə yüksək qayğı ilə yanaşan şəxsiyyət olduqları bir daha əyani təsdiqini tapıb.

Yalnız son 1 ildə həyata keçirilən sosialyönümlü islahatlar dövlət başçısının inqilabi islahatların təşəbbüskarı və icraçısı olduğunu bir daha nümayiş etdirir. Ərazi bütövlüyümüz uğrunda həlak olmuş insanların ailələrinə 11 min manat məbləğində birdəfəlik ödənişin edilməsi, zəlzələdən ciddi zərər çəkmiş vətəndaşlar üçün yeni evlərin tikintisi, minimum əməkhaqqının, sosial müavinət, pensiya və tələbə təqaüdlərinin artırılması, devalvasiya nəticəsində banklara borcu yaranmış vətəndaşların borclarının müəyyən şərtlər civarında silinməsi, yanğından zərər çəkmiş sahibkarlara kompensasiyanın ödənilməsi, Azərbaycanın 10 milyonuncu vətəndaşının ailəsinə yüksək diqqətin göstərilməsi və digər addımlar xalq tərəfindən böyük rəğbətlə qarşılanır.

Dövlət rəhbəri cənab İlham Əliyev 2019-cu il martın 20-də - Novruz bayramı münasibətilə xalqa ənənəvi müraciətində deyib: "İslahatlar dərinləşəcək. İslahatlara alternativ yoxdur. Siyasi islahatlar, iqtisadi islahatlar, sosial sahədə islahatlar, məhkəmə-hüquq sistemində islahatlar, - artıq müvafiq göstərişlər verilib və sənədlər paketi hazırlanır, - təhsil, səhiyyə sahələrində, hər bir sahədə, Azərbaycan yeni dövrə qədəm qoyub. Azərbaycan yeniləşir, Azərbaycan güclənir və müasirləşir. Biz dərin milli-mənəvi köklər üzərində güclü dövlət qurmuşuq. Azərbaycan tarixdə heç vaxt indiki qədər güclü olmamışdır. Ancaq o demək deyil ki, əldə edilmiş bu nailiyyətlərlə kifayətlənməliyik. Əldə edilmiş nailiyyətlər bizi gələcəyə daha da nikbinliklə baxmağa həvəsləndirir, buna sövq edir”.

Axırıncı prezident seçkilərindən sonra dövlət başçısının qətiyyətlə həyata keçirdiyi kadr islahatları - müasir təfəkkürlü və idarəetmə sahəsində novatorluğu ilə fərqlənən gəncləri irəli çəkməsi ölkədə islahatların miqyasını və tempini sürətləndirmək, xidmət sahələrində vətəndaş məmnunluğunu, idarəçilikdə səmərəliliyi və şəffaflığı təmin etmək niyyətindən irəli gəlir. Bu təyinat və islahatlar digər sahələrdə olduğu kimi, elm, təhsil sahələrində də səmərəsini göstərir.

Prezident İlham Əliyevin müxtəlif sahələrdə uğurla çalışan gənclər və tələbə gənclər təşkilatı nümayəndələri ilə görüşü, dövlət başçımızın sərəncamına uyğun «Azərbaycan gəncliyi 2017-2021-ci illərdə Dövlət Proqramı»nın qəbulu, müasir gəncliyin dövlətçilik prinsipləri əsasında, vətənpərvərlik və azərbaycançılıq ruhunda tərbiyə olunması, milli-mənəvi dəyərlərə bağlılıq hisslərinin artırılması, ixtisaslı mütəxəssislərin hazırlanması üçün əlavə islahat və layihələrin tətbiqini sürətləndirir. Gənclərin cəmiyyətin ictimai-siyasi, iqtisadi- sosial və mədəni həyatında fəallığının artırılması üçün yeni imkanlar yaradır. Dövlət Proqramına uyğun olaraq gənclər arasında işsizlik probleminin aradan qaldırılması, yaşayış sahələri ilə təmin olunması üçün ipoteka kreditlərinin ayrılması, Azərbaycanın indiki dinamik inkişafına uyğun, ən müasir texnologiyaları idarə edəcək mütəxəssis, kadr hazırlığına diqqətin artırılması kimi mühüm amillərə əsas prioritet kimi xüsusi diqqət göstərilir. Dövlətimizin başçısı İlham Əliyev 1 fevral Azərbaycan Gəncləri Gününə həsr olunmuş respublika toplantısında ölkə gənclərinin bir qrupu ilə görüşündə bu fikri xüsusi qeyd edib:

“Bizim gənclərimiz bunu bilsinlər ki, hətta ən ağır dövrdə, ən çıxılmaz vəziyyətdə onlar həmişə ümidli olmalıdırlar, naümid olmamalıdırlar. Həmişə bilməlidirlər ki, onların taleyi onların öz əllərindədir.

Bu gün gənclərə ölkə qarşısında duran bəzi vəzifələr haqqında qısaca demək istəyirəm ki, ölkəmizin sürətli və uğurlu inkişafı davam edir, ölkə qarşısında duran bütün vəzifələr icra olunur. Bu gün Azərbaycan dünyada çox sürətlə inkişaf edən ölkə kimi tanınır. Biz isə əldə edilmiş uğurlarla kifayətlənməməliyik, daim irəliyə baxmalıyıq və ilk növbədə, bu gün həll edə bilmədiyimiz məsələləri həll etməliyik, nöqsanları, problemləri aradan qaldırmalıyıq. Əlbəttə ki, gənclər bu sahədə bizim ən birinci yardımçılar ola bilərlər və olmalıdırlar".

Biz gənclər millətin varlığının və gələcək inkişafının təməl daşıyıq.

İlahə Həsənova