Baxıb görürsən ki, bunların ahıl yaşında olanları belə gənclərlə dava edir... Baxıb görürsən ki, bunların ahıl yaşında olanları belə gənclərlə dava edir...

Xalqın hərəkatı budurmu?..

Baxıb görürsən ki, bunların ahıl yaşında olanları belə gənclərlə dava edir...

Gurultulu adlar fikirləşmək və az qala məişət xarakterli qalmaqallar yaratmaq!

Artıq üçüncü on illiyə yaxınlaşır ki, bu “müxalifət” adlı siyasi düşərgənin çabalarını izləyirik, amma indicə dediklərimizdən savayı bir şey görməmişik onların fəaliyyətində.

Adamda bəzən belə bir təsəvvür yaranır ki, bunlar illərdir, qərara gəliblər ki, əsası yaxşı bir ad fikirləşməkdir və elə ki, bunu fikirləşdin, camaat ertəsi gün bunların qapısında növbə tutacaq.

Amma heç kim yoxdur, bir özləridir və bir də özünü siyasətdə sınamaq istəyən seyrək gənclər dəstəsi...

Bəs niyə belə olur? Bir paralel aparacam, amma qüsurlu saymayın. Məşhur bir filmdən – “Baharın on yeddi anı” filmindən misal gətirəcəm.

Əvvəl onu deyim ki, filmi çox sevirəm, xəbər tutanda ki, onu hansısa kanalda göstərilir, hər şeyi kənara tullayıb dərhal baxmağa başlayıram.

Mövzudan uzaqlaşmaq, bir azacıq haşiyə çıxmaq olsa da, bir detalı burada mütləq söyləyəcəm: bu gözəl film əslində bizə sovet kəşfiyyatçısını sevdirməkdən daha çox alman həyat və davranış tərzini, almanlar arasındakı münasibətləri və çox mübahisəli olsa da, deyəcəm ki, hətta alman hərbi formasını sevdirdi - filmin qəhrəmanı heç də sovet kəşfiyyatçısı Maksim İsayev deyildi, alman zabiti Ştirlits idi...

Nə isə, sözüm bunda deyildir. Epizodların birində Müller Ştirlitsə deyir ki, nasional-sosialist ideyaları ölməyəcək, indiki nəsil bizi söyəcək, ölkənin bütün problemlərində bizi günahlandıracaq, amma sonrakı nəsil heç də belə etməyəcəkdir, onlar bizimlə maraqlanacaq və bizi axtaracaq.

Xoşbəxtlikdən belə olmadı. Almanların sonrakı nəsli Müllerləri axtarmalı olmadı. Demirəm ki, onlar illərlə insanların beyininə yeridilən fikirdən – almanların ali irq olması fikrindən tamam-kamal vaz keçdilər, yox, alman olmaqdan qürur duymaq hissi sonra da bu millətdə qaldı.

Fəqət, onlar tamam başqa yolla getdilər və ikinci Dünya müharibəsini udmuş qaliblər “Alman xalqı üçüncü Dünya müharibəsini uddu” demək məcburiyyətində qaldılar...

Amma bir daha deyirik ki, Müllerlər, Himlerlər, Hitlerlər qayıtmadı və heç kim də onları qaytarmaq fikrinə düşmədi və sübut olundu ki, alman adını tamam başqa bir yolla da ucaltmaq olar.

Bunları niyə deyirəm? Bizim müxalifət camiyəsinə baxanda görüsən ki, bunlar da əsasən köhnə adamlardır – bəli, vaxtilə nəinki siyasi məğlubiyyət, hətta siyasi iflas yaşamış kəslərdir. Adama elə gəlir ki, bu adamlar da qərara alıblar ki, sadəcə, gözləmək lazımdı və mütləq onların da saatı gələcək.

Bəlkə hamısının da olmasa, içərilərindən kiminsə “saatı gələ bilərdi”. Amma bunun üçün öz üzərində işləmək, keçmiş səhvlərdən ibrət götürmək, dəyişmək lazım idi. Onlar bunu etdilərmi? Etmədilər! Bəs bu adamlar onda nəyə ümid edirlər?

Cəfəng bir “perspektiv”ə! Bəli, düşünürlər ki, başlıcası həlledici “X anı”na qədər ayaqda qalmaqdır və o vaxt meydanda digərləri olmayacağından xalq guya yenidən bunları seçmək və onların arxasınca getmək məcburiyyətində qalacaq...

Cəfəngiyyatdır, deyilmi? Bu adamalar doğrudanmı adi bir həqiqəti bilmirlər ki, bəşəriyyətin bütün tarixi boyunca bircə dəfə belə olmayıbdı ki, ölülər yenidən dirilsin?!.

Biz cəmi bircə belə hal bilirik–o, da “İncil”dən oxuduğumuzdur; bəli, İsa peyğəmbər bacılarının yalvarışlarına görə təzə ölmüş Lazarı dirildir!

İndi “İncilin” bu rəvayətinə nə qədər inanmaq olar – təəssüf ki, bunu bilmirik və bir daha deyirik ki, min illər ərzində bircə dəfə belə olsun ölü adamın dirilməsı müşahidə olunmayıbdır.

Üstəlik, səhv etmiriksə, yaddaşımız bizi aldatmırsa, Lazarın da ikinci həyatı çox çəkmir–insanlar ölünün dirilməsilə barışmayaraq onu yenidən öldürürlər...

Siyasətdə də belədir. Bir adamın uzun müddət hakimiyyətdə qalması halları çox olub. Amma kimsə hakimiyyətdən qovulsun və uzun illərdən sonra təzədən hakimiyyətə qayıtsın–şəxsən mən belə hal xatırlamıram və əgər olubsa da, çox nadir hadisədir yəqin bu...

Bu, məsələnin bir tərəfidir. Digər tərəfinə gələndə, Platon sayağı alınmasın, amma hər şeydən əvvəl ideya gəlir, ideya olur. Bu adamlar anlamırlar ki, əvvəl ideya, bir siyasi təşəbbüs olmalıdır və yalnız bundan sonra hansısa təşkilat və yaxud birlik yaratmaq haqqında baş sındırmaq olar.

Nədir bunların ideyası? Bunların hansısa siyasi təşəbbüsü gerçəkləşdirmək üçün intellekti və bacarığı varmı? Məsələ də ondadır ki, heç bir ideya - filan yoxdur.

İdeyası olan onu elə ilk gün – birlik təsis olunan vaxt elan edərdi. Sadəcə, bu adamların haradansa qulağına səda gəlir və dərhal toplaşırlar ki, bəlkə nəsə oldu...

İllərdir, bəzi adamlar həqiqətən də ürəkdən gileylənirlər ki, axı “müxalifət” niyə birləşmir? Biz həmişə deyirik ki, onlar hərif deyillər, ona görə birləşmirlər ki, birləşəndən sonra “Bəs indi nə edək?” sualı gündəmə gələcəkdir – onların isə bu suala heç bir cavabı yoxdur...

Bilirsinizmi, biri var savad, biri də var müdriklik. Savad necə qazanılır – hamıya aydın məsələdir bu...

Müdriklik isə yaşla gəlir, həyat adamı öyrədir və dərd də ondadır ki, bunları həyat da öyrədə bilmədi. Baxıb görürsən ki, bunların ahıl yaşında olanları belə gənclərlə dava edir...

Halbuki həm də ona görə hansısa bir birlik və yaxud da təşkilat yaratmaq olar ki, gənclərə, bəli, məhz gənclərə siyasətdə yol açasan, onları maarifləndirəsən, fəallaşdırasan!

Bu adamlar bunu da etmirlər, çünki belə etmək üçün bir tərəfdən xəyalları– ambisiyaları imkan vermir, digər tərəfdən də müdrik deyillər,- bəli, nə kitablardan öyrəniblər, nə də həyatdan...

Hüseynbala Səlimov