Bir sazişin nokautu

"Hazırda Azərbaycan Avropa İttifaqı ilə strateji tərəfdaşlıq sazişini imzalamaq ərəfəsindədir"

Azərbaycanın Avropa İttifaqı ilə imzalamağa hazırlaşdığı saziş Azərbaycan müxalifətini qəzəbləndirib. Xaricdəki söyüş müxalifəti də o tərəfdən qeyzlənib. Maraqlıdır ki, ermənilər də bundan əsəbləşib. O da maraqlıdır ki, ermənilərin narazılığı ilə bizim müxalifətin narazılığı üst-üstə düşür. Sanki, maraqların uzlaşması bir mərkəzdən planlaşdırılır.

Məsələn, erməni mediası indidən həyacan təbili çalır ki, Azərbaycanın Avropa İttifaqı ilə imzalamağa hazırlaşdığı yeni sazişin əksər bəndlərinin razılaşdırılması qarşıdakı dövrdə Ermənistanın beynəlxalq dəstəkdən tam məhrum olmasını şərtləndirə bilər. İrəvandan ara-sıra Qərb dövlətləri əleyhinə verilən bəyanatların təməlində də məhz bu qorxu faktoru durur. Moskva görüşü nə qədər təcrid xofunu artırdısa, bu ilin ikinci yarısında rəsmi Bakı ilə Avropa İttifaqı arasında yeni sazişin imzalanma perspektivləri ümumiyyətlə, indiki Ermənistan iqtidarını apatiya vəziyyətinə yaxınlaşdırır. Danışıqlar formatının dəyişdirilməsi məsələsində açıq şəkildə uğursuzluğa məruz qalan işğalçı dövlət Qərbin yetərli dəstəyini ala bilmədiyini nəzərə alaraq yaxın gələcəkdə daha ağır duruma düşəcəyini yəqin edir. Ona görə də Avropa İttifaqı daxilindəki tərəfdarları vasitəsilə məlum sənədin imzalanmasının qarşısını almağa çalışırlar. Bu prosesdə erməni lobbisi Azərbaycandakı antimilli qüvvələr və “5-ci kolon”un xaricdəki nümayəndələrinin dırnaqarası xidmətlərindən faydalanır. Bir neçə gündür ki, sözügedən anlaşmaya zərbə vurmaqdan ötrü total kampaniyaya start verilməsinin əsas səbəblərindən biri də məhz budur. Lakin ənənəvi səciyyə daşıyan belə cəhdlər iflasa məhkumdur, çünki Azərbaycan ictimaiyyəti ölkəmizin beynəlxalq əlaqələrinin dərinləşməsinə mane olan fəaliyyəti heç vaxt dəstəkləmir və bundan sonra da dəstəkləməyəcək.

Azərbaycan beynəlxalq və regional müstəvidə prinspial addımlar atır və bir sıra yeni nəqliyyat-enerji layihələrinin fəal iştirakçısına çevrilir. Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət nəticəsində ölkəmizin iqtisadi gücü artır, əhalinin sosial rifahı yüksəlir, ölkəmiz beynəlxalq arenada ciddi söz sahibi statusuna yiyələnir. Bu gün Avropanın mötəbər qurumları dövlət başçımızın yürütdüyü daxili və xarici siyasətin humanist, demokratik səciyyə daşıdığını və milli maraqlara söykəndiyini görərək ölkəmizlə bütün sahələrdə təmaslarını gücləndirmək istiqamətində addımlar atır. Hazırda Azərbaycan Avropa İttifaqı ilə strateji tərəfdaşlıq sazişini imzalamaq ərəfəsindədir. Bu saziş qarşılıqlı münasibətlərin dərinləşməsinə, inteqrativ proseslərin sürətlənməsinə birbaşa xidmət edəcək, lakin istənilən halda, rəsmi Bakı sənədə milli maraqların qorunması kontekstindən yanaşır. Çünki ilin ortalarına qədər imzalanması nəzərdə tutulan yeni saziş Azərbaycanın artan qüdrətinin məntiqi ifadəsidir. Bununla belə, son zamanlar bəzi antimilli ünsürlər müxtəlif platformalarda çıxışlar edərək Avropa İttifaqı ilə aparılan müzakirələr barədə arqumentsiz fikirlər irəli sürür. Bu dairələr həm daxildə, həm də elə Avropanın özündə məskunlaşaraq qarşıdakı perspektivlərə zərbə vurmağa çalışırlar.

Hazırda Avropa İttifaqı ilə yeni sazişin imzalanmasından ən ciddi narahatlıq keçirən məhz Ermənistandır. Rəsmi İrəvan təşkilata üzv dövlətlər arasında olan havadarları vasitəsilə həmin sazişin imzalanmasını əngəlləmək istəyir. Təəssüf doğuran hal isə odur ki, ölkəmizdə müxtəlif mərkəzlərdən idarə olunan şəxslər və uydurma birliklər bütün resurslarını səfərbər edərək müstəqil xarici siyasət aparan Azərbaycan dövlətinin beynəlxalq maraqlarını qorumaq əvəzinə bu maraqlar əleyhinə fəaliyyət göstərən qüvvələrlə işbirliyinə giriblər. Antiazərbaycançı şəbəkə öz məkrli missiyasına çatmaqdan ötəri yenə də hər zaman olduğu kimi, transmilli qurumlar, o cümlədən siyasi sifarişlər yerinə yetirən “Trensparency İnternational”, “Amnisty İnternational”, “Human Rights Watch və digər bu kimi qurumların dırnaqarası yardımlarından faydalanır. Həmin şəbəkələr isə Azərbaycan prezidenti və ailə üzvləri barədə yalan, böhtan, dezinformasiya xarakterli məlumatlar yayır, Azərbaycanı beynəlxalq qınaq obyektinə çevirməyə, ölkə daxilində “5-ci kolon” vasitəsilə ictimai narazılıq yaratmağa cəhdlər göstərirlər.

Lakin antimilli dairələrin bu səyləri nəticə verməyəcək. Çünki Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan beynəlxalq və regional müstəvidə prinsipial addımlar atır, əhalinin sosial rifah halının yüksəldilməsi üçün ardıcıl sərəncamlar verilir, dövlət hər zaman vətəndaşın yanında olur. Bir sözlə, ölkədə xalq-lider birliyinin formalaşdırılmasını nəinki xalqımız, eləcə də Qərb dünyası da görür və qiymətləndirir. Ölkəmizdə aparılan islahatlar Avropa İttifaqında da müşahidə edilir. İndi Azərbaycanın bu təşkilatla münasibətləri, hər şeydən əvvəl, bərabərhüquqlu və qarşılıqlı surətdə faydalı əməkdaşlığa əsaslanır. Rəsmi Bakının birliyin təqdim etdiyi əməkdaşlıq sənədini olduğu kimi deyil, hər iki tərəf üçün məqbul ola biləcək müddəaların müzakirəsi kontekstində qəbul etməsi dediklərimizi tam təsdiq edir. Məsələn, sənədin paraflanmasından ajiotaj yaşayan Ermənistan Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığının təmini müddəalarının qəbulundan ciddi narahatdır. Və var gücü ilə tək Avropa İttifaqını deyil, digər Qərb strukturlarını da bu ideyadan çəkinməyə çağırır. Halbuki, ərazi bütövlüyü məsələsi 2017-ci il tarixli Şərq Tərəfdaşlığı Brüssel Zirvə Bəyannaməsində, 2018-ci il Avropa İttifaqı ilə Azərbaycan arasında ikitərəfli “Tərəfdaşlıq Prioritetləri” sənədində öz əksini tapır. Ona görə də nə “5-ci kolon”, nə də erməni lobbisinin saziş əleyhinə kampaniyası effekt verməyəcək, çünki Azərbaycan dövləti Prezident İlham Əliyevin prinsipial addımları hesabına bu gün bütün dünyada əsl nüfuz sahibidir və onun imicinə belə asanlıqla zərbə vurmaq antimilli ünsürlərə qismət olmayacaq.

Hər uğurlu addıma ona görə sevinərlər ki, bundan təkcə bir insan deyil, bir ölkə udacaq. Əgər o insan həqiqətən də bu xalqdandırsa və bu ölkəni sevirsə.

Azər Qismət

AzNews.az