Bu, ilk növbədə Brüsselin məğlubiyyəti, Moskva ilə Vaşinqtonun qələbəsidir Bu, ilk növbədə Brüsselin məğlubiyyəti, Moskva ilə Vaşinqtonun qələbəsidir

Zelenskinin qələbəsi - VİDEO

Bu, ilk növbədə Brüsselin məğlubiyyəti, Moskva ilə Vaşinqtonun qələbəsidir

Ukraynalı şoumen, aparıcı və aktyor Vladimir Zelenskinin prezident seçiləcəyinə təkcə bu ölkədə deyil, dünyanın bir çox yerlərində inananlar demək olar ki, azlıq təşkil edirdi. Azərbaycanın tanınmış yazarı və televiziya aparıcısı Həmid Herisçi isə aprel ayının 3-də əminliklə Zelenskinin qalib gələcəyi proqnozunu vermişdi.

Yazarın həmin düşüncələrini sizə təqdim edirik:

Ukraynadakı prezident seçkiləri siyasətin yox, şou dünyasının qələbəsi ilə nəticələndi.

41 yaşlı, siyasi təcrübəsiz “şən və hazırcavab” Vladimir Zelenski, ağır çəkili bir sıra Ukrayna siyasətçiləri üzərində gurultulu qələbə qazanaraq siyasi səhnəyə ildırım sürətuylə sıçradı. Məğlub olan təkcə elə Ukrayna prezidenti Petr Poraşenko deyil, həm də çox təcrübəli Yuliya Timoşenkodur. Qısası, bu fenomen, Ukrayna siyasətinin son 20 illik təcrübəsi üzərində qara xətt çəkdi.

Şoumenlərin siyasi qələbələri ABŞ-da Ronald Reyqanla başlayaraq, hazırda Donald Tramp kabusu ilə davam edir. Avropa qitəsində bunun ilk işartısı Apenin yarımadasından, İtaliyada başladı. Komik aktyor Beppi Qrillo, sosial şəbəkələrdən istifadə edərək öz yeni il təbrikləri ilə köhnə siyasi istebleşmenti kölgədə qoydu. Onun siyasi varisləri, övladları bu günkü İtaliya siyasi rəhbərliyi, ötən ilki parlament seçkilərini qazanan “Şimal liqası”, “5 Ulduz” hərəkatı, De Mayo, Salvini kimi ifrat siyasi sağlardır.

Vladimir Zelenski, həmkarı, məşhur İtaliya komiki Beppo Qrillonun bu xəttini indi bittə-bittə təkrarlayır. O da öz süftəsini yeni il axşamı, 31 dekabr 2018-ci ildə başladı. Zelenskinin xalqa ünvanlandırdığı yeni il təbriki, Peroşenkonun ütülü, darıxdırıcı müraciətindən dəfələrlə məzmunlu, gülməli, həm də təsirli, səmimiydi. Zelenskinin indiki Ukrayna prezidenti Petr Poraşenko üzərində ilk qələbəsi əslində bu tarixdə baş tutdu. Ukraynalıları yeni il axşamı cilovlayayıb yüyənləyən Vladimir Zelenski day bu sürət tempini zəiflətmədi. Əksinə, hər gün inkişaf şkalası üzrə yuxarı qaldıraraq axır, öz ilk siyasi qələbəsini əldə etdi.

İtaliyadakı Beppo Qrillo davamçıları indi öz rusiyapərəstliyi ilə tanınırlar. Vladimir Zelenski, öz bütün sənət karyerasını Rusiya TV məkanında, Moskvada həyata keçirib. Filip Kirkorovla birgə “X faktor”, “Xoçu BİA QRU” verilişlərində teleaparıcılıq edib. Konspiroloqlar iddia edir ki, sonuncu ifadədəki “QRU” sonluğu Rusiya Ordu kəşfiyyatına sətiraltı işarədir. Ardını indi özünüz fikirləşin.

Petr Poroşenko daxil, bir çox Kiyev siyasətçiləri ABŞ-ın demokrat partiyası şinelindən çıxıblar. Bu, demokratların layihəsidir. Moskva ilə bütün körpülərini yandırmış bu komanda, Rusiya ilə danışıqlara hazırlaşan Respublikaçılar partiyasına, xüsusən Donald Trampa qətiyyən lazım deyil. Üzərindən “Rusiya dosyesi” götürülmüş Tramp, bu fürsətdən istifadə edərək Putinlə siyasi bazarlığa hazırlaşır. Balıqçı balıqçını, şoumen şoumeni uzaqdan seçir. Bazarlıq mövzusu sözsüz Ukrayna ola bilər.

Yerdə qalmış üç həftə bu bazarlıqların növbəti epizodları ilə yadda qalacaq. Sabiq Ukrayna siyasi elitası səhnədən silinərək yenisiylə əvəzlənəcək. Bu, ilk növbədə Brüsselin məğlubiyyəti, Moskva ilə Vaşinqtonun qələbəsidir. Onları birləşdirəcək fiqur tapıldı.

Deyilənə görə, bu əməliyyatın pərdəarxası dirijoru Donald Trampın sabiq strateqi Stiv Bennondur. Proses onun Brüsseldəki “The Movoment” ofisindən tənzimlənir.

Zelenskinin sponsoru oliqarx İqor Kolomoyski də deyəsən bu qüvvələr ilə razılaşıb. Əslinə qalsa, seçkilərin ikinci turuna heç bir ehtiyac yoxdur. Nəticələr indidən məlumdur.

Həmid Herisçi