Bir bütpərəstin portreti: kürsü uğrunda hər şey mübahdır!

"Baş verən yanğını fürsət bilib gecəyarısı mitinq təyin etdi"

“Onun bu iqamətgahda dil tapdığı yeganə insanlar qulluqçulardır. Qulluqçularla davranmaq onun üçün o səbəbdən asan idi ki, o, onlardan öz ünvanına eşitdiyi tərifləri ciddi qəbul edir, bu sadə insanların qəlblərini asanlıqla oxuya bilirdi”.

Markesin “Patriarxın payızı” romanından olan bu parça hakimiyyət iddiasında olan və bu iddia üçün bütün yaxınlarını, ona inananları, onu tutduğu mövqeyə yüksəldənləri, bir sözlə bütün dəyərləri əzib keçməyə hazır olan bir siyasətçinin siyasi portretini cızmaq üçün əvəzolunmaz ifadələrdir. Və Azərbaycanın siyasi cameəsini tərəzinin gözünə çıxaranda belə bir siyasətçinin kim olduğunu görməmək mümkün deyil.

O, reallıqdan uzaq vədlər verir, tərəfdarlarını ona tabe olmağa və yalnız onun istəyinə uyğun yaşamağa vadar edir, sosial şəbəkələrdə “postlarının” altına rəy yazmayanları, bəyən tuşuna basmayanları belə ağır cəzalandırır, şəxsinə qarşı ən xırda tənqidi “total təhqirlə” cavablandırır, özünü hər hadisəni siyasi hakimiyyətə yüksələn pillə hesab edəcək və ölkədə görülən bütün işləri öz ayağına yazacaq qədər kliniki vəziyyətə salmaqdan çəkinmir və illərdir ayaqlarını çiyinlərinə dayayıb “yüksəldiyi” tərəfdarlarını şantaj etməkdən belə çəkinmir, hətta seks kaseti iddiasına belə əl atır…

Əli Kərimli, Azərbaycan siyasətinin bütpərəsti…

Vaxtilə onun müşaviri Zərifə Məhəddinovanı susması üçün “intim görüntüləri” ilə şantaj etdiyi uzaq tarix deyil və keçmiş müşavirinin dedikləri Kərimlinin siyasi kimliyinin “seriya nömrəsini” müəyyənləşdirməyə, partiyada yaratdığı qorxu mühitini təsəvvür etməyə imkan verir.

“Məni müşavirlikdən azad edib üstümə satqın adı qoydu. Halbuki mənə müşavir olacağımı demişdilər. Bütpərəst olacağımı desəydilər razı olmazdım. AXCP-də yaltaqlıq, şəxsiyyətsizlik, saxtakarlıq hökm sürür. Nurəddin Məmmədli Rəyasət Heyətinin iclaslarında mənə salam vermək üçün dörd tərəfinə baxırdı. Qorxurdu ki, birdən Gözəl Bayramlı görər. Çünki AXCP-də insanlara münasibət sədrin birinci müavini Gözəl Bayramlının sənə olan münasibətindən sonra formalaşır. Əvvəlcə gərək Gözəl Bayramlıya biət edəsən. Sonra şəninə bir xeyli təriflər yağdıraraq XXI əsrin ən böyük siyasi xadimlərindən birincisi kimi tanıdığını deyəsən. Bunlardan sonra sənə o narahat divanda oturmağa icazə verilə bilər. Məgər mən 1988-ci ildən bu yana bütün gəncliyimi, enerjimi, arzularımı buna görə xərcləmişdim? Bu gün bir partiya sədri və müavini çərçivəsində yaltaqlıq, şəxsiyyətə pərəstiş, riyakarlıq, saxtakarlıq tələb olunursa, biz hansı dəyişikliklərdən söhbət edə bilərik? Ən yaxın əhatəsində öz müşavirini, müavinini qısqanan, onları potensial rəqib kimi görən rəhbərlikdən nə gözləmək olar? Məgər mən AXCP-yə Gözəl Bayramlının statuslarının altında qarovul çəkib “like” etməyə görə gəlmişdim? Günümün 24 saatını “facebook” arxasında oturub əlavə 20 – 30 saxta profillə “like” edərək ona xidmət etməliyəm? Budurmu mübarizə? Bu mübarizə deyil, xalqa qazılan 5 metr dərinliyində quyudur”, – deyə Məhəddinova danışırdı.

Və sanki Markes illər öncə bu sözləri məhz Azərbaycan siyasətində siyasi mübarizəyə “seks kaseti” gətirəcək Kərimlini nəzərdə tutaraq yazmışdı, desək o boyda yazıçıya haqsızlıq etmiş olarıq, amma onun siyasi həyat yolunda irəliləmək üçün hansı yollara baş vurduğuna nəzər salanda, ətrafındakıları necə əzdiyini, necə aldatdığını və bunu siyasi hakimiyyət uğrunda sevə-sevə etdiyini aydın görmək olur.

O, yaxşı tanıdığı cəbhəçini illərdir əzir, özü təminolunmuş həyat yaşadığı halda, onları “20 qəpiyə möhtac edir” (Razi Nurullayevin “açdığı sandıqdan”), şantaj və “total təhqir” üslubundan kifayət qədər yararlanır, “aşağıdakılar” hesab etdiyi partiya üzvlərinin təriflərini şəstlə qəbul edir və hesab edir ki, onlar “qulluqçularıdır”.

Lakin o, bu “iqamətgaha” yüksəlmək üçün az “əziyyət” çəkmədi: meydan hərəkatında “KQB”-yə işlədi; “silahdaşı” olduğu Əbülfəz Elçibəyin əleyhinə Ayaz Mütəllibov iqtidarına qovluq-qovluq “kompramantlar” ötürdü; dövlət müşaviri olduğu dövrdə Elçibəyin Türkiyə siyasətinə mane olmaq üçün Ankaranın regionda aktivləşməsini istəməyən xarici kəşfiyyatlarla eyni masaya oturdu; AXCP-də sədrliyi ələ keçirmək üçün Elçibəyi gözdənsalma kampaniyasına rəhbərlik etdi, “liderim” dediyi adama qarşı ağlagəlməz böhtanlar yağdırdı; və bu gün qarşı çıxdığı hakimiyyətlə gizli danışıqlara qədər getdi; Artıq “istifadəyə yararsız” olanda qatı müxalifət obrazına büründü; arxadan zərbə vurmağa heç kim qalmayanda isə dövlət maraqlarını belə “hakimiyyət zirvəsinə” çatmaq üçün xərclədi;

“Əti ətdən, qanı qandan olan bir insanın. O adamın ki, hələ gicgahına heç kim naqan dirəməyib. O adamın ki, hətta maşını, bağ evi və dövlət bankında hesabı da var! Bəs qəlbi? Qəlbi isə partiya salonunda intizar içərisində tir-tir əsir”.

Matskeviçin Şoloxa yazdığı tarixi məktub cəbhəçini əzən Kərimlinin xarici səfirliklərin dəhlizlərində tir-tir əsməsini xatırladır.

Və heç kim onun gicgahına naqan dirəmədiyi halda bu ölkənin insanının faciəsindən tutmuş bu dövlətin marağını bir torbaya yığır, altında əzildiyi bu yükü o qapıdan bu qapıya daşıyır və əvəzində sadəcə bir şey istəyir: hakimiyyət kürsüsü… Vaxtilə hakimiyyətlə apardığı sövdələşmənin də qarşılığı məhz kürsü idi…

Kərimlinin son bir neçə hadisə zamanı sərgilədiyi mövqeyə nəzər salanda da aydın olur ki, bu dəfə “kürsü” üçün insanların faciələri üzərindən oynayır. Onun seçdiyi ifadələr, “mitinqinə getməyənlərə” ünvanlandığı sözlər Ermənistanın azərbaycanlıları ən ağır formada təhqir edən “voskanapart” saytının leksikonundan fərqlənmir.

Erməni saytı Azərbaycan əsgərinin şəhid olmasından, Azərbaycanda baş verən hər-hansı faciədən, yanğından, daşqından sevinclə bəhs edir, AXCP sədri də baş verənlərdən eyni formada sevinc hiss duyur.

“Diqlas”da yanğın baş verdi, yüzlərlə sahibkar zərər çəkdi, Əli Kərimli sevinə-sevinə “yeganə xilas yolu mənim hakimiyyətə gəlməyimdir” deyə bəyan etdi. Baş verən yanğını fürsət bilib gecəyarısı mitinq təyin etdi, düşündü ki, zərərçəkənlər xilas yolunu onun xitab etdiyi meydançanı doldurmaqda görəcəklər, halbuki, dövlət öz vətəndaşının problemini çoxdan həll etmişdi…

“Bu hakimiyyətlə müharibəyə getməyin” çağırışı ilə Qarabağda işğalın davam etməsinə dolayısı dəstək verdi.

“Mən İlham Əliyev hökumətindən müharibə tələb etmirəm, müharibə olarsa, buna səhv addım kimi baxıram. Çünki kiminlə müharibəyə gedək? Prinsip etibarilə hesab edirəm ki, bu hökumətlə müharibə etmək böyük məsuliyyətsizlikdir. Azərbaycan xalqı da bunların rəhbərliyi altında müharibəyə başlamağa can atmamalıdır”, deyən Kərimli özünü İrəvan kulislərində mövcud status-kvonun saxlanılması üçün qurulan planların Azərbaycandakı ruporu kimi aparır. Və o, “danışıqlar uzansın və buna alternativ olan müharibə variantı da gündəmə gəlməsin, nəticə etibarilə, ərazilər qaytarılmasın” arzusunu etiraf edir. Çünki Qarabağda işğalın uzanması ona “bu hakimiyyət əraziləri azad edə bilmir” deməyə imkan verəcək.

6 aprel mitinqi baş tutmayanda 20 aprelə mitinq təyin etdi və bunun arxasından da yenə şəxsi ambisiyaları çıxdı. Çünki məktəblinin ölümü ciddi etiraz doğurmuşdu və dövlət başçısı ədalətin bərpası üçün məsələni şəxsi nəzarətinə götürdü. Bu vəziyyət Kərimliyə sərf etmirdi.

Hərçənd, Azərbaycan cəmiyyəti Elinanın ölümünü müzakirə edəndə Kərimlinin gündəmi Sudanda baş verən çevriliş və öz təbliğatı idi. Məhz dövlət başçısı məsələyə müdaxilə edəndən sonra o, çağırışlar etməyə başladı, baş vermiş ölüm hadisəsini “vətəndaş müharibəsinə” çevirməyə cəhd etdi, çünki Prezidentin addımı cəmiyyətdə inam yaratmışdı və bu inam 20 aprel mitinqinə dair planları pozurdu.

Və mitinqə icazə verilməməsinə ondan daha çox sevinən yoxdur, çünki “Onun bu iqamətgahda dil tapdığı yeganə insanlar qulluqçulardır” və anlayır ki, reallıq virtual aləmə bənzəmir, yeni mitinqin baş tutması doldura bilməyəcəyi stadion fonunda özünü yenidən çətin vəziyyətə salması deməkdir. Lakin mitinq ardınca mitinq təyin etməyindən də qalmır.

Bununla, həm də Azərbaycanla yeni saziş imzalamağa hazırlaşan Avropa İttifaqına “baxın, siz mitinqə icazə verməyənlərlə saziş bağlayırsınız” mesajını göndərir. Hərçənd, bu saziş ilk öncə Azərbaycan dövlətinin maraqlarına uyğundur: yeni iqtisadi əməkdaşlıqlar qurulacaq, əhalinin sosial rifahı daha da yaxşılaşacaq, Dağlıq Qarabağ münaqişəsində Bakının ədalətli mövqeyi daha da güclənəcək.

Kərimli məhz bunu istəmir, istəmir ki, Azərbaycan ərazi bütövlüyünü bərpa etsin, insanların sosial durumu daha da yaxşılaşsın, dövlət maraqları təmin olunsun. O istəyir ki, Azərbaycan yerlə-yeksan olsun və özü “xilaskar” kimi ortaya çıxsın, bu yolda kimin başına nə gəldi, dövlət hansı vəziyyətə düşdü, onu maraqlandırmır. Halbuki, doğrudan da xalqın, dövlətin maraqlarını şəxsi ambisiyalarından üstün tutan siyasətçi belə olmur. Siyasətçi olmaq özünü millətin maraqları uğrunda qurban vermək deməkdir və bütün bunların fonunda Markesin elə “Patriarxın payızı”nda yazdığı sözlər yada düşür: “Guya bu zırramalar anlamırlar ki, siyasət ilk əvvəl kişilik tələb edir…”.

Asif Nərimanlı

AzNews.az