Kənarlaşmaq və vəziyyəti öz xeyrimizə dəyişməmək yaxşı heç nə vəd etmir Kənarlaşmaq və vəziyyəti öz xeyrimizə dəyişməmək yaxşı heç nə vəd etmir

Avropa Birliyi ilə səhifəni çevirəkmi?..

Kənarlaşmaq və vəziyyəti öz xeyrimizə dəyişməmək yaxşı heç nə vəd etmir

Avropa Birliyinin Şərq Tərəfdaşlığı Proqramının 10 illiyinə həsr olunmuş tədbiri heç də yubileylərə xas rəvanlıqla bitmədi; zahirən hər şey problemsiz görünsə də sonuncu gün yekun bəyannaməyə iştirakçı ölkələrin ərazi bütövlüyünə dəstək ifadə edən maddə salınmadığından Azərbaycan özünün veto hüququndan istifadə etdi və nəticədə sənədi yalnız F.Mogerini özü imzalamalı oldu.

Düzü, hələ bu olaya qədər erməni mənbələri belə xəbərlər yayırdı ki, guya AB ilə Azərbaycan arasında sazişin imzalanmamasının əsas səbəbi budur ki, Brüssel gələcək sazişin mətninə Azərbaycanın ərazi bütövlüyü ilə bağlı maddənin də daxil edilməsini istəmir...

Bunun nə dərəcədə doğru olduğunu bilmirik, amma onun fərqindəyik ki, bəli, həqiqətən də ürəkaçan perspektiv deyil, fəqət, elə bir yenilik də deyil, zaman-zaman Avropa institutları, Minsk Qrupunun həmsədrləri bu cür hərəkətləri dəfələrlə ediblər.

Belə bir halla hələ illər öncə ATƏT-in Lissabon sammitində qarşılaşmışdıq; o vaxt da qonşu Gürcüstanın ərazi bütövlüyü birmənalı şəkildə dəstəklənsə də bunu Azərbaycana münasibətdə etmək istəməmiş və etməmişdilər də...

Belə bir şoku daha sonra BMT TŞ-da Azərbaycanın ərazi bütövlüyü müzakirə predmeti olarkən yaşadıq; təsəvvür edin, üç həmsədr ölkənin heç biri bizim ərazi bütövlüyümüzə dəstək vermədi və bitərəf qaldılar, halbuki sözdə həmişə Azərbaycanın ərazi bütövlüyünü “müdafiə edir” və münaqişənin beynəlxalq hüquqa, BMT sənədlərinə və qətnamələrinə, Helsinki Yekun Aktının ruhuna həll edilməsinin vacibliyini bildirirdilər.

Nə etməli? Əlbəttə, heç də trivial vəziyyət deyil. Şərq Tərəfdaşlığının iştirakçı ölkələrindən AB ilə saziş imzalamayan yalnız Bakı və Minskdi. Saziş ölkələrə konkret siyasi, iqtisadi və humanitar dividendlər vəd edir – o, gənclərimiz üçün yeni təhsil perspektivləri, insanlarımız üçün son nəticədə vizasız rejim, biznes adamlarımız üçün yeni bazarlar deməkdir.

Məsələyə sırf iqtisadi prizmadan baxanda hər şey çox sadə görünür; nəinki Ermənistandan, hətta Gürcüstan, Moldova və Ukraynadan fərqli olaraq bizim AB-dən hər hansı bir maliyyə umacaqlarımız yoxdur və biz prosesə belə niyyətlərlə qoşulmamışıq.

Odur ki, Brüsselin öz mövqeyinə düzəliş etməyəcəyi bir təqdirdə Bakımızın da cavabı birmənalı olacaqdır: heç bir saziş imzalamamaq...

Əlbəttə ki, bu, Azərbaycan üçün heç də fəlakətli bir sonluq deyildir. Amma o da var ki, biz dünyanın böyük dövlətlərilə, aparıcı institutları ilə işləməyə və onları öz mövqelərini dəyişməyə sövq etməyə məcburuq. AB də bu cür institutlardan biridir, burada küsməklə, inciməklə heç nə həll olunmur, gərək elə edək ki, Brüssel mövqeyini dəyişməli olsun- ona görə də “səhifəni çevirmək”, “dəftəri bağlamaq” hələ çox tezdir.

Üstəlik də Birlik indi seçkilər ərəfəsindədir, güman ki, onun kontingentinin böyük hissəsi dəyişəcək və bütün hallarda biz sazişi yeni tərkiblə imzalamalı olacağıq. Odur ki, bu konteksdəki hazırlıqlara davamlı xarakter vermək lazımdır. Bir daha deyirik ki, hər şeydən asanı “dəftəri bağlamaq, səhifəni çevirmək”dir, amma bununla biz ermənilərin şanslarını artırmış olarıq.

Təkrarən deyirik ki, ağrılı məsələdir. Məsələn, adamda dərhal sual yaranır ki, Azərbaycan bu qədərmi böyükdür ki, onu da hissələrə bölüb, xırdalamaq istəyirlər? Niyə görə burada da ikili standart duyulur? Nədən Gürcüstanın, Ukraynanın və Moldovanın ərazi bütövlüyünə birmənalı və davamlı dəstək verildiyi halda bunu Azərbaycana münasibətdə etmirlər?

Hətta adamda şübhə yaranır ki, bəlkə bunun da arxasında məkrli niyyətlər, bu yolla Azərbaycanın Avropa Birliyinə yolunu bağlamaq və ona mədəni şəkildə “yox” demək istəyi dayanır? Axı onların artıq bu cür təcrübəsi var –illərdi ki, müxtəlif bəhanələrlə, daha çox da “kürd kartı”nı bəhanə edərək Ankaranın Avropaya yolunu kəsiblər.

Bütün bunlar tamam mümkün məqamlardır. Amma bir daha deyirik ki, məsələnin qəlizliyi ondadır ki, bizim başqa bir planetimiz yoxdur, burada yaşamaq və işləmək məcburiyyətindəyik.

Kənarlaşmaq və vəziyyəti öz xeyrimizə dəyişməmək yaxşı heç nə vəd etmir, ən azı ona görə ki, hər bir məsələyə əvvəl münasibət yaranır, daha sonra bu mövqeyə və dinamikaya–hərəkətə çevrilir; bu gün Azərbaycanı Dağlıq Qarabağsız görmək istəyənlər sabah bunu fəal bir şəkildə tələb də edə bilərlər. Məgər dünyanın təcrübəsində azmı belə şeylər olubdur?..

Odur ki, hərəkət, hərəkət və yenə də hərəkət lazımdır. İmkan vermək olmaz ki, Avropa tək çox mühüm geosiyasi qütb də durub Ermənistanın müttəfiqinə çevrilsin...

Hüseynbala Səlimov