Jurnalistikadakı fədakarları da yaxşı tanıyırıq, sizin kimi ƏDA göstərib KAR dalınca qaçanları da... Jurnalistikadakı fədakarları da yaxşı tanıyırıq, sizin kimi ƏDA göstərib KAR dalınca qaçanları da...

Pırsımış meyvələrin şirəsi - Elçin Şıxlıya suallar

Jurnalistikadakı fədakarları da yaxşı tanıyırıq, sizin kimi ƏDA göstərib KAR dalınca qaçanları da...

İndi təsvir edəcəyim mənzərini bir anlıq gözlərinizin önündə canlandırın.

Təsəvvür edin, havalar istidir, siz isə bir az meyvə almaq, öz mətbəxinizdə şirə çəkmək, həmin şirəni içib sərinləmək istəyirsiniz.

Uşağı göndərirsiniz məhəllədəki baqqala, bərk-bərk tapşırırsınız ki, denən yaxşısından, məsələn, hərəsindən 1 kiloqram olmaqla alma, banan, ərik, şaftalı və s. versin, gətir.

Uşaq qayıdır, torbanı qoyur stolun üstünə, meyvələri çıxarıb yumaq istəyəndə ödünüz ağzınıza gəlir.

Baxırsınız ki, hamısı çürüyüb, pırsıyıb, qurdlanıb, baqqal da uşağın başını aldadıb ki, atana de, yaxşı şirə elə belə meyvələrdən çıxar.

İndi özünüzü baqqalın kəf gəldiyi həmin adamın yerinə qoyun.

Tam çürümüş, pırsamış, qurdlanmış meyvələrdən şirə hazırlayıb içməyi təbiniz çəkərmi?

Qaytarıb meyvələri bir-bir satıcının başına vurarsınız, vurmazsınız?

Mehman Əliyev, Arif Əliyev, Elçin Şıxlı ... Onlar Azərbaycan mediasının çürümüş, pırsımış, qurdlanmış meyvələridirlər, şirələri, şirə çəkiləcək halları yoxdur!

Daha açıq desək, Azərbaycan oxucusuna, Azərbaycan cəmiyyətinə və Azərbaycan dövlətinə fayda verəcək səriştə və zehniyyətə malik deyillər.

Əslində onların məmləkətə fayda vermək kimi bir istəkləri heç zaman olmayıb. Haçansa, kimsə, necəsə onlardan Azərbaycan mətbuatının “şanlı nümayəndələri” düzəldib və onlar da KİV sektoruna ayrılan maliyyəni, ictimai vəsaiti şirə kimi somurub, sonra da şirə dönərək qabiliyyətli, istedadlı imzalara, siyasətdəki milli heysiyyatlı simalara, dövlətdəki yüksək intellektli, çalışqan və vicdanlı məmurların üstünə nərildəyiblər.

Təsəvvür edin, bunların içində ən sanballısı, ən peşəkarı, ən ziyalısı, ən intellektlisi Qulu Məhərrəmlidir.

Dünən “Yeni Müsavat” qəzetinin redaksiyasında bəndəyi-həqirinizlə gerçəkləşən debatda suallarımız və arqumentlərimiz qarşısında necə çarəsiz qaldığını gördünüz. Bəlkə də debatın həm təbii atmosferindən, həm də dünən nasaz olan səhhətimin ovqatıma təsirindən dolayı yüksək emosional şəraitdə keçən debatda hər biriniz şahid oldunuz ki, ən dərin savadlıları, professorları belə çağdaş media nəzəriyyələri, iqtisadiyyatı və infrastrukturundan bixəbərdir. Ancaq həmin debatda səsləndirdiyim, ancaq üzərində geniş dayana bilmədiyimiz bir məsələ barədə bu gün daha ətraflı yazmaq istəyirəm.

Deməli, dünən 2011-ci ildə vəfat etmiş Valid Sənanini öz rəsmi internet saytında hələ də “sədr müavini” kimi təqdim edən Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı Həsən bəy Zərdabinin axirətdəki ovqatını daha bir dəfə təlx edərək onun adına mükafat paylayıb. Sosial şəbəkələrdə tədbirdən hazırlanan video süjet rastıma çıxdı, ha baxdım, üç-dörd təşkilatçısı olan mərasimə qatılan bircə nəfər də olsun jurnalist görmədim, bəlkə də bir-iki nəfər iştirak edib, amma Mehman Əliyevin qrant şəbəkəsinin qeyri-jurnalist fəalları arasında it-bata düşmüşdülər. İntəhası, sözüm heç ona da deyil.

Əsas sual budur ki, dünyasını çoxdan dəyişmiş bir adamın adını 8 ildir rəsmi saytından çıxarmağa müvəffəq olmamış Azərbaycan Jurnalistlər Birliyi nədən birdən-birə, heç bir anket sorğusu, ictimai müzakirə, açıq toplantı keçirmədən, sırf Elçin Şıxlının subyektiv istəyi və mövqeyi əsasında ödül paylamağa başladı?

Əgər yadınıza gəlirsə, bir neçə il öncə Elçin Şıxlı “Azadlıq” radiosuna müahibə vermiş, həmin müsahibədə AJB-nin təsis etdiyi “Həsən bəy Zərdabi” ödülünün təqdimatının dayandırılmasından da danışmışdı. Eynilə belə demişdi:

“Əvvəllər «Zərdabi» mükafatı verirdik. İkinci ildir mən onu vermirəm. Bundan vaz keçmişəm. Ayrı-ayrı jurnalistlər haradasa var, şübhəsiz. Amma layiqli təzə bir şey yoxdur. İş orasındadır ki, «Zərdabi» mükafatı bir dəfə verilir, ikinci dəfə verilmir. Yəni, ortalığa çıxası yeni bir jurnalist yoxdur. Səbəbi də odur ki, alternativ fikir söyləyə biləcək, normal jurnalistikaya uyğun gələn qurum olmadığından jurnalist də, demək olar, yoxdur”.

Elçin Şıxlıya bir neçə sualım var.

Birincisi, siz kimsiniz ki, Azərbaycan Jurnalistlər Birliyi kimi qocaman bir təşkilatın təsis etdiyi mükafatla bağlı “mən vaz keçmişəm” deyə bəyanatlar verir, öz şəxsi iradəni tarixi bir təşkilatın ümumi və kollegial maraqlarının fövqünə qoyursunuz? Budurmu sizin idarəçilik anlayışınız?

İkincisi, “Zərdabi” ödülünün yenidən təqdim edilməsi barədə AJB-nin hər hansı qərarı varmı, yoxsa bu qərar da sizin şəxsi, keyfi mülahizələriniz əsasında meydana çıxıb, yaxud kimlərdənsə “fəallaşın” tapşırığı almısınız?

Üçüncüsü, elə dünənki təqdimat mərasimdə Arif və Mehman Əliyevlərlə ağız-ağıza verib yenə Azərbaycan azad media mühitinin, alternativ platformanın olmamasından danışmısız, madam şərtlər dəyişməyib, hətta sizin təbirinizcə, daha da ağırlaşıb, onda mükafat təqdim etdiyiniz jurnalistlər necə, harada ortalığa çıxdı?

Dördüncüsü, tədbiri keçirdiyiniz “Hilton” otelinin icarə pulunu hansı qaynaqlardan ödəmisiniz? Həmin müsahibədə səsləndirdiyiniz tezislərdən çıxış etsək, bəlkə ölkə iqtisadiyyatı bir günün içində liberallaşdı, “taybatay açdığınız” “Ayna” bir neçə həftənin içində reklamlardan pul qazandı da bizmi görə bilmədik?

Lap düzünü bilmək istəyirsinizsə, mənim bu suallara verəcəyiniz cavabları eşitməyə xüsusi həvəsim yoxdur. Öncədən bilirəm ki, sizin bu suallara cavab verməyə səmimiyyətiniz, dürüstlüyünüz çatmaz.

Siz marıq və maraq adamısınız, Elçin Şıxlı!

Jurnalistika isə elə sahədir ki, ictimai meydanla, kültür sənayesi ilə, milli maraqlarla iç-içədir, bu peşə məşğul olaraq vətənə gerçək xidmətlər göstərmək üçün adamın canında fədakarlıq olmalıdır.

25 ildir KİV-də çalışıram, çox adamı müşahidə etmək imkanım olub, fədakarları da yaxşı tanıyıram, sizin kimi ƏDA göstərib KAR dalınca qaçanları da...

Taleh ŞAHSUVARLI

AzNews.az