Qarabağ müstəvisində, xüsusən də onun diplomatik kəsimindəki vəziyyət gərgin qalmaqda davam edir Qarabağ müstəvisində, xüsusən də onun diplomatik kəsimindəki vəziyyət gərgin qalmaqda davam edir

Hətta danışıqlar davam etsə belə…

Qarabağ müstəvisində, xüsusən də onun diplomatik kəsimindəki vəziyyət gərgin qalmaqda davam edir

Etiraf edək ki, müasir dünyada böyük siyasət, böyük siyasətin “oyun qaydaları” bəzən adamı özünün çılpaqlığı ilə qorxudur – burada ədalət və həqiqət kimi anlayışlar nəinki üstünlük təşkil etmir, əksinə onlara lazım olduğundan çox appelyasiya edilməsi hətta siyasi sadəlövhlüyün əlaməti sayılır.

Ona görə də qətiyyən təəccüblü deyil ki, hətta Minsk Qrupunun həmsədrləri, o cümlədən də bizim şimal qonşumuz və strateji müttəfiqimiz Rusiya erməni baş nazirinin son çıxışlarını hələ də şərh etməyiblər.

Bu günlərdə bizim yerli telekanallarımızdan birinin xahişilə ABŞ səfirliyi Dağlıq Qarabağ siyasi və diplomatik teatrındakı mövcud olan vəziyyəti “şərh etməyə” cəhd göstərdi, amma təəssüf ki, səfirliyin bu cəhdindən bizim yadımızda axımlı diplomatik şablonlardan savayı bir şey qalmadı.

Bizi əlbəttə, daha çox qonşu Rusiyanın mövqeyi maraqlandırır, çünki hesab edilir ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında Rusiya həm özünün coğrafi yaxınlığı, həm də digər səbəblər, o cümlədən də tarixi amillər üzündən daha təsirli “rıçaq”lara malikdir, nəinki digər həmsədrlər, yəni Fransa və ABŞ.

Amma qeyd etdiyimiz kimi, Kreml şərhlərilə tələsmir. Paşinyanın Xankəndidəki “məşhur çağırış”larından bir neçə gün sonra Rusiyanın Təhlükəsizlik Şurasının Katibi Nikolay Patruşev İrəvana səfər etmişdi.

Rusiya mənbələri bu səfərə çox böyük önəm verirdi. Etiraf edək ki, bizim də bu konteksdə müəyyən gözləntilərimiz vardı, çünki Paşinyanın son bəyanatları, necə deyər, Rusiyanın özünü pis vəziyyətdə qoyur, onun regional siyasəti və eləcə də vasitəçilik missiyası üçün müəyyən problemlər yaradırdı.

Ola bilsin, Nikolay Patruşevin səfəri zamanı Qarabağ probleminin müəyyən məqamları da müzakirə olunmuşdu, amma nəinki yerli erməni, o cümlədən də Rusiya KİV-ləri bu haqda bir kəlmə belə yazmadılar və müzakirə olunan məsələlərin təfərrüatları, necə deyərlər, “yedddi gizli möhür arxasında” qaldı.

Yalnız bu günlərdə xəbər verildi ki, Patruşevin tələbilə N.Paşinyan özünün iki köməkçisini vəzifəsindən azad edibdi, amma bu əməkdaşlar hökumətdə daha çox iqtisadi məsələlərlə məşğul olurdu.

Odur ki, Qarabağ müstəvisində, xüsusən də onun diplomatik kəsimindəki vəziyyət gərgin qalmaqda davam edir. Üstəlik, elə bu vaxtlar erməni mənbələri xəbərlər yaymağa başladılar ki, guya orduları Azərbaycanla həmsərhəd ərazilərdə bəzi strateji nöqtələri ələ keçiriblər. Di gəl, Azərbaycan mənbələri nəinki bu informasiyaları təkzib etdilər və hətta sübut etdilər ki, əksinə Azərbaycan ordusu Ermənistanla sərhədlər boyunca güclənməkdə davam edir.

Amma bu cür yalan informasiyalar bütün hallarda ermənilərin niyyətlərinə işıq salır: onlar Azərabaycanla hərbi qarşıdurmaya hazırlaşır və buna doğru istiqamət götürürlər.

Baxın, Paşinyan hətta Bakının ötən il səsləndirdiyi təkliflə - əsir və girovların dəyişdirilməsi haqqındakı təkliflə razılaşmadı, halbuki belə bir addım tərəflər arasında ilk yaxınlaşma və anlaşma ola bilərdi.

Bundan başqa, bu adam baş nazirliyə başlayandan yalnız suyu bulandırmaqla məşğuldur: gah danışıqlar formatının genişləndirilməsini tələb edir, gah da Dağlıq Qarabağı Ermənistanın bir hissəsi “elan edir”, çünki onun dayanıqlı mövqeyi yoxdur və bütün səyləri də diplomatik prosesi pozmağa yönəlib – bir daha deyirik ki, bu adamın nə Azərbaycana, nə də həmsədrlərə təklif ediləsi bir şeyi yoxdur.

Güman ki, hakimiyyətinin də axırına qədər belə olacaq. Düşünürük ki, bizə də danışıqların formal olaraq davam etməsi, danışıq xatirinə danışıq lazım deyil: əgər qarşı tərəfin konkret və konstruktiv mövqeyi yoxdursa, onları davam etdirməyin nə mənası var?..

Üstəlik, bizim diplomatlar daim israr edirlər ki, danışıqları substantiv, yəni ki, nəticəli olmalıdırlar. Amma ehtimal varmı ki, yaxın perspektivdə danışıqlar həqiqətən də nəticəli olacaq? Şəxsən biz buna böyük şübhə ilə yanaşırıq.

Həm də biz dəfələrlə yazmışıq ki, danışıqların substantiv olması üçün düşmənə münasibətdə qeyri-diplomatik xarakterli addımlar atılmalıdır, çünki aydındır ki, sülhə məcburetmə tədbirləri olmadam təcavüzkar bir addım belə geri atmayacaq...

Hüseynbala Səlimov