Mütəmadi dialoq olmayanda siyasi spekulyasiyalara yol açılır Mütəmadi dialoq olmayanda siyasi spekulyasiyalara yol açılır
  • Yazarlar
  • 13 Sentyabr 2019 09:00
  •  4 057

Azərbaycanda İctimai Palata ideyası yenidən aktuallaşa bilərmi?..

Mütəmadi dialoq olmayanda siyasi spekulyasiyalara yol açılır

Uzun fasilədən sonra ölkənin siyasi partiyaları arasında hakim Yeni Azərbaycan Partiyasının iştirakı ilə növbəti görüş keçirildi. Sevindirici haldır ki, tədbirin sonunda siyasi sənəd qəbul edildi, hansı ki, ölkədəki siyasi partiyaların fəaliyyətini koordinasiya etməyə çağırır və aparılan siyasi və iqtisadi islahatlara dəstəyi ifadə edir.

Sənəd bir neçə aspektdən diqqətimizi cəlb etdi. Birincisi, ilk dəfə idi ki, bu cür tədbirlər müvafiq siyasi sənədin qəbulu ilə başa çatırdı, bu qəbildən olan əvvəlki tədbirlər isə daha çox qarşılıqlı ittihamlarla yadda qalırdı.

İkincisi, sənəddə Dağlıq Qarabağ problemilə bağlı müddəaların yer alması və bunların sənədin ilk maddələrində ifadə olunması sevindirməyə bilməz, çünki Qarabağ problemi bizim ümumi dərdimizdir və demək olar ki, ən əsas milli problemimizdir. Elə bu səbəbdən sənəddə problemə belə yer ayrılmasının özünün bir neçə aspektdən önəmi vardır.

Birincisi, erməni baş nazirinin sərsəm bəyanatlarından sonra Dağlıq Qarabağ problemində yenə də qeyri-müəyyənlik və çətin proqnozlaşdırılan situasiya yaranıb. Bir sıra politoloqlar Paşinyanın bu bəyanatlarını dolayı yolla müharibəyə çağırış kimi də qiymətləndirirlər. Bütün hallarda, biz dövlət və cəmiyyət olaraq bütün mümkün ssenarilərə hazır olmalıyıq. Bu isə hakim partiyanın və bütün cəmiyyətin uzlaşdırılmış, koordinasiya olunmuş siyasəti, o cümlədən digər partiyaların dəstəyi olmadan mümkün deyil. Düzdür, ölkənin müxalifət partiyaları elə də kütləvi siyasi təsisatlar deyillər, amma bütün hallarda, onlar da cəmiyyətin müəyyən seqmentinin baxışlarını ifadə edirlər.

Etiraf edirik, hazırda ən təcrübəli analitiklər belə Dağlıq Qarabağ probleminin yaxın perspektivlərilə bağlı fikir söyləməyə çətinlik çəkirlər və konkret söz deyə bilmirlər: hələ məlum deyil ki, proseslər hansı müstəvidə cərəyan edəcək, baş nazir N.Paşinyanın sərsəm bəyanatlarından sonra nazirlər səviyyəsində yarımçıq qalmış danışıqlar bərpa ediləcəkmi, ümumiyyətlə, dəqiq bir əminlik varmı ki, yaxın perspektivdə bu görüşlər baş tutacaqdır?..

Düzdür, heç də istisna olunmur ki, oxşar bir proses, növbəti ilk kontaktlar BMT Baş Məclisinin sessiyasının gedişində də reallaşa bilər. Amma bunların hamısı ilkin fərziyyələrdir.

İkincisi, hazırda Ermənistanın siyasi və ictimai mühiti çox gərgin və dayanıqsız vəziyyətdədir: Paşinyanın reytinqi “məxməri inqilab”ın ilk aylarında olduğu kimi deyil, siyasi və sosial etirazlar çoxalıb, ölkənin ən real müxalifəti – keçmiş Qarabağ siyasi klanının təmsilçiləri mövqelərini asanlıqla əldən vermək istəmirlər, İrəvan –Xankəndi müstəvisində çox gərgin bir durum müşahidə olunur. Belə bir halda, əlbəttə ki, Azərbaycanda siyasi stabilliyin gözlənilməsi, vətəndaş həmrəyliyinin və birliyinin hökm sürməsi müstəsna əhəmiyyə malikdir və diqqətəlayiqdir ki, biz stabillik və vətəndaş həmrəyliyi haqqında nəzəri fərziyyə, hipotez kimi yox, reallıq kimi danışa bilirik və bunlar bizim siyasi və ictimai mövcudluğumuzun özülləri kimi çıxış edirlər.

Amma bir yerdə də dayanmaq olmaz, daim irəli getməyə can atmaq lazımdır. Aydın məsələdir ki, Azərbaycandakı siyasi stabillik və vətəndaş həmrəyliyi heç də hamının ürəyindən deyil, bunların özülünü sarsıtmaq üçün daim cəhdlər olub və bundan sonra da olacaq. Odur ki, bu cür görüşlərə mütəmadilik və ən başlıcası da institusional xarakter verilsə, heç də pis olmaz. Yadımıza gəlir ki, bir vaxtlar Azərbaycanda İctimai Palata yaratmaq ideyası vardı.

Belə bir institut müxtəlif partiya və KİV təmsilçilərini, ekspertləri və ictimai fəalları bir araya gətirə və ən başlıcası da hakim partiyaya ölkə müxalifətindəki tendensiyaların və təşəbbüslərin kursunda olmağa imkan yarada, müxalifət partiyalarına isə öz fikirlərini ifadə etmək üçün daha bir təsirli tribuna verə bilərdi. Ekspertlərin və mütəxəssislərinsə bu formatda iştirakı ona intellektual məzmun verərdi ki, bu da müxtəlif sənədlərin və təkliflərin hazırlanmasında çox önəmli amil olardı.

Hakim partiya ilə qalan siyasi-ictimai təsisatlar arasında birbaşa kontaktların artmasının özü də çox aktual məsələdi: insanların bilavasitə görüşmək və hakim partiyanın təmsilçilərilə öz fikirlərini bölüşmək imkanı olanda siyasi ehtiraslar bir az səngiyir, müxalifət də daha mötədil və konstruktiv olur.

Mütəmadi dialoq olmayanda siyasi spekulyasiyalara yol açılır, çünki “bulanıq suda balıq tutmaq həvəskarları” daim tapılır. Hakim partiya ilə cəmiyyət arasındakı məsafə böyüdükcə karlı qrant qoparmaq üçün hər şeyə hazır olan siyasətbazların sayı da artır. Odur ki, bu cür spekulyasiyaların qarşısının alınmasının ən yaxşı yolu hakimiyyətlə cəmiyyətin müxtəlif seqmentləri arasında birbaşa kontaktların yaranması və dialoq mühitinin bərqərar olmasıdır, çünki hələ qədim yunanlar belə deyirdi ki, təbiət boşluğu sevmir və çox illk təcrübələr də göstərir ki, bu fikri elə siyasətə də aid etmək olar...

Hüseynbala Səlimov