“Maksimum şəffaflıq, dürüstlük olmalıdır, rüşvətxorluğa, korrupsiyaya son qoyulmalıdır” “Maksimum şəffaflıq, dürüstlük olmalıdır, rüşvətxorluğa, korrupsiyaya son qoyulmalıdır”
  • Yazarlar
  • 18 Oktyabr 2019 12:11
  •  4 440

Dövlət baba nəyi, nə vaxt, necə, kimlərə və harda demək lazım olduğunu yaxşı bilir

“Maksimum şəffaflıq, dürüstlük olmalıdır, rüşvətxorluğa, korrupsiyaya son qoyulmalıdır”

Azərbaycan Prezidenti İlham Əliyevin 15 oktyabrda keçirilmiş iqtisadi müşavirədəki nitqinin vətənpərvər – öz dövlətini sevən vətəndaşlarımızın timsalında ümumxalq məhəbbəti ilə qarşı­lan­dığını məmnuniyyətlə görməkdəyik. Ən müxtəlif auditoriyaya malik media orqanları, konstruktiv mövqeli sosial şəbəkə istifa­də­çiləri, alimlər, millət vəkilləri, vətəndaş cəmiyyəti quruculuğunda seçilən ictimai xadimlər və başqaları müşavirədən keçən qısa müddət ərzində artıq geniş şəkildə işıqlanmış fikirlərlə çıxış edib.

Biz nəinki fikir kateqoriyasında, deyərdim, hətta duyğu, düşüncə kateqoriyasında diqqətəlayiq reaksiyalar görməkdəyik.

Bəli, vətəndaş dövlət baş­çısının yanarürəkli nitqini öz arzu və istəklərinin ifadəsi kimi, dövlətin xalqın qayğılarına canıyanarlıqla, doğmalıqla yanaşması kimi dinləyib, alqışlayıb və ona görə də yayır, tirajlayır.

Bilirsiz, prezidentin dövlət-xalq münasibətləri, məmurların xalqın qulluqçusu olması yönündə yaddaqalan sözlərini yaxud “siyasətimizin mərkəzində Azər­baycan vətəndaşı dayanır” sözünü yaxşı xatırlayırıq; xatırlayırıq ki, Ümummilli lider “Xalq dövlət üçün yox, dövlət xalq üçün olmalıdır” deyirdi; cənab İlham Əliyev özü yeni prezident seçildiyi ildə deyib, sonrakı illərdə fəaliyyəti ilə sübut etdi ki, o, bütün azərbaycanlıların prezidentidir. – Bu plandakı söz və əməl xalqa parlaq sevgidən doğur. Xalqı, Vətən tor­pağını, müstəqil dövləti dərin məhəbbətlə sevməkdən irəli gəlir bu dillər əzbəri söz!

Və nəhayət, budur, 2019-cu ilin ilk doqquz ayının yekunlarının müzakirəsi zamanı cənab pre­zi­dentin bir dövlət xadimi olaraq bugünü dərindən təhlilini və gələcəyə aydın baxışını bir daha gördük. O sözlər ki, indi haqlı olaraq tirajlanır, güvənilir, sevilir, bu, o sözləri məhz pre­zi­dentin deməsindən qaynaqlanır. Çünki prezidentin malik olduğu informasiyalar, prezidentin əlavə yaxud yeni bilgilər əldə etmək imkanları mübaliğə götürmür. Bax, bu mübaliğəsiz infor­masiya, təhlil imkanlarının alovlu vətənpərvər liderə aid olması səbəbindədir ki, qısa müddət ərzində bu qədər geniş rezonanas doğurdu. Üstəlik, prezidentin öncəki illərdəki oxşar müşavirələrdəki nitqini, atdığı addımları yada salsaq, 15 oktaybr müşavirəsindəki nitqin mənasını daha yaxşı an­lamış olarıq. Yəni, dövlət baba nəyi, nə vaxt, necə, kimlərə və harda demək lazım olduğunu yaxşı bilir.

Bu gün də hələ bir çox şirkətlər vergiləri tam ödəmirlər. Onların qara mü­hasibatlığı var. Bəzi şirkətlərdə işləyənlər orada qeydiyyata alınmır. Düzdür, son müddət ərzində on minlərlə iş yeri rəsmiləşdirildi və beləliklə, qara bölgədən ağ bölgəyə transfer olundu. Amma bu, kütləvi xarakter daşımalıdır. Bir çox özəl şirkətlər vergiləri hələ də tam həcmdə ödəmir və ikili mühasibat saxlayır.

Vergi orqanları, digər hüquq-mühafizə orqanları bu tipli dırnaqarası sahibkarlara qarşı çox ciddi tədbirlər görməlidirlər. Həmin sahibkarlar da bilməlidirlər ki, vergiləri ödəmək onların borcudur. Onlardan heç bir başqa ödəniş tələb oluna bilməz. Mən bütün qurumlar qarşısında bu vəzifəni qoydum, maksimum şəffaflıq, dürüstlük olmalıdır, rüşvətxorluğa, korrupsiyaya son qoyulmalıdır. Ancaq sahibkarlar dövlət vergisini tam şəkildə ödəməlidirlər. Biz bu vergilər hesabına sosial layihələri icra edirik, vergilər hesabına köçkünləri yerləşdiririk, vergilər hesabına ordumuzu güc­ləndiririk. Ona görə də vergini ödəməyən cinayət məsuliyyətinə cəlb edilməlidir.

Bir çox hallarda eşidirik ki, bizdə standartlar, meyarlar Avropa standartlarına uyğun olmalıdır. Avropa ölkələrində vergisini ödəməyənə hansı cəza verilirsə, biz də onlardan nümunə götür­məliyik. Ona görə vergidən yayınmaq çox ciddi nəticələrə gətirib çıxarmalıdır. Mən bütün aidiy­yəti qurumlara bir daha bu tapşırığı verirəm.

…Yeni hökumət qarşısında bir çox vəzifələr qoyulub. Mən Əli Əsədovu bu vəzifəyə təyin edərkən ona bir çox vəzifələr tapşırdım. Onun qarşısına vəzifə qoydum ki, islahatlar aparılmalıdır, o cümlədən kadr islahatları. Müasir dünyagörüşlü, müasir iqtisadiyyatı bilən, savadlı gənc kadrlar işə cəlb edilməlidir. Biz XXI əsrdə yaşayırıq, köhnə təfəkkürlə, köhnə biliklərlə gələcəyə necə gedə bilərik? Nə qədər biz təbii resurslara arxalanaraq, necə deyərlər, belə ətalət yolu ilə gedə bilərik? Düzdür, islahatlar aparılır, dediyim rəqəmlər bunun əyani sübutudur. Hər bir ölkə bu nəticələrlə öyünə bilər. Ancaq biz bilirik ki, ehtiyatlarımız çoxdur. Onu da bilirik ki, əgər hər hansı dövlət və ya özəl quruma təmiz, bilikli və Vətənə bağlı kadr gətirilirsə, biz orada dərhal dəyişiklikləri görürük. Hesab olunurdu ki, bizdə elə sahələr var ki, orada islahatlar aparıla bilməz. Onlardan biri də vergi sistemidir. Hesab olunurdu ki, necə deyərlər, o biabırçı vəziyyət əbədi qalmalıdır və burada heç bir irəliləyişə nail ola bilmərik. Amma hər kəs gördü ki, biz vəziyyəti islahatlar yolu ilə düzəldə bildik. Büdcəyə 100 milyonlarla manat vəsait daxil olub, digər sahələrdə də həmçinin.

Sosial müdafiə sahəsində nə qədər pozuntular olub. Yeni nazir Sahil Babayev bunları üzə çıxardı və çox ciddi islahatlar aparır.”

Nəhayət, Prezidentin bu sözlərinin dövlətçilik təfəkkürlü vətəndaş tərəfindən daha çox tiraj­lan­dığını müşahidə etməkdəyik: “…Onu da bildirməliyəm ki, bu gün iqtidarda olan bəziləri də islahatlara qarşı çıxış edirlər. Bu islahatlar onların şəxsi maraqlarına toxunur. Onlar hər vəchlə bizim işimizə əngəl törətmək istəyirlər. İslahatlara meyilli olan, yeni təfəkkürə malik kadrları qaralayırlar, o cümlədən mətbuatda. Mətbuat bir növ daxili mübarizə növünə çevrilib. Bu, dözül­məzdir. Mən indi dərinə getmək istəmirəm. Amma bildirməliyəm: bu, dözülməzdir, bir hökumətin bəzi üzvləri digər üzvləri tərəfindən şantaj edilir. Onlar ləkələnir. Prezidentin tapşırığı ilə onların apardığı islahatların üzərinə kölgə salınır. Dözülməz vəziyyətdir. Əgər kimsə hesab edir ki, biz bununla barışmalıyıq, səhv edir. Çünki islahatlara alternativ yoxdur. Kim bu yolun yolçusudursa, əlbəttə, işləyəcək. Amma kim buna qarşı çıxır və altdan-altdan bizim işimizə mane olmaq istəyir, əlbəttə ki, biz belə adamlarla bir yolun yolçusu ola bilmərik. Ona görə bir də demək istəyirəm ki, əhali də bilsin və hər kəs mənim sözümü eşitsin. Çox güclü siyasi iradə ortaya qoyulub. Biz Azərbaycanı müasir, sürətlə inkişaf edən, şəffaflığı öz siyasətində bayraq edən ölkə kimi görmək istəyirik və buna nail olacağıq. Heç kim bu işdə bizə mane ola bilməz.

…Bütün dövlət qurumlarına deyirəm, yoxsa onlar pis öyrəşiblər. Hər ilin sonunda büdcə müzakirə olunarkən, sifarişlər göndərirlər. Özü də orada şişirdilmiş rəqəmlər öz əksini tapır, havadan götü­rülmüş rəqəmlər. Onlardan soruşanda ki, misal üçün bənd tikmək, yol çəkmək, kabel çəkmək bu qədər vəsait barədə rəqəmi haradan götürürsən!? Havadan. Sonra araşdırma aparılır, görünür ki, şişirdiblər. Nəyə görə şişirdiblər? Aydın məsələdir nəyə görə. Buna da son qoyulmalıdır. Ona görə Maliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi, - bunu təkcə onların boynuna atmaq olmaz, - hökumət də nəzarətçi kimi şişirdilmiş bütün o rəqəmləri təhlil etsinlər və real rəqəmləri müəyyən­ləş­dirsinlər. O rəqəmləri verənlər gərək məsuliyyət daşısınlar. Əgər bu dəfə bizim dövlət qurum­larımız, şirkətlərimiz yenə də şişirdilmiş rəqəmlər versələr, artıq özlərini ifşa etmiş olacaqlar. Hö­kumət əlbəttə ki, onların bütün təkliflərinə baxacaq. Amma onlar əgər şişirdilmiş rəqəmləri ver­sələr, öz cəzalarını alacaqlar. Ona görə zəhmət çəkib normal işləsinlər və pis vərdişlərdən əl çək­sinlər.”

Prezidentin bu sözləri isə bəlkə daha çox yaxud bilavasitə vətəndaş cəmiyyəti quruculuğunda iştirak edən fəallara ünvanlanıb: “…İstifadə olunmayan kifayət qədər ehtiyatlar var və biz bu ehtiyatları aşkar etməliyik. Elə etməliyik ki, Azərbaycanda hər bir sahə şəffaf olsun və ən yüksək standartlara cavab versin. Əlbəttə ki, bu məqsədə nail olmaq üçün korrupsiyaya, rüşvətxorluğa qarşı amansız mübarizə aparılmalıdır. Hesab edirəm ki, hazırda bu mübarizə bizi tam qane edə bilməz. Çünki biz bilirik ki, korrupsiya halları geniş vüsət alıb, təkcə Azərbaycanda yox, bütün MDB məkanında. Yəni, bu, bizim keçmişdən qalan acı mirasımızdır. Ancaq biz xoşagəlməz hallara qarşı mübarizə apar­malıyıq və təkcə hüquq-mühafizə orqanları yox, bütün aidiyyəti qurumlar, o cümlədən vətəndaşlar. Mən dəfələrlə demişəm ki, ictimai nəzarət daha da güclü olmalıdır. Hər bir yerdə, hər bir bölgədə, Bakının hər bir yerində əgər hansısa qanunsuzluq baş verirsə, aidiyyəti orqanlar bunu aşkarlamalı və bu qanunsuzluğa yol açan vətəndaşları, insanları məsuliyyətə cəlb etmə­lidirlər. Vətəndaşlar da öz növbəsində məlumat verməlidirlər, ictimai nəzarət baxımından daha da fəal olmalıdırlar ki, biz islahatları aparaq və ölkəmizin qüdrətini artıraq.

…Əminəm ki, biz eyni həcmdə olan işi az vəsaitlə icra edə bilərik. Buna nail olmaq üçün, ilk növbədə, şəffaflıq, dövlət nəzarəti və ictimai nəzarət olmalıdır.”

P.s. Bu ilin artıq son aylarını yaşamaqdayıq. Yeni ildə qəbul ediləcək qərarlarla bağlı cənab prezi­dentin vədlərini yaxşı yadımızda saxlayaq. Heç istisna deyil ki, radikal müxalifət başbilənləri, gələn ilin büdcəsinin həm sosialyönümlü, həm də yatırımyönümlü olmasını, gələn il də ciddi sosial proqramlar icra edilməsini… guya müxalifətin hansısa mitinq keçirməsi, hansısa müxalif siya­sət­çinin çıxışı və s. bağlasın... Necə deyərlər, “pir bizimdir, kəramətinə bələdik”…

Əkbər QOŞALI