Bir zamanlar dünyada heç kimin tanımadığı müstəqil Azərbaycan dövləti bu gün qlobal mərkəzə çevrilib Bir zamanlar dünyada heç kimin tanımadığı müstəqil Azərbaycan dövləti bu gün qlobal mərkəzə çevrilib

NATO və Rusiyanı Azərbaycanda bir araya gətirən nədir?

Bir zamanlar dünyada heç kimin tanımadığı müstəqil Azərbaycan dövləti bu gün qlobal mərkəzə çevrilib

“Rusiyanın və NATO-nun ali hərbi komandanlığının Bakıda görüşlər keçirməsi yaxşı bir ənənəyə çevrilib. Biz bunu yüksək qiymətləndiririk. Keçən il üç dəfə belə görüş olub. Bu il artıq ikinci görüşdür. Yəni, bu ənənə artıq yaşayır və düşünürəm ki, davam edəcək. Biz bunu bizə böyük etimad əlaməti kimi qiymətləndiririk. Ona görə ki, belə görüşlərin keçirildiyi yer çox ölkələr ola bilərdi, lakin seçim Bakının üzərinə düşüb və artıq üçüncü ildir ki, bu ənənə davam edir, – görüşlərin təməli 2017-ci ildə qoyulub, – bu, o deməkdir ki, bu məkan nəticə verir. Biz belə düşünürük.”

Bu sözləri Prezident İlham Əliyev noyabrın 26-da Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimovun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edərkən deyib.

Prezident İlham Əliyev Rusiya hərbçiləri ilə

Doğrudan da Azərbaycan dünyanın iki əsas supergücünün ənənəvi görüş yerinə çevrilib. Tam üç ildir ki, onlar məhz Bakını görüş yeri kimi seçir, hər dəfə də buradan məmnun ayrılırlar. Nəticə də odur ki, NATO və Rusiya arasındakı bu hərbi məsləhətləşmələr bir sıra savaşların səngiməsinə səbəb olub. Yaxud da meydana gələ biləcək savaşların önlənməsinə gətirib çıxarıb. Bir az mistik və mifik dildə desək, Bakının ayağı düşərlidir. Təsadüfdürmü? Təbii ki, deyil.

Rusiya və NATO kimi hərbi güclərin davamlı olaraq görüş yeri üçün məhz Bakını seçməsi həm də onun təsdiqidir ki, bu məkan yüksək səviyyədə güvənlidir. Güvənli olmaqla bərabər etibarlıdır. Üstəlik, Azərbaycan Prezidentinin şəxsiyyəti də bu seçimdə müstəsna rol oynayır. Azərbaycan dövləti və onun rəhbəri İlham Əliyev qlobal səviyyədə etibarlı və ləyaqətli tərəfdaş kimi tanınır, qəbul edilir. İstər Rusiya, istərsə də ABŞ-ın əsas rol oynadığı NATO-da yaxşı bilirlər ki, həm dövlət olaraq Azərbaycana, həm də lider olaraq İlham Əliyevə sonadək güvənmək olar. Bu da təsadüfi deyil. Çünki siyasi səhnədə olduğu illər ərzində İlham Əliyev özünü məhz belə göstərib, belə tanıda bilib. O, hətta ölkə Prezidenti olmazdan öncə də istər yaxın çevrəsində, istərsə də bir sıra qlobal mərkəzlərdə şəxsi keyfiyyətlərinə görə hörmət görüb. Bu keyfiyyətləri isə hər kəsin onunla dostluğa, təmasa can atmasına səbəb olub. Yalnız hərbi mərkəzlər deyil, qlobal biznes sahibləri də İlham Əliyev şəxsiyyətilə işbirliyinə həvəslə maraq göstərib, göstərməkdədir.

Prezident İlham Əliyevin görüşdə Birinci vitse-prezident Mehriban Əliyevanın Moskva səfərilə bağlı səsləndirdiyi bu fikirlər də xüsusi diqqətə layiqdir: “Biz bu səfəri çox yüksək qiymətləndiririk. Başa düşürük ki, bu, beynəlxalq siyasətdə görünməmiş hadisədir, dövlətdə birinci şəxs olmayan adam Prezident tərəfindən, özü də dünyanın aparıcı ölkəsinin Prezidenti və dünya siyasətçiləri arasında bir nömrəli Prezident tərəfindən ən yüksək səviyyədə qəbul edilir. Zənnimcə, bu, təkcə mənim fikrim deyil, rəhbərlərin böyük əksəriyyətinin fikridir. Biz dəvət faktının özünü, münasibətlərin səviyyəsini, Mehriban Əliyevanın şəxsən Prezident tərəfindən ali “Dostluq” ordeni ilə təltif edilməsini və bu təltifdən sonra deyilən sözləri çox yüksək qiymətləndiririk”.

Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Prezidenti Vladimir Putinlə görüşdə

Doğrudan da bu səfər özünün zənginliyi, yüksək diqqət görməsi, istər Rusiya, istərsə də qlobal səviyyədə müzakirələrə səbəb olması baxımından nadir hadisədir. Azərbaycanın Birinci vitse-prezidentinin gördüyü diqqət və sayğı, onun bir dövlət xadimi olaraq sərgilədiyi yüksək davranış həm media, həm siyasi təhlilçilər, həm də geniş ictimaiyyət tərəfindən çox yaxın ilgiyə səbəb olub. Bu da təsadüfi deyil. Burada həm Prezident İlham Əliyevin dövlət başçısı kimi şəxsi nüfuzu, həm də Birinci vitse-prezidentin özünün şəxsi keyfiyyətləri ciddi rol oynamaqdadır. Rusiya dövləti, özəlliklə yaxın qonşuluqda Mehriban Əliyeva kimi xarizmatik siyasi liderin olmasını özü üçün də fürsət bilir. Çünki Mehriban Əliyeva özünün dünyagörüşü, ailə bağları, əsil-nəcabəti, təhsili baxımından istənilən ölkənin rəhbəri üçün çox uyğun siyasi tərəfdaşdır. Belə liderlərlə masa arxasında müzakirə aparmaq, ən çətin məsələləri qarşılıqlı anlaşma şəraitində həll etmək arzuolunan və asandır. Məhz buna görə də Prezident Vladimir Putin başda olmaqla Rusiya siyasi zirvəsi Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya fövqəladə sayğı və diqqət göstərir.

Yeri gəlmişkən, Prezident İlham Əliyevin NATO-nun Hərbi Komitəsinin sədri Ser Stüart Piiçin başçılıq etdiyi nümayəndə heyətini qəbulu zamanı dediyi fikirlər də olduqca diqqətçəkəndir: “Birləşmiş Millətlər Təşkilatında demək olar iki yüz ölkə var. Lakin müəyyənliyə, əməkdaşlığa, risklərin azalmasına və planetimizin daha təhlükəsiz olmasına gətirib çıxaran bu görüşlərin keçirilməsi yeri kimi Azərbaycan seçilmişdir. Biz çox şadıq və qürur hissi keçiririk ki, Azərbaycan həm NATO, həm də Rusiya tərəfindən bu görüşün keçirilmə yeri kimi seçilmişdir. Ümidvarıq ki, əvvəlki, bugünkü və növbəti görüşlər sülh və sabitliyə töhfə verəcəkdir”.

Prezident İlham Əliyev NATO rəsmilərini qəbul edərkən

Burada “planetimizin daha təhlükəsiz olmasına gətirib çıxaran” ifadəsinin altı ayrıca cızılmalıdır. Doğrudan da Azərbaycan nisbətən kiçik olmasına baxmayaraq qlobal sülhə töhfə verən bir dövlət kimi diqqət mərkəzindədir. Eyni zamanda özünün sözdə deyil, əməldə neytrallığını bütün platformalarda təsdiq etmiş dövlət kimi qəbul edilir. Bundan başqa, bizim dövlətimiz hansısa xarici dövlətlərin, yaxud da mərkəzlərin diktəsi deyil, öz seçimi ilə qərar verib hərəkət edən dövlət kimi nüfuz qazanmışdır. Məhz o səbəbdən istər NATO, istərsə də dünyanın daha bir qlobal gücü olan ABŞ hərbi rəhbərliyi digər qlobal güc – Rusiya ilə yüksək səviyyəli görüşlər üçün Bakını seçir.

NATO və Rusiya ali hərbi məsləhətləşmələrinin növbəti dəfə Bakıda keçirilməsi bizi bir daha geri dönüb baxmağa, Azərbaycanın haradan haraya gəldiyini dəyərləndirməyə sövq edir. Doğrudan da ölkəmiz və dövlətimiz olduqca böyük məsafə qət edib bu ötən dövr ərzində. Bir zamanlar dünyada heç kimin tanımadığı müstəqil Azərbaycan dövləti bu gün qlobal mərkəzə çevrilib. Özü də yalnız hərbi deyil, ümumiyyətlə bütün vacib məsələlərin müzakirə edildiyi qlobal mərkəzə. Bu, necə mümkün olub? Təbii ki, təməlləri hələ ulu öndər Heydər Əliyev tərəfindən uzaqgörənliklə atılmış strategiyanı Prezident İlham Əliyevin ustalıqla həyata keçirməsi, Birinci vitse-prezident Mehriban Əliyevanın da bu prosesə əvəzsiz töhfələr verməsi sayəsində. Biz, belə bir dövlətin – qlobal diqqət mərkəzinin vətəndaşıyıq artıq. Halbuki bir zamanlar ölkəmizin yerini xəritədə belə göstərib tanıtmaqda çətinlik çəkirdik…

Azər Həsrət