Dodaqaltı mızıldananlar

Dodaqaltı deyəndə yadıma dodaqdəyməz düşür

Bizim xalq çox istedadlı xalqdır. Hansı sahədə istəsən özünü göstərə bilir. Həm də ədəbiyyata, incəsənətə, dinə çox meyllidir, hətta mən deyərdim ki, çox sıx bağlıdır. Odee..., millətin böyük bir hissəsi ölüsünü basdırıb gününü qəbiristanlıqda keçirir, başqa bir hissəsi elə ki, mərhumu son mənzilə yola saldı gedir şadlanmağa, çal-çağıra, yəni toya. Elə bil insanlar bu iki fəaliyyət arasında haça-paça qalıb. Ta başqa bir işi, düşünəlisi bir şeyi, zadı yoxdu. Toydan çıxıb yasa gedir, yasdan çıxıb toya. Xeyir-şər ekiz qardaşdır.

Bir qisim insan da var ki, xeyir-şər yaradıcılığı ilə məşğuldur. Molla-imamlar yuxuda gördüklərini hədis adı ilə camaata dürtüşdürürlər.

Baxırlar ki, xalqı inandırıblar o zaman, Molla Nəsrəddinin sözü olmasın, başlayırlar öz yuxularına inanmağa.

Bir qisim insan toy yaradıcılığı ilə məşğuldur.

Yox, yox, birdən ağlınıza gələr ki, bu qisim insan dodaqdəyməz, dildönməz, gəraylı, təcnis biliklərimizi artırmaq, bu növü zənginləşdirmək üçün yenilərini yazırlar. Əttövbə, ağlınıza elə şey gəlməsin. Bu qisim yalnız və yalnız "necə pul qazanmaq" yaradıcılığı ilə məşğuldur, özü də bunu uğurla həyata keçirir. Bax, şadlıq saraylarında yayda zala sərin, qışda isti hava vurmur ki, toya gələnlər tez dağılışsınlar. Bunun şadlıq saray rəhbərlərinə nə xeyri? Deyim, siz də barmağınızı qattalayın. Səhəri gün, dünəndən qalan bir çox yeməklər yenə masaların üstünə düzülür. Hələ mən içkiləri demirəm. Heç masaların üstündən yığışdırılmır. Soyuq qəlyanaltı, dondurma, daha nə bilim nələr, nələr... Vay, dədə vay!

Toy sahibi qalıb qıraqda, sarayın sahibi bir toyla üç toy yola verir. Etiraz edəndə də dodaqaltı mızıldanır ki, nə pul vermişdin, onu da masaların üstünə qoyduq.

Bu dodaqaltı mızıldanmaq ezop dilindən, bizdə isə "mus-mus deyincə, Mustafa de" deyimindən də güclüdür. Yəni, hamı elə bilir ki, sən danışırsan, ancaq heç nə demirsən. Özünə gərək olmayan sözləri başdansovdu deyirsən, yəni başdan eləyirsən ki, di get.

Bax, bir qisim adam da var ki dodaqltı mızıldanır, başdan eləyir ki, əl çək. Sonra yuxarıdakı kuratoruna zəng edib deyir: "Gördün, nə gəşəng danışdım".

Odee..., Milli Məclisdə Xanhüseyn müəllim nətəhər dodaqaltı sözlər dedi ki, nəticədə deputat qardaşlarımız düz qalan bir ilin maaşını ala bilməyəcəklər. Ellikcə, "topdan" buraxıldı Milli Məclis. Bəs nə bilmişdiniz? 125 deputatdan ən azı yüzü dodaqaltı mızıldanırdı. Amma, etiraf edim ki, bu sahədə ixtisaslaşmışdılar, usta idilər. Qəşəng və mərifətli qazanırdılar. Arada adama dodaqaltı xox da gəlirdilər.

Dodaqaltı deyəndə yadıma dodaqdəyməz düşür. Bəndəniz də bundan beşini yazıb, özü də təcnis üstündə. Bir gün mötəbər nazirin birinci müavininə bir tədbirdə söylədim ki, bəs biz "dodaqdəyməz", "dildönməz" şeir növlərilə "Ginnesin" rekordlar kitabına düz bir saat dodaqlarımız bir- birinə dəymədən şeir söyləməklə düşərik. Xalqımız da bu sahədə çox istedadlıdır. Hər ay bu rekord təzələnəcək. Gündə biri dodaqdəyməz, dildönməz yazacaq. Sən də yuxarılarda mötəbər adama çevriləcəksən. Bəs nə bilmişdin?

Deyəsən təklif onun ağlına batdı. Bir qədər düşündü və cavab verdi ki, yaxşı təklifdir, Mirzə. Sən belə elə, bunu ingilis dilinə çevirtdir, pulunu da şəxsən verəcəm, qoy sanballı və səhih olsun. Heç kimdə şübhə yeri qalmasın. O tədbirdə mənim qəhqəhəmi görəydiniz. Doğrusu, o da duruxdu. Təəccüblə soruşdu:

- Nəyə güldün, Mirzə?

Dedim, zalım oğlu, buna deyərlər başdan sovuşdurmaq, yəni bir növ dodaqaltı mızıldanmaq. Ay müəllim, bu ingilis dilinə tərcümə olunsa, day bunda dodaqdəyməzlik qalmaz, olar dodaqyapışdırmaq.

Gülüb "bax bunu düz deyirsən, Mirzə" dedi, qalsın gələn dəfəyə.

Hələ mən müxalifəti demirəm. Bəziləri elə dodaqaltı mızıldanır ki, deyirsən bunların ətəyində namaz qılmaq olar. O gün mühacir işinə görə Müsavatın bərkgedən başqanı qəzetlərə deyir ki, əgər xaricdə mənim adıma bir mülk tapsanız, sizə bağışlayacam. Buna başdan eləmək deyirlər. On-on beş il bundan qabaq bir deputatımız da elə beləcə demişdi. Dövlətimiz də sağ olsun! Axtardı, tapdı. Özü də heç bir mülk öz adına deyildi. Mələdə-mələdə hüzuruna gətizdirdi, çığırda-çığırda tutub əlindən aldı ki, bəs xalqa söz vermisən. Adam kişi olar! Nə qədər ki, sözü deməmişdin, o mülklər sənin idi. Söz ağızdan çıxdısa, daha sənin deyil. Zorla dilindən dartıb o sözü çəkib çıxartmamışdılar ki. Deməyəydin, almayaydıq, di get.

Bu başqan da heylə. Guya öz adına bir mülk yoxdur.

Keçək təzə partiya yaratmaq istəyənə. Bu HƏP və ənd (burada "ənd"i ingilis dilindən götürmüşəm, yəni, həpin sonu) partiyasının baş türemşiki nətəhər dodaqaltı mızıldanıb təşkilatını elan etdisə, artıq üçüncü şəxs HƏPƏNDdən imtina etdi. Gedənlər dedilər ki, dodaqaltı sözləri başa düşməmişik, biz orda yoxuq. Amma, məndən soruşsaydılar, təklif verərdim ki, hələ göbəyi kəsilməyən partiyanın adını belə qoysunlar: Qisas Alanlar Partiyası (QAP). Bu "qap" sözünə başınıza çox adam yığışardı. Çünki zəmanə qapaqap zəmanəsidir.

Dodaqaltı mızıldanmaq yaxşı şeydir, amma siyasətdə yox, evdə. Arvad, yaxud elə mən özüm. Evdə dava düşməsin deyə, hərəmiz özümüz üçün dodaqaltı mızıldanırıq. Heç kim, heç nə başa düşmür. Təhlükə sovuşdu, bitdi. Yoxsa evdəki fəndlərimizi siyasə gətirəndə vay halımıza olur. Bax elə baş diplomatımız kimi. Azərbaycan dilində nə deyir desin, onsuz da heç kim, heç nə başa düşmür. Axırda bir gün ingilisin dilində bundan soruşublar:

- Ay müəllim, Qarabağ kimindir?

O da dərhal mızıltını kəsib, elə ingiliscə də cavab verib.

- Əlbəttə bizim.

Hamı dərindən nəfəs alıb və deyib:

- Bunu bayaqdan de, də.

Baş diplomat da eləməyib tənbəllik, əlüstü əlavə edib:

- Bəs mən bayaqdan nə deyirdim?

Biri, o eşitməsin deyə üzünü yana çevirərək, söyləyib ki, bayaqdan dodaqaltı mızıldanırdın. Amma, öz aramızdı, məmurlar arasında ən yaxşı, səlis, aydın dodaqaltı mızıldayan Hacıbala Abutalıbov idi. Belə baxanda çox aydın danışırdı, ancaq elə başdan eləyirdi ki, bir də heç zaman üzünü görə bilmirdin, heyf, onu da əlimizdən pensiya-təqaüd küləyi alıb apardı. İndi beləsinə rast gəlmək mümkün deyil. Yeni gələnlər başdan-zaddan eləmirlər, heç dodaqaltı mızıldanmırlar da... Dalısını özünüz bilirsiniz nə yazmaq istədim.

İndi təzə seçkilər olacaq. Namizədlər qapı-qapı gəzəcəklər ki, yuxarılardan bir dəstək ala bilsinlər. Yuxarılar da kimə dəstək verməsələr, dodaqaltı mızıldanacaqlar, yəni mənlik deyil.

Vay dədə, vay! Dodaqaltı mızıldanmaq, başdan eləmək dövrü çox güclənəcək. Di gəl bundan baş çıxart.

Bu yazını da dodaqaltı mızıldana-mızıldana yazdım ki, hərə öz payını götürsün. Başa düşdünüz də?

29. 11. 19

Yunus Oğuz

P.S. "Dolanışıq - 2"-ni yazmağı unutmamışam. Gözləyirəm Milli Məclis buraxılsın, deputatları da qatım məmurların gözünə...