AXC-Müsavat qruplaşmasının faciəsi: Xəyanət, şəxsi mənafe, radikallıq...

Bir il ərzində milyardlarla dollar ziyan vurdular, taladılar, oğurladılar...

AXC-Müsavat antimilli qruplaşma hakimiyyətə gələndə onlar, ümumiyyətlə, başa düşmürdülər, anlamırdılar ki, kənd təsərrüfatı nədir. Onların məqsədi talançılıq idi, Ləl-Cavahirat Fondunu taladılar, orada bir dənə də əşya qalmamışdır, hamısını satdılar, neft bonuslarını oğurladılar. Səhv etmirəmsə, onların dövründə təqribən 20 və ya 30 milyon dollar dəyərində neft bonusu verilmişdi, oğurladılar. Sonra bunu axtarmağa başlayanda onun izi-tozu da qalmamışdı. Bir il ərzində milyardlarla dollar ziyan vurdular, taladılar, oğurladılar, öz ciblərini doldurdular, sonra da qorxaqcasına fərarilik edərək hakimiyyəti tərk etdilər, vəzifələrini dondurdular və bu gün də öz rəzil hərəkətləri ilə cəmiyyətdə ikrah hissi doğururlar.

Prezident İlham Əliyevin pambıqçılıq mövsümünün yekunları və 2020-ci ildə görüləcək tədbirlərlə bağlı müşavirədə səsləndirdiyi bu fikirlər bizi AXC-Müsavat qruplaşmasının hakimiyyət kürsüsündən bu vaxta qədər keçdiyi yola yenidən nəzər salmağa vadar etdi.

Əslində, bu qruplaşmanın Azərbaycan dövlətinə, Azərbaycan maraqlarına vurduğu zərər və zərbələri istər dövlət xadimləri, siyasətçilər, ziyalılar, istərsə də ayrı-ayrı ictimaiyyət nümayəndələri zaman-zaman tutarlı faktlarla analiz ediblər. Lakin dəfələrlə aşağılanmalarına, ifşa olunmalarına baxmayaraq, onlar hələ də öz zərərverici ampulalarında zəhər ifrazatı ilə məşğuldurlar.

Sual olunur, Azərbaycan Xalq Cəbhəsi (AXC) şinelindən çıxan, dərin böhran içərisində boğulan AXC-Müsavat qruplaşması bunca il, bunca töhmətdən sonra heçmi toparlana bilmir, heçmi nəticə çıxarmır?

Cavabını konkret bəndlərlə əsaslandırmaq olar:

Oğurluq!

Hesab edirəm ki, bu bəndin izahını Prezident İlham Əliyev daha sanballı faktlarla verib. Əlavə şərhə gərək yoxdur. Sadəcə olaraq, atalarımızın oğru özgənin malın yiyər, özünün arın sözünü xatırlatmaq istərdim...

Xəyanət!

AXC hakimiyyətinə xəyanət edən, ona qarşı çıxan elə özləri olmadımı? Əbülfəz Elçibəy ölüm yatağında canı ilə əlləşdiyi vaxtlarda onu ağır ifadələrdən ibarət silsilə məqalələr yazdıraraq təhqir etdirən Əli Kərimli deyildimi? Elçibəy sağlığında ən ağır təhqirləri Əli Kərimli və qaragüruh dəstəsindən almayıbmı? Ə.Kərimlinin rəhbərlik etdiyi "yurd"çular Elçibəyin kabinetini ələ keçirmək istəməyibmi? 2000-ci ildə Ə.Elçibəy o vaxtkı 1-ci müavini Əli Kərimlini və onun satqın dəstəsini AXCP-dən qovmaq qərarı verməyibmi? İndinin özündə AXCP çətiri altında gizlənən Ə.Kərimli Elçibəy ideyalarını yerlə bir etmirmi? Məhz bu xəyanətkar mövqeyinə görə Əli Kərimlidən imtina edən, vaxtında ondan uzaqlaşan AXCP funksionerləri azdırmı?

Bütün bunlarla yanaşı, özünü AXCP lideri adlandıran bu şəxs qaragüruhçuluğu ilə daim vətəni rüsvay etməyə çalışır. Vətənini rüsvay etmək - ona xəyanət etmək deməkdir. Bunu isə biz deyil, məşhur fransız ədibi Viktor Hüqo deyib.

Şəxsi mənafe!

Bu, AXC-Müsavat cütlüyünün ən mənfur xüsusiyyətidir. Heç bir zaman vaz keçə bilmədikləri "keyfiyyətləri" onları daim tamaha qurban verir. Müxalifətin bu cəbhəsinin bilinən və ya bilinməyən qrantları silmək üçün nələrə əl atdıqları bəlli deyilmi? Bəlkə düşünürsünüz ki, sosial şəbəkələrdə yaratdıqları süni səs-küyün, şəhər mərkəzlərindəki aksiya cəhdlərinin səbəbi xalq, millət sevgisidir? Yəqin ki, ancaq sadəlövh və dünyadan hali olmayan şəxslər belə düşünər...

Əyninə "siyasi məhbus" donu geyinərək mühacir alveri ilə məşğul olmaları da yalandırmı? Bunu ki, biz deyil, Almaniya hökuməti təsdiqlədi... Hərislik və tamah başlayan yerdə saf duyğular sona çatar. Bunu da fransız ədib Onore de Balzak deyib. Elə buna görədir ki, bu gün Azərbaycan cəmiyyətinin AXC-Müsavat cütlüyünə olan inam və etiqadı sıfra bərabərdir.

Radikallıq!

Ötən əsrdəki kimi, gözləri ancaq ağ-qara görür. Bu sindromun qurbanına çevrildiklərinə görə onlar nəinki inkişaf edir, əksinə günbəgün uçurumun dibinə yuvarlanırlar. Yaxşı şeyləri belə əyri gözlə görür, pis formada təqdim edirlər. Siyasi profillərini də unudaraq sağlam mübarizə aparmaq əvəzinə, ölkədə xaos və çaşqınlıq yaratmağa çalışırlar. Bunun üçün qeyri-qanuni əməllərindən belə çəkinmirlər.

İndi siz deyin, bu qədər isterika, paranoya və satqınlığın fonunda onlar necə dirçəlsin, necə toparlansın, necə nəticə çıxarsınlar?!

Elgün Mənsimov