Karantinin gərəkli və gərəksiz qurumları

Yunus Oğuz - Felyeton (Üşüncü yazı)

Əvvəl istədim, hətta iki yazı da yazdım, amma sonradan baxıb gördüm ki, yox aşna, bu həna, Məşədi İbad demişkən, o hənadan deyil.

Onunla ciddi yazılar dilində danışmaq olmaz, göz gör-görə qatığa elə qara deyir ki, adamın əli ağzında qalır, gözləri böyüyür. Öz-özünə fikirləşirsən ki, ayə, bu adam vaxtilə o boyda Prezident Aparatında oturan adamdır? Hə, hə... düz tapdınız. Söhbət Ənvəroviçdən gedir. İnsanlar onu harda görsəydilər, özlərini yığışdırardılar. Adam özünü elə səbrli aparardı ki... pah, az qalırdı səbri daş deşsin. Yox balam, onu vəzifədən çıxardandan, yox e... qovazadıqdan sonra, baxıb görürsən ki, bu kişidə səbr- zad yoxmuş. Səbr daşı onun oturduğu kreslo imiş. A kişilər, belə səbr daşından gərək bütün icra başçılarına paylayasan. Yoxsa ki, səbrsizlik göstərib büdcəni dağıdar, "otkat" ın sahibi olar, yararlı-yararsız əqrəbasını pul çıxan yerə, yox e, pul görünən yerə elə dürtüşdürərlər ki, ordan traktorla da dartıb çıxara bilməzsən. Bəs nə bilmişdiniz, səbr daşı belə kreslodur. Yox, daha bundan- səbr daşından yazmayım, yoxsa bəzi məmurlarımız səbr daşının da alverinə keçərlər, evimiz yıxılar. Amma qabaqcadan deyim ki, bu daşın hazırlanması formulası məndədir, heç kimə də vermək fikirim yoxdur.

Qoy Molla Nəsirəddindən bir lətifə yazım.

Bir gün Molla eşşəyinə minib küçə ilə gedirmiş. Eşşəyin də dalınca oğlu gəlirmiş. Bunu görənlər Molla məzələnmək üçün qeybət edir və

deyirlər:

-Buna bax, yekə kişidir, özü eşşəyə minib, uşaq piyada gedir.

Molla dilsiz-ağızsız heyvanın üstündən düşüb uşağı eşşəyə mindirir.

Bu dəfə də lotular məzələnirlər.

-Belə ağsaqqala nə deyəsən? Özü piyada gedir, əl boyda uşağı heyvanın üstündə gəzdirir.

Nəsirəddin eləmə tənbəllik, eşşəyin üstünə özü də minir, uşağı da tərkində otuzdurur.

Lotular baxır ki, Molla arabanın təkərinə düşüb, ("təkərə düşmək" sözünü gələn səfər anladaram) səs-səsə verirlər.

-Vay, yazıq heyvan! Bunlarda heç mürvət, insaf deyilən şey yoxdur. İki nəfər bir eşşəyin üstünə minib. Yazıq heyvan buna necə tab gətirir? Beli qırılar, çox uzağa gedə bilməz.

Molla hirslənib eşşəkdən düşür, uşağı da eşşəkdən düşürür, heyvanı qaldırıb boynuna qoyaraq deyir:

-Di dincəlin!

İndi Ramiz müəllim bu lətifədəkinə bənzəyir. Vəzifədə olanda xalqı eşşək yerinə qoyurdu, küncdə-bucaqda bunu deyirdilər, Özünü eşitməməzliyə vururdu. İndi "təkərə düşmüsən" day belə də yox! Gərək işdən gedəndə "səbr daşı" deyilən kreslonu özü ilə götürəydi. Səbr daşı olmayanda adam az qalır, publisist olsun, şair olsun, dindar olsun. Sən demə qələm əhli olmağa səbr daş qoymurmuş...

Özünü yandırdın. Balam, nə olmuşdu? Qadağan olunan şeyi özünə mərhəm sayıb da. Burda nə var ki? COVİD-19 böyük matahdır ki, onu pozmaq olmasın? Mən deyərdim ki, Ramiz müəllim bu xalqın əsl oğludur. Bu xalq indiyə qədər nəyə əməl edib ki, COVİD-in də qaydalarına əməl etsin? Ənvəroviç də bu xalqın qaydalara əməl etməyən siravi övladlarından biri. Kimlə istəyirsən mərc gəlim:

Əgər Ramiz müəllim vəzifəsində qalsadı, belə kobud səhvlərə yol verməz, toy-moy haqqında düşünməyə də vaxtı olmazdı. İnanmırsınız, yoxlayın.

Di dincəlin, a xalq! Ənvəroviçi niyə boş-bekar qoyurdunuz ki, o da elm məbədinin saytında palaz-palaz məktublar yazsın? Zatən Elmlər Akademiyası dedi-qodudan, özü də elmi səviyyədə başqa bir işlə məşğul olmur.

Nə isə... Ramiz müəllimə gərəkdir ki, səbr daşından möhkəm yapışsın, özü də qoymasın ki, bu daş deşilsin, yoxsa xalq minməyi öyrənib. Vallah, bu karantin vaxtı yararsız hala düşər. Minmək dedim, Bakı Nəqliyyat Agentliyinin şöbə müdürü Hikmət Babayev yadıma düşdü. Allah-Allah, görən belə adamları haralarda hazırlayırlar? A kişilər, altı -bazar avtobuslar işləmir, metroçular Çevik Qərargahın qapılarını yağır eləyiblər ki, bəs camaatımız, yəni işçilərimiz acından ölürlər, pul verin. Bu soxhasoxda, yəni karantinin ikinci dalğasında heç taksi söhbətinin yeri idi? Başa düşürük e..., Londondan "pomidor" taksilər gətirmisiniz, onlar üçün şərait yaratmaq lazımdır. Gözləyəydiniz karantin qurtarardı, dalınca da dünyanı barmağına dolayan İngiltərədən "bibər", yəni yaşıl taksilər də gətirəydiniz. Bu da olardı milli xüsusiyyətimiz. Alınardı üçü bir yerdə badımcan-pomidor-bibər dolması. Yaxşı bu avtobuslar da işləməyəndə əhali işinə-gücünə nə ilə gedib gəlsin? Bu qurumda oturanlar elə bilirlər ki, xalq sağmal inəkdir. Nə zaman sağsan, süd verəcək. Yox canım, bu il çox quraqlıq olub, e... İndi inəklərə verməyə quru ot da tapılmır.

Di dincəlin!

Üzü astarından betər, bunun böyükləri açıqlama da verirlər ki, bəs bu fikirlər Hikmətin şəxsi düşüncələridir. Ay-hay, sən dedin, biz də inandıq. Lap o kinodakı kimi oldu e..., Yetim uşaqların atası olmur, nəçənnik! Bizdə isə şöbə müdirinin atası var. Özü də elə var...

O kimdir ki, özbaşına mətbuata çıxsın və şəxsi düşüncəsini söyləsin? Bizdə məmurların şəxsi fikirləri olmur, nəçənnik !

Bu lap Şoyqunun (Rusiyanın savaş nazirini nəzərdə tuturam) "dörd ölkədən keçib İrəvana tikinti materialları aparırıq" deməsinə oxşadı. Kimə gəlirsiniz? "Təkərə düşməyin də..." Düşəndən sonra da dolaşa-dolaşa gedib bir yerə çıxa bilmirsiniz. Sizə də bir səbr daşı göndərəcəm ki, vəziyyəti düzəldəsiniz, həm də dincələsiniz.

Məmur vəzifəyə təyin ediləndə elə bilir ki, hər şey edə bilər. Vəzifə, pul, qohum-əqrabanı bəsləmək, sığallamaq, qarşısında söz deyəni əzib keçmək üçündür. Bunların heç biri məmur kodeksində yoxdur. Vallah, yoxdur. Nə isə.. keçən dəfə yazmışdım ki, növbədə hansı qurumlardır. Vəziyyət elə sürətlə dəyişir ki, bunlardan yazdım. Mən də "təkərə düşməmiş" gedim dincəlim.

Siz də ... Di dincəlin!