Vahid jurnalist vəsiqəsi və media reyestri

İslahatda labüd olanlar...

Təqribən bir il öncə qaranlıqdan aydınlığa çıxan Azərbaycan mediası islahatlar yolunda addımlayır. Xüsusilə bu istiqamətdə ilk addım olan KİVDF-nin ləğvi və Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) yaradılması böyük ümidlər yaradır.

Müşahidələrimiz onu göstərir ki, ortada iradə və əməli addımlar var. Proseslərin inkişafı da müsbət nəticələrin olacağı inamını artırır. Təbii ki, hər şey birdən-birə baş verməyəcək və nəticələri tezliklə gözləmək də diletanlıq olardı.

Etiraf etməliyik ki, mediamızda həll edilməyən problemlərin kökü illərə dayanır. İllərdir həll olunmayan və üst-üstə qalaqlanan problemlərin qısa zamanda həll edilməsi mümkünsüzdür. Burada vacib olan islahat prosesinin başlanması və hədəfə doğru addımların atılmasıdır. Bu günlərdə müzakirə mövzusuna çevrilən Media Reyestrinin tətbiqi və jurnalistlərə vahid vəsiqənin verilməsi məsələsi medianın yenilənməsi, müasirləşməsi və dövrün tələblərin uyğun fəaliyyəti üçün əsas məqamlardan biridir.

Məsələ bəlkə də kiçik görünə bilər, hərçənd ki, jurnalistlərə vahid vəsiqənin verilməsinin perspektivləri və digər ölkələrin təcrübəsi bunun heç də sadə məsələ olmadığını anlamağa imkan verir.

Birincisi, belə vəsiqələrin verilməsi həm də media subyektlərinin vahid uçot-qeydiyyat sisteminin yaradılmasına imkan yaradır.

Nəzərə almalıyıq ki, bu gün ölkə mediası xaotik fəaliyyətdədir və bir çox hallarda qeyri-peşəkarlar ümumi abu-havanı korlayır, peşəkarların əməyinin qiymətini azaldır, o cümlədən, müasir dünyada mühüm olan informasiya müharibəsini axsadır.

Media Reyestrinin tərtibi və vahid jurnalist kartlarının verilməsi ilk növbədə mediadakı xaotik vəziyyətin qarşısını almağa, peşəkarlığı yüksəltməyə, yeni perspektivlərin yaranmasına imkan verə bilər.

İkincisi, vahid vəsiqə jurnalistlərin özü üçün əlavə imkanlar açır. Burada qardaş Türkiyə təcrübəsini əsas götürmək olar.

Türkiyədə “basın kartı” deyilən vahid vəsiqəsnin bir sıra imtiyazları var. Misal üçün, dövlət tərəfindən tanınmış jurnalist olmaq, ictimai nəqliyyatdan ödənişsiz istifadə etmək, muzeylərə, qalereyalara və mədəni-ictimai tədbirlərin həyata keçirildiyi obyektlərə müvafiq qaydada ödənişsiz daxil olmaq, əhəmiyyətli tədbirlərə dair kütləvi informasiyanın axtarılması, əldə olunması, ötürülməsi, istehsalı və yayımı məqsədilə həmin hadisələrin baş verdiyi məkanlara daxil olmaq, dövlət orqanlarının (qurumlarının) rəsmi məlumatlarını birbaşa əldə edə bilmək, beynəlxalq xəbərləri daha rahat əldə etmək imkanı qazanmaq, rəsmi tədbirlərin həyata keçirilməsi zamanı peşə fəaliyyəti ilə əlaqədar üstünlüklərdən yararlanmaq və sairə. Bu siyahını uzatmaq da olar.



Belə bir təcrübənin ölkəmizdə də tətbiqi Azərbaycan jurnalistlərinin bir çox güzəştlərdən istifadə etməsi və peşəkar fəaliyyətində yeni imkanların yaranması ilə nəticələnə bilər.

Bununla yanaşı, vahid jurnalist vəsiqəsi əldə etmiş jurnalistlər üçün peşəkarlığını artırmaq üçün müxtəlif inkişaf layihələrində iştirak, o cümlədən onların sosial müdafiəsinə yönəlmiş tədbirlərdən yararlanmaq şansı da mümkündür.

Bütün bunlar medianın inkişafına hesablanıb. Bu gün atılan addımlar illər sonra öz müsbət nəticəsini verir. Təbii ki, peşəkar media orqanları və jurnalistlər peşəmizi qeyri-peşəkarlardan qorumaq, daha yaxşı gələcək əldə etmək üçün prosesə kömək etməyimiz şərtdir.

Vasif Həsənli

"Demokrat.az" xəbər portalının baş redaktoru