Bu reallıq gah örtülü, gah da açıq şəkildə özünü göstərirdi... Bu reallıq gah örtülü, gah da açıq şəkildə özünü göstərirdi...

Həmin suallardan bir neçəsi

Bu reallıq gah örtülü, gah da açıq şəkildə özünü göstərirdi...

Bəzən, daha dəqiqi çox vaxt bir ölkənin sənin dövlətinə necə yanaşdığı və nə umduğu onun rəsmlərinin, diplomatlarının açıqlamalarındansa jurnalistlərinin verdikləri suallarda daha aydın əks olunur. Dünən Prezident İlham Əliyevin 4 dildə keçirdiyi və Böyük Britaniyadan olan jurnalist xanımTattersalın sözləriylə desək, uzunluğuna görə artıq dünya rekordu kimi qiymətləndirilən mətbuat konfransında səsləndirilən suallarda da bu reallıq gah örtülü, gah da açıq şəkildə özünü göstərirdi. Gəlin həmən suallardan bir neçəsinə birgə diqqət yetirək.

Ukraynanın “1+1” telekanalı: Hər vaxtınız xeyir, cənab Prezident. Sizə iki sualım var. Birinci sualım kifayət qədər qısadır. Xahiş edirəm Ukrayna ilə Azərbaycanın indiki mərhələdə hərbi və hərbi-texniki əməkdaşlığının xarakterini qısaca səciyyələndirin. Azərbaycanın ərazilərini işğaldan hərbi yolla azadetmə təcrübəsini Ukrayna ilə bölüşmək imkanı varmı? İkinci sual: Ukraynada və Azərbaycanda müharibələrin xarakterində bütün fərqlərə baxmayaraq, hər halda, Ukrayna Rusiyanın təcavüzünə qarşı mübarizə aparır, bizim ortaq cəhətlərimiz çoxdur. Məsələn, işğaldan azad ediləndən sonra, yumşaq desək, qanuni hakimiyyətə o qədər də dostcasına münasibət bəsləməyən yerli əhalinin reinteqrasiyası probleminin həlli zərurəti. Siz bu problemlə üzləşirsiniz. Biz onu həll etməliyik. Sual budur. Qısamüddətli və uzunmüddətli perspektivdə Qarabağın erməni əhalisinə münasibətdə Sizin planlarınız necədir və başqa sözlə desək, Siz Qarabağ ermənilərinə nə təklif edə bilərsiniz? Vətəndaşlıq, tam reinteqrasiya, mədəni muxtariyyət və sair. Çox sağ olun.

- Rusiyanın TASS agentliyi: Hər vaxtınız xeyir, cənab Prezident. İcazə versəniz, Sizə iki sualım var. Birinci sual logistikaya aiddir. Bu yaxınlarda Füzulidə aeroport tikintisinin başlanması barədə xəbər verilib. Siz belə işlərin aparılmasını, onlara heç nəyin mane olmamasını, obyektin hansı müddətdə istifadəyə verilə biləcəyini və bu aeroportun beynəlxalq hava limanı olub-olmayacağını təsdiqləyə bilərsinizmi? İkinci sualım koronavirusa qarşı vaksinlərlə bağlıdır. Biz ümid edə bilərikmi ki, Rusiya vaksinləri Azərbaycanda qeydiyyata alınacaq?
Böyük Britaniyanın “Independent” qəzeti: Xocalı soyqırımından 29 il ötür. Azərbaycan müharibədə qalib gəlib. 29 il sonra Azərbaycanın Qarabağla bağlı hədəfi nədir? Əcnəbi əsgərlərin hələ də regionda müşahidəçi olaraq qalacağını düşünürsünüzmü? Təşəkkürlər.

Türkiyənin CNN televiziya kanalı: Bu gün mühüm bir tarixin ildönümüdür. Xocalı soyqırımı törədilərkən, Qarabağ müharibəsində dinc insanlar öldürülərkən bir çox ölkələr susdular. Burada faciə yaşanarkən dünyanın susması ilə bağlı fikirlərinizi bilmək istəyirəm. İkinci sualım isə belədir: Qarabağda hazırda hansı işlər görülür? Otuz il əvvəl torpaqlarını tərk etmək məcburiyyətində qalan insanlar gözləyirlər ki, öz yurdlarına qayıdacaqlar. Bununla bağlı tarix müəyyənləşibmi? Bir “yol xəritəsi”, plan hazırlanıbmı? Təşəkkür edirəm.

İranın Mehr agentliyi: Cənab Prezident, bu gün terrorçuluq dünya üçün təhdiddir. Qarabağ müharibəsi zamanı regionda terrorçu qrupların fəaliyyət göstərməsi barəsində xəbərlər yayılırdı. Bu isə region üçün böyük təhlükədir. Burada hansı kollektiv səylər göstərilməlidir? Bununla bağlı Azərbaycan Respublikası tərəfindən hansı addımlar atılacaqdır?

Sonuncu sualla bağlı kiçik şərh vermək istərdim. Yəqin siz də razılaşarsınız ki, rəsmi adında “İslam Respublikası” olan bir ölkənin və üstəlik də İslam İdeologiyasının Yayılması Təşkilatının(IIDO) təsisçilik etdiyi "Mehr" agentliyinin jurnalisti ilk növbədə Azərbaycan Prezidentindən soruşmalıydı ki, o, işğaldan azad edilmiş ərazilərə səfəri zamanı uçurulan, içində donuz saxlanılan məscidlərə baş çəkərkən hansı hissləri keçirir. Və onu da soruşmalı idi ki, bəzi müsəlman ölkələrinin rəsmiləri məscidləri bu hala salan Ermənistan rəhbərliyilə qucaqlaşır, öpüşür- görüşürlər ki, onunla bağlı Azərbaycan Prezidenti dəfələrlə açıq tənqid dilə gətirib, həmən ölkələrin sırasında İran da varmı. Lap sonda da PKK, YPG, PYD-çilərin və hay terorrçularının Qarabağa Yaxın Şərqdən hansı ölkə üzərindən gətirildiyi soruşulsa, bu da lap yerinə düşərdi.

Amma artıq necə bir sual verildiyini, sual verənin də necə qətiyyət və ustalıqla yerində oturdulduğunu siz gördünüz .

Sahib Alıyev,

Milli Məclisin deputatı