Tural Gəncəliyev nədən Xankəndidə ofis axtarır? Tural Gəncəliyev nədən Xankəndidə ofis axtarır?

Gözdən qaçan detal: Bakı planları alt-üst etdi

Tural Gəncəliyev nədən Xankəndidə ofis axtarır?

Azərbaycan-Ermənistan münasibətlərindəki düyün nöqtəsi olan diversantların geri qaytarılması ilə bağlı baş verənlər, prosesdə Rusiyanın vasitəçiliyi gücünün təsəvvürünün yaradılması Bakının qurduğu ssenari ilə alt-üst oldu.

İrəvan aeroportunda erməni diversantların ailələri övladlarının təyyarədən düşəcəyini gözləsə də, əvəzində yalnız Rüstəm Muradovu gördülər.

Bir sözlə, təyyarə İrəvana boş gedib. Proseslərin gedişatını və yayılan informasiyaları təhlil etsək görürük ki, Azərbaycan həqiqətən də diversantların ən azından bir qisminin geri qaytarılmasına razılıq verib, lakin bunun əvəzində tələblər irəli sürüb.

Bu nə idi?

Təhlillərdə daha çox Zəngəzur dəhlizi üzərində dayanılır. Halbuki Ermənistanın özü də dəhlizin tam gücü ilə işə düşməsinə çalışır, çünki bu, böhran içərisində olan İrəvan üçün ən əlverişli iqtisadi fürsətlərdir.

Əsas məsələ başqadır.

Fikir verək, Azərbaycan və Rusiya prezidentləri bir həftə ərzində iki dəfə danışıblar, eyni zamanda Vladimir Putinlə Nikol Paşinyan arasında aprelin 7-də Moskvada görüş keçirilib. Görüşün ictimaiyyət üçün açıqlanan hissəsində Putinlə Paşinyanın kommunikasiyaların açılmasını, hərbi əsirlərin geri qaytarılmasını müzakirə etdiyi bildirilir.

Bundan yola çıxaraq, ardınca Putinin Azərbaycan Prezidenti İlham Əliyevlə telefon danışığı hər hansı razılaşmanın – şifahi razılaşmanın əldə edilməsi yolunda ilk addımların olması barədə qənaətləri gücləndirir.
Ancaq Azərbaycanın da şərti var idi – bu, sülhməramlıların nəzarət etdiyi ərazilərdən erməni qoşunlarının çıxarılması ilə bağlı qəti və prinsipial tələbdir.

Ötən gün baş verənlər isə göstərdi ki, son anda razılaşma hansısa səbəbdən, çox güman ki, Ermənistanın “aldadıcı manevrlər mövqeyi” səbəbindən pozulub.

Ehtimal: Yəqin ki, Azərbaycan diversantların bir qisminin geri qaytarılmasına qarşılıq olaraq ilk mərhələdə ərazilərin bir qismindən erməni qoşunlarının çıxarılmasına dair Ermənistandan etibarlı zəmanət ala bilməyəcəyini vaxtında hiss edib.

Ermənistan ilk baxışda özü tələ qurduğunu düşünsə də, öz qazdığı quyuya özü düşüb. Təyyarə getməmişdən öncə, Ermənistan hakimiyyətinin hərbi əsirlərin (əslində diversant) geri qaytarılmasını sevinclə tirajlaması da hiyləgər gedişatdan xəbər verirdi. Azərbaycan isə təyyarəni boş göndərməklə Ermənistanın hiyləsini öz başına "çırpır".

Gözdən qaçan əsas detala gəlincə. Gəlin, üç gün öncə Xankəndinin deputatı Tural Gəncəliyevin Xankəndidə ofis axtardığını elan etməsinin mahiyyətində dayanan xırdalıqlara işıq tutaq. İlk baxışda bunu populizm kimi qiymətləndirə bilərik. Lakin elə deyil.

Bu, Azərbaycan hakimiyyətinin qeyri-rəsmi yollarla verdiyi mesajın təzahürləri idi.

Yəqin ki, diplomatik təmaslar zamanı Ermənistan qoşunların çıxarılmasına söz verib və hakimiyyət Tural Gəncəliyev vasitəsilə yaxın günlərdə Xankəndiyə gedəcəyimiz üçün qəti zəminin hazırlanmasını dilə gətirib.
Fikir verək, Tural Gəncəliyev o açıqlamadan sonra heç bir müsahibə vermədi, səbəb isə budur ki, proseslərin gedişatına uyğun davranacaq və hadisələri qabaqlamayacaq. Həm də yuxarı dairələrdən cənab Gəncəliyevə əlavə heç nə danışılmaması tapşırılmışdı, bir sözlə, cənab Gəncəliyev yuxarıların təlimatını gözləyirdi.

Ermənistan növbəti dəfə Azərbaycanı aldadacağını və bununla vaxt qazanacağını düşünüb, lakin Azərbaycan preventiv tədbirlər önə çıxarıb və oyuna düşməyib. Azərbaycan indi "birinci Ermənistan etsin, sonra mən" prinsipini rəhbər tutur.

Problemi həll etməyin isə hazırki durumda bir yolu var – o da antiterror əməliyyatlarıdır ki, buna da hazırlıq gedir.

Aqşin KƏRİMOV