45-ci gün: Əliyevin və müqəddəs torpaqların qayıdışı

Bakı və İrəvanı birləşdirmək planı

Mixail Qorbaçovun Əliyevə və Azərbaycana qarşı savaşı iki paralel dünyanın toqquşması idi və 20-ci əsrin qanlı mirası olan “Ohanyan xətti”nin ötən il dağılmasından sonra başa çatmış sayıla bilər. Üst-üstə 60 ildən çox sürən açıq-gizli mübarizənin şəxsi və milli xarakteri, Sovetlər Birliyi daxilində və onun kənarında müstəqil bir dövlətin həyatını izləyən “qorbaçovşina” hərəkatı-SSRİ-ni məhv edərkən onu təşkil edən subyektlər arasında silahlı toqquşma və milli nifrətin günbəgün alovlandırılması, qlobal imperializmlə birgə mərkəzi hakimiyyətin əzici tırtılları altında qalan “qardaş” respublikalar, eləcə də şəxsi ədavətin dövlət kursuna çevrilməsi, siyasi rəqiblərin linç edilməsi, sistemli informasiya terroru ilə başlayan SSRİ-nin çöküşü əslində sürünən müharibə kimi düz 30 il uzanaraq faktiki ikinci Qarabağ müharibəsində Azərbaycanın tarixi qələbəsi ilə məntiqi sonluğuna çatdı və bununla da Əbədi əhd kitabına daxil oldu. Onu dərindən öyrənməyə dəyər, çünki hər səhifəsi dövlət və millət dərsliyidir.

Bəli, imperiyanın süqutunu gətirən səbəblər, 2020 və 1985-ci illər arasındakı zaman çarxını geri çevirməklə azərbaycanlıların timsalında öz taleyini dəyişməyi bacaran qəhrəman bir xalqın əsrlərə sığmayan əzmkarlığını və ədalət uğrunda misilsiz mübarizəsini görürsən, ona yazılan kənar ssenariləri necə mərdliklə dağıtdığına şahid olursan.

Eynilə Əliyev-Qorbaçov qarşıdurmasında da quruculuq və dağıdıcılığın, müdriklik və qorxaqlığın, xeyirxahlıq və xəbisliyin, mərdlik və xainliyin zəngin qalereyası, bir-birini əvəzləyən qələbə və məğlubiyyətlərin acı dramaturgiyası ilə üz-üzə qalırsan. Hər iki səhnədə cərəyan edən hadisələr bir-birilə o qədər bağlıdır ki, hansı halda dünya çəkili lideri məhv etmək planının işləndiyini, onun paralelində digər səhnədə 70 illik quruluşu dağıdanların Azərbaycanı diz çökdürmək, onun iradəsini qırmaq və qlobal mərkəzlərin-siyasi və lobbi dairələrinin qarşısında zəif salmaq planlarını bir-birindən ayıra bilmirsən.