İran Azərbaycanla yeni səhifə açır?

Tehran qəbul edir ki, əsas həlqə Zəngəzur dəhlizidir

Azərbaycanın ikinci Qarabağ müharibəsində əldə etdiyi zəfərdən sonra regionda əhəmiyyəti artıb. Dövlətlərin dəyişən mövqeyi də göstərir ki, Azərbaycan Qafqaz regionunda söz sahibi olan ölkəyə çevrilib və hətta güclü dövlətlər belə onunla hesablaşır, xarici siyasətlərini Bakının milli təhlükəsizlik maraqları kontekstində qurur. İranla Azərbaycan münasibətlərində yeni səhifənin açılması da bunun bariz nümunəsidir.

Yanvarın 25-də İran İslam Respublikasının Yol və Şəhərsalma naziri, Azərbaycan-İran Hökumətlərarası Birgə İqtisadi Əməkdaşlıq Komissiyasının həmsədri Rüstəm Qasemi və onun rəhbərlik etdiyi heyət Azərbaycana səfər edib. Bundan öncə Aşqabad zirvəsində İran və Azərbaycan liderləri arasında xoş dialoqdan, ardınca İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahianın dekabrın 22-də Azərbaycana gəlişindən sonra bu səfər əslində gözlənilən idi. İran XİN başçısı Bakıda aeroportda jurnalistlərə müsahibəsi zamanı da bildirmişdi ki, bundan sonra iki ölkə arasında çoxlu sayda iqtisadi, ticarət və mədəni heyətlərin səfərləri olacaq. Heyətin Füzuli hava limanından Azərbaycana gəlməsi də səfərin geosiyasi əhəmiyyətini artıran amillərdəndir.

Səfər çərçivəsində əhəmiyyətli görüşlər keçirilib. Gələcəkdə enerji, tranzit, təsərrüfat və digər sahələrdə əməkdaşlığın genişləndirilməsinə dair müzakirələr aparılıb. Astaraçay üzərində yeni körpünün təməli qoyulub. "Xudafərin" Su Elektrik Stansiyasının inşa edilməsi, Şimal-Cənub nəqliyyat dəhlizinin yaradılması ilə bağlı müzakirələr isə iki ölkə arasında əməkdaşlığın perpektivlərinin artdığından xəbər verir. O cümlədən, İran nümayəndə heyətinin Zəngilan rayonuna səfəri çərçivəsində Zəngəzur dəhlizinin tərkib hissəsi olaraq inşa etdiyimiz nəqliyyat layihələri ilə tanış olması, bu səfər daxil olmaqla son görüşlərdə məhz Şimal-Cənub xətti, Zəngəzur dəhlizi məsələlərinin masada olması Tehranın yeni reallıqlardan faydalanma istəyini göstərir və bir daha təsdiq edir ki, Azərbaycanın İran üçün əlahiddə önəmi var.

İran yaxşı anlayır ki, lüzumsuz, qeyri-adekvat mövqe heç bir tərəfə faydalı heçnə qazandırmır. Əksinə, bu ritorika ilə Azərbaycan kimi perspektivli siyasi, iqtisadi tərəfdaşını itirmiş olur. Bu, ABŞ, Avropa və İsrail tərəfindən sanksiyalara məruz qalan bir dövlətin gələcəyi üçün yaxşı heçnə vəd etmir. İran Azərbaycanın regionda yaratdığı yeni geosiyasi reallığı yaxşı anlayır, bölgədə yeni siyasi atrxitekturanın memarının Azərbaycan olduğunu görür. Zəngəzur dəhlizi ilə bağlı hər nə qədər qeyri-obyektiv fikirlər səsləndirilsə belə, Tehran qəbul edir ki, Egeydən Sakit okeana türk yolunun əsas həlqəsi Zəngəzur dəhlizidir. Çünki, Çindən başlayaraq iqtisadi-mədəni xətt Zəngəzur üzərindən Türkiyə və oradan Avropaya gedəcək. Turan qapısı adlanan Zəngəzur dəhlizi təkcə türk birliyinə deyil, həm də region ölkələrinin iqtisadi inkişafına xidmət edəcəkdir. Əslində Ermənistan bunu anlasa və icra etsə, onun özü üçün də çox əhəmiyyətlidir. Çünki Ermənistan regional subyekt kimi artıq əhəmiyyətini itirib. Faktiki blokada vəziyyətindədir. Revanşist və təcavüzkar siyasəti nəticəsində iqtisadi layihələrdən kənarda qalıb.

Ermənistanın da “ağıllanması” üçün bölgə ölkələri ilə əməkdaşlıq perspektivlərimizin güclənməsi labüddür. Bu məsələ elə İran-Azərbaycan münasibətləri baxımından da əhəmiyyət daşıyır. Yəni, Azərbaycanın İranla münasibətlərinin yaxşılaşması və yaxınlaşması Ermənistan faktoru baxımdan çox vacibdir. Çünki, İran Ermənistan üçün nəfəslikdir. İranın Azərbaycanla münasibətləri qəlizləşəndə İrəvanın nəfəsliyi daha da açılır. Odur ki, bundan sonra yalnız əlaqələri müsbət istiqamətdə inkişaf etdirmək Bakı və Tehranın işinə yaraya bilər.

Ümumilikdə isə, qonşularla destruktiv münasibətlərin qurulması Azərbaycanın xarici siyasət prinsiplərinə, 1993-cü ildə təməli qoyulmuş tarazlaşdırılmış siyasətin meyarlarına ziddir. Əməkdaşlıqdan, yaxınlaşmadan hər iki dövlət qazanır.

Təsadüfi deyil ki, son 5 ildə Azərbaycan və İran prezidentləri arasında 12 görüş olub, 100-dən çox qarşılıqlı səfər həyata keçirilib, 24 biznes forum və işgüzar görüş reallaşdırılıb. İndiyədək ölkələrimiz arasında 150-dən çox sənəd imzalanıb. Azərbaycanda sənaye, tikinti, xidmət, rabitə, ticarət, nəqliyyat, kənd təsərrüfatı və s. sahələrdə 1000-dən çox İran şirkəti qeydiyyatdan keçib. Bu minvalla əlaqələrin də daha da gücləndirilməsi sülh və sabitliyə töhfə verməklə, müasir mərhələdə bölgədə qonşu dövlətlər münasibətlərinin nümunəsinə çevrilə bilər.

Züriyə QARAYEVA,

AzNews.az analitik-informasiya portalının siyasi şərhçisi