Bakı addım-addım hədəflərinə nail olur

Qarabağdakı bir ovuc separatçı Moskvaya üz tutub

Ermənistanın baş naziri Nikol Paşinyanla çətə lideri Araik Arutyunyan arasında çəkişmə var. Qarabağdakı separatçı rejim sülhə qarşı olduğunu açıq şəkildə bildirir. Hər zaman erməni separatizmini dəstəkləyən Qərb isə bu dəfə fərqli ritorika yürüdür. Cənubi Qafqazda sülh tərəfdarı olduğunu hər vəchlə göstərməyə çalışır. Bunu ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Ned Prays jurnalistlər üçün keçirdiyi brifinqdə deyib. Üstəlik ABŞ Dövlət Departamentinin Demokratiya, İnsan Hüquqları və Əmək Bürosunun 2021-ci il dünya ölkələrində insan hüquqlarının vəziyyətinə dair illik hesabatının Ermənistan ilə bağlı hissəsində İkinci Qarabağ müharibəsi zamanı Ermənistan silahlı qüvvələri tərəfindən beynəlxalq hüququn və Cenevrə Konvensiyasının pozulması faktları öz əksini tapıb.

Bütün bunlar əlbəttə ki, Bakının strateji addımlarının nəticəsidir. İrəvanla “Artsax” arasında parçalanmanın da səbəbi elə uğurlu Azərbaycan diplomatiyasının bəhrəsidir. Ermənistan hakimiyyəti də, cəmiyyəti də, onları “Dənizdən dənizə” uzanan xəyallarına inandıran hamiləri də həqiqəti 27 sentyabrda görmüşdülər. Sadəcə hələ də havadarlarına güvənərək şərtləri dəyişə biləcəklərinə ümid edirdilər. Bugün o ümid işığı da sönüb artıq. Ona görə yox ki, havadarlar artıq erməniləri dəstəkləmək istəmir. Ona görə ki, dəstəkləyə bilmirlər. Bu zamana qədər edə bildikləri tək şey erməniləri siyasi avantüraya sürükləməkdən başqa bir şey olmadı. Bugünlərdə Paşinyanın çıxışları da məhz bu acı həqiqətləri erməni cəmiyyətinə anlatmağa hesablanıb. Elə separatçı Arayik Arutunyanla toqquşması da cəmiyyətə ımesajd: “Bu quldurların varlığı sonumuzu gətirir” mesajı...
Hakimiyyət də, xalq da anlıyır və anlamalıdır ki, ölkələrinin qurtuluşu Azərbaycanın əlini sıxmaqdan keçir. Ermənistan baş naziri Nikol Paşinyan parlamentdə 30 ildir ki, ermeni cəmiyyəti və siyasi elitası üçün qəbul edilməyən ciddi mesajlar verməsi göstərir ki, İrəvan üçün əsas çıxış yolu Azərbaycanla normal əlaqələr qurmaq və Qarabağ iddialarından əl çəkməkdir. Lakin prosesi çox uzatsalar yeganə xilas qapılarını da üzlərinə bağlamış olacaqlar. Çünki, Azərbaycanın sülh təklifi daima masa üzərində qalmaya bilər və dünyada baş verən kardinal geostrateji proseslər kontekstində elə reallıq yarana bilər ki, bu dəfə Ermənistan yalnız ərazisi hesab etdiyi torpaqları deyil, dənizdən-dənizə xəyalları deyil, dövlətçiliyini də tamamilə itirə bilər. Bütün bunları kapitulyant ölkənin lideri Paşinyan çox yaxşı başa düşür. Ona görə də Qarabağ separatçılarını Ermənistanın gələcəyi üçün qurban verməyə hazırdır. Bu məqamda separatçıarın da sonunun yaxınlaşdığını görmək mümkündür. Ona görə yox ki, indiyədək himayədarlıq edən qüvvələr sehirli çubuğun təsiri nəticəsində beynəlxalq hüququn prinsiplərini pozmamağa başladılar. Ona görə ki, Azərbaycan diplomatiyasının hünərini artıq aşkar şəkildə görüb qəbul edirlər.

Demək olar ki, rəsmi İrəvan “status” məsələsindən geri çəkildi. “Artsax respublikası” Ermənistan üçün bitdiyi vurğulandı. Ermənistan Beynəlxalq müstəvidə bu məsələni müzakirə etməyəcək. Hazırda Qarabağdakı bir qrup separatçı Moskvaya üz tutub. Rusiyanın bir qrup separatçılara görə, Azərbaycan və Türkiyə ilə münasibətlərini gərginləşməsi Kreml üçün ağılsız olar və proseslər əleyhinə işləyə bilər. Rusiyada reallıqları qəbul etmək məcburiyyətindədir. Moskva Minsk Qrupundakı nümayəndəsini Ermənistan və Azərbaycan arasında əlaqələr üzrə təyin etsə də proseslər Brüssellə davam edəcək. Moskvanın fəaliyyəti pozuculuq xarakterli olduğu üçün Bakı və İrəvan Moskvadan məsafəli davranacaq. Məhz parlamentdə Rusiyanın Qarabağla bağlı təklif etdiyi siyasətini Paşinyan qəbul etməyəcəyi anonsunu verdi. Bundan sonra, Rusiya və Ermənistan arasında münasibətlər gərginlik müstəviyə keçir. Moskvanın təzyiqləri fiaskoya uğrayır. Bu məqamı nəzərə alaraq hesab edirəm ki, Ankara İrəvan təması güclənə və yaxın gələcəkdə əlaqələrin inkişafı Ermənistanın Türkiyənin orbitinə keçməsini sürətləndirə bilər. Təmasların hansı cəbhədə güclənməsindən aslı olmayaraq isə, Xankəndində Azərbaycanın suverenliyi bərpa ediləcək. Regionda yeni geosiyasi reallıqlar Azərbaycanın maraqlarına uyğun icra olunacaq.

Züriyə Qarayeva