Dəhliz və dəmir yolu mütləq açılacaq. Ancaq axırıncı vaqonun arxasına baxa baxa qalanlar sonra özlərindən küssünlər Dəhliz və dəmir yolu mütləq açılacaq. Ancaq axırıncı vaqonun arxasına baxa baxa qalanlar sonra özlərindən küssünlər

Prezidentin "Nəyi nə vaxt etməyi biz yaxşı bilirik!" ifadəsi gerçəkdə təsdiqini tapır

Dəhliz və dəmir yolu mütləq açılacaq. Ancaq axırıncı vaqonun arxasına baxa baxa qalanlar sonra özlərindən küssünlər

Yuxarı Qarabağda zirvələrin anriterror əməliyyatı ilə tam nəzarətə götürülməsi, Laçın dəhlizinə alternativ yolun çəkilməsi ilə ətraf kəndlərdə qanunsuz məskunlaşmış ermənilərə 3 kəndin və Laçın şəhərinin boşaldılması üçün vaxt qoyulması Azərbaycanın Şərqi, eləcə də Qərbi Zəngəzur strategiyasının tərkib hissəsidir. Qarabağ erməniləri ölkə rəhbərliyinin bu prinsipdən dönməyəcəyini anlayaraq vətəndaşlıq istəyi ilə bağlı mesajlar verməyə başlayırlar.

Bütün son proseslərlə birbaşa əlaqəsi olan bir məsələyə də aydınlıq gətirmək istəyirəm. Bu günlərdə "Azərbaycan Qaçqınlar Cəmiyyəti" ictimai birliyi transformasiya olunaraq "Qərbi Azərbaycan İcması" adlı qeyri-kommersiya təşkilatına çevrildi. Yəni, ölkə rəhbərliyinin uzaqgörən siyasəti həm də Qərbi və Şərqi Zəngəzurun da daxil olduğu bütöv bir Qərbi Azərbaycan konsepsiyasının palitrasıdır.

Zaman zaman öz dədə baba torpaqlarından qovulmuş, sıxışdırılmış və deportasiya olunmuş soydaşlarımızın hüquqlarının beynəlxalq müstəvidə bərpası, onlara qarşı cinayətlər törətmiş erməni millətçilərinin və o vaxtkı Ermənistan SSR-in hazırda varisi olan Ermənistan respublikasının beynəlxalq hüquq müstəvisində məsuliyyətə cəlb edilməsi üçün əlimizdən gələni etməliyik.

Son 220 il ərzində əzəli Azərbaycan torpaqlarında ermənilərin və onların havadarlarının soydaşlarımıza qarşı deportasiya, soyqırımı, etnik təmizləmə, bu ərazilərdə Azərbaycan türklərinin mədəni irsinin və izinin məhv edilməsi siyasətinin ifşası, eləcə də Qərbi Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması ön plana çəkilməlidir. Son 2 əsrdə Qərbi Azərbaycandan etnik təmizləmə nəticəsində dünyanın müxtəlif ölkələrinə səpələnən, o cümlədən müasir Azərbaycanda yaşayan Qərbi Azərbaycan türklərinin, onların varislərinin ümumi sayı 5 milyonu ötmüşdür.
Yəni, prezident İlham Əliyevin "Biz dədə baba torpaqlarımız olan Göyçəyə, Zəngəzura, Vedibasara və İrəvana qayıdağıq" xitabının başlanğıcı artıq artıq qoyulmuşdur.

Əslində o taylı, bu taylı Azərbaycanın parçalanmasının səbəbkarlarından biri olan Rusiya dövlətinin Tovuz olayları zamanı ermənilərə silah göndərməsi barədə prezident İlham Əliyevin Putinə eyham vurması,1994-cü ildə mərhum prezident Heydər Əliyevin Füzuli bölgəsinə yoxlama səfəri zamanı ermənilər tərəfdən əraziyə atılmış minanın İran istehsalı olduğunu Tehrana səfəri zamanı Rəfsəncaniyə göstərməsi faktının özəl televiziyada qabardılması, Qazaxıstan neftinin Azərbaycan vasitəsi ilə dünya bazarına çıxarılması barədə razılaşma, Özbəkistanla sıx əməkdaşlıq müqavilələri və Türkiyə ilə hərbi alyans tendensiyaları gələcəyə hesablanmış dövlətçilik strategiyamızın heç də darçərçivəli olmadığının göstəriciləridir.

Azərbaycan üzərindən İran və Türkiyəyə nəqliyyat kommunikasiyalarının açılmasının aktuallığı müəyyən kritik həddə çatıb. Dünyada elə yüklər var ki, onları təyyarə və avtomobil konteynerləri ilə daşımaq son dərəcə çətin olur, halbuki dəmir yolu bu halda ən etibarlı variantdır. Azərbaycan, İran və Rusiya nümayəndələrinin görüşünün məsələnin irəliləməsinə kömək edəcəyi gözlənilir.

Tranzit və gömrük məsələlərini, Şimal-Cənub nəqliyyat dəhlizinin marşrutlarının şaxələndirilməsini, həmçinin, dəmir yolu terminalının hazırkı vəziyyətini və yeni sərhəd körpülərinin layihələrini nəzərdən keçirəcəklər. Bu isə onu deməyə əsas verir ki, Putinlə Rəisi arasında Tehranda bağlanan və Bakı ilə paralel olaraq razılaşdırılan sazişlər yeni icra mərhələsinə qədəm qoyur. Şimal-Cənub layihəsinin özü dünən düşünülməmişdi və ildən-ilə tədricən həyata keçirilirdi, lakin indi onun tam işə salınması bütün regional oyunçular, xüsusən də Rusiya üçün aktuallıqdan daha artıqdır. Deməli, bu istiqamətdə işlərin intensivləşdirilməsinə ehtiyac son dərəcə yüksəkdir.

Lakin Zəngəzur dəhlizi Ermənistanın uğursuz ambisiyalarının simvolik elementinə, onun təslim olmasının bariz göstəricisinə çevrilib. Baxmayaraq ki, o, regionda inteqrasiyanın ən mühüm halqasına çevrilə bilər ki, bu da ölkəyə inanılmaz gəlirlər vəd edir.

Amma Ermənistan özünün revanşist istəkləri ilə bu faktı tam dərk etmək üçün görünür, sadəcə olaraq hələ tam yetişməyib, onu sıxışdırmaq və yönləndirmək lazımdır. Ola bilsin ki, Azərbaycan, İran və Rusiya nümayəndələrinin görüşü belə bir stimullaşdırıcı məqama, Ermənistana təzyiq alətinə çevriləcək, əlbəttə ki, tədbirin bütün iştirakçıları vahid mövqedə razılaşsalar.

Əgər Rusiya və Azərbaycan hiss etsələr ki, İran bu məsələni gecikdirir, onda Zəngəzur dəhlizinin Rusiyanı Azərbaycandan keçməklə Türkiyə və Ermənistanla birləşdirən dəmir yolu əlaqəsi kimi aktuallığı, şübhəsiz ki, Moskva üçün daha da artacaq.

Zəngəzur dəhlizi ilə bağlı İranın təhdid xarakterli bəyanatlarına gəlincə, bunlar əsasən ermənilərin Qarabağ iddialarına cavab olaraq Azərbaycanın Zəngəzur üzərində öz nəzarətini bərqərar edə biləcəyi və bununla da, İranın Ermənistanla ümumi sərhədini itirəcəyi qorxusu ilə bağlıdır. Türkdüşməni molla Xomeneyinin "İran-Ermənistan sərhədi min illər mövcud olub" kəlamı savadsız bir ifadə kimi türkəfobiyadan başqa bir şey deyildir.

Dəhliz və dəmir yolu mütləq açılacaq. Ancaq axırıncı vaqonun arxasına baxa baxa qalanlar sonra özlərindən küssünlər.

Züriyə Qarayeva

AzNews.az saytının siyasi şərhçisi