Azərbaycanın bütövlüyü və artan qüdrəti Türk Birliyinin sarsılmaz rəhnidir

Azərbaycan tarixən türk varlığının əsas məkanı və türk düşüncəsinin əsas ilham qaynağı olmuş, türk dünyası ilə bağlı əksər ideyalar və təşəbbüslər ölkəmizdən, mütəfəkkirlərimizdən qaynaqlanmışdır. Türk dünyasının şah damarı olan Azərbaycan türkçülüyün ideya babalarının vətəni olduğu kimi, bugün də türk dünyasının birliyinə töhvə verən liderlərin vətənidir. Ulu öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” ifadəsi, iki türk dövləti arasında olan qardaşlıq münasibətləri bu gün digər türk dövlətləri ilə intensiv əməkdaşlığa da sirayət edib. Ümummilli lider hakimiyyətə gələrkən yalnız dövrünün reallıqlarına uyğun siyasət yürütməyib, fenomenal strateq olaraq gələcək perspektivləri də doğru proqnozlaşdıraraq, 10 illiklər sonrakı hədəflərə doğru səmərəli addımlar atıb. Tarazlaşdırılmış siyasət konsepsiyası ilə konstruktiv əlaqələrə önəm verən Heydər Əliyevin türk dövlətləriylə də qurduğu dinamik əməkdaşlıq, bu kursun layiqli davamçısı İlham Əliyevin müvafiq siyasəti də uğurla aparması 2009-cu ildə təşkilatın əsasının qoyulması üçün zəmin yaratdı. “Dildə, fikirdə, işdə birlik” fikrinin ideyadan praktikaya keçdiyi 93-cü ildən bəri aparılan ritorika türk dövlət başçılarının 2009-cu ildə Naxçıvanda keçirilmiş Zirvə görüşündə türkdilli dövlətlər arasında hərtərəfli əməkdaşlığın dərinləşməsi, ortaq bağların və ənənələrin unutdurulmaması, regionda sülhün möhkəmləndirilməsi məqsədilə “Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yaradılması haqqında Naxçıvan Sazişi”nin imzalanması ilə nəticələndi.
Sonradan Türk Dövlətləri Təşkilatı adlanan bu qurumun təsis olunması dəyişən dünya nizamının yeni çağırışlarına cavab verən institusional quruma çevrildi. Məlumdur ki, artıq dünyada beynəlxalq düzən ayrı-ayrı super-güclərin qütbləşməsi ilə deyil, artan və intensivləşən, qloballaşma kontekstində arealı daha da genişlənən təhdidlər, sürətli silahlanmaya qarşı mübarizədə regional güclərin formalaşması ilə nizamlanır. “Türkün türkdən başqa dostu yoxdur” tezisi bu regionda türk dövlətlərinin birləşmə ehtiyacının nə qədər yüksək olduğunu sübut edir. Dünya sivilizasiyasına böyük töhfələr vermiş türk ölkələrinin güclənməsi, birləşməsi üçün isə təşkilatlanma labüd idi. Təşkilatlanmanın icrasından sonra isə növbəti addım düzgün koordinasiyanın həyata keçirilməsiydi. Bu yöndə də ölkəmiz cənab İlham Əliyevin konstruktiv siyasəti nəticəsində lokomotiv üzv rolunu daşımağa davam etdi. Dayanıqlı baza üzərində formalaşan bu siyasət nəinki ölkəmizə, bütünlükdə türk coğrafiyasına töhvələr verir və verməyə davam edəcək. Ölkəmiz Türk Dövlətləri Təşkilatının təsisçi dövlətlərindən biri kimi daim təşkilat çərçivəsində əməkdaşlığın daha da inkişafı məqsədilə mühüm təşəbbüslərlə çıxış edib. Təsadüfi deyil ki, 2021-ci ildə İstanbul Zirvə görüşündə Azərbaycan ərazilərinin işğaldan azad edilməsini və ərazi bütövlüyünün bərpasını təmin edərək Türk birliyinə mühüm töhfə verən və bölgədə davamlı sülh və sabitliyin əldə olunmasına yol açan tarixi Qələbəyə görə Prezident İlham Əliyev “Türk Dünyasının Ali Ordeni” ilə təltif edilib.
Azərbaycan Türk dövlətlərinin iqtisadiyyatına 20 milyard ABŞ dollarından çox sərmayə qoymuşdur. 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə, 2023-cü ilin yanvar-sentyabr aylarında Azərbaycanın Türk dövlətləri ilə ticarət dövriyyəsi 40 faiz artmışdır. Azərbaycan Mərkəzi Asiya ölkələri ilə Türkiyə və Avropa bazarları arasında etibarlı tranzit ölkə kimi özünü təsdiqləyib. Azərbaycan Şərq-Qərb nəqliyyat dəhlizinin dayanıqlı fəaliyyətinə öz dəyərli töhfəsini verir. Bu töhvələrdən biri olan, Türk coğrafiyasının birləşməsi perspektivini yaradan Zəngəzur dəhlizi ölkələrin birliyinə qarşı yazılmış ssenarilərə kökündən zərbə endirir. Zəngəzur dəhlizinin açılması Türk dövlətləri ilə tranzit əlaqələrinin inkişafına şərait yaradacaq, nəqliyyat sahəsində yeni layihələrin həyata keçirilməsinə imkan verəcək. İqtisadi göstəricilər hazırkından qat-qat daha yüksək olacaq. Bu imkandan yalnız Türk dövlətləri yararlanmayaq və beləcə, bu coğrafiya, qlobal məkanın “heartland”i olmağa davam edəcək.
Noyabrın 3-də Astanada Türk Dövlətləri Təşkilatının “Türk Əsri” çağırışı altında keçirilən 10-cu yubiley Zirvə görüşü isə ölkələrimiz arasında əməkdaşlığın güclənməsi, təşkilatın möhkəmlənməsi baxımından faydalı olmaqla yanaşı, türk dünyasında Azərbaycanın yerinin və rolunun xüsusilə vurğulandığı növbəti platforma oldu. Digər türk dövlətlərinin rəhbərlərinin İlham Əliyevi qazandığı uğurlardan dolayı təbriki, bu uğurların həmrəyliyin təkanvericisi olduğunu vurğulaması bir daha ölkəmizin bütün sahələrdə davamlı və dayanıqlı inkişaf yolu tutaraq əhəmiyyətli ölkələr sırasında olduğunu təsdiqlədi. 21-ci əsrin Türk Əsrinə çevrilməsində fövqəladə rolu olan, türk birliyinin aradan qaldırılması üçün 200 il öncədən bəri bölgədə icra edilən ssenariləri darmadağın edən Azərbaycan ərazi bütövlüyünü təmin etməklə hüququn güc amilini möhkəmləndirməklə yanaşı, bu prinsipin türk coğrafiyasında prioritet olduğunu da sərgilədi. Separatizmi bölgədən tamamilə yox edən Azərbaycan bu istiqamətdə nümunə yaradaraq, bütövlükdə təşkilat üçün müvafiq istiqamətdə təşəbbüslər irəli sürən üzvə çevrildi. Təsadüfi deyil ki, Astana sammitində cənab İlham Əliyev təhlükəsizlik, müdafiə və müdafiə sənayesi kimi sahələrdə əməkdaşlığın daha da artırmasının əhəmiyyətinin vurğulayıb.
Azərbaycanın güclü diplomatiyası, rəşadətli ordusu, regionda qazandığı strateji uğurlar Türkün gücünün payidar olduğunun bir daha isbatına çevrildi.

Züriyə Qarayeva
Aznews.az portalının siyasi şərhçisi