Ermənistanın təxribatlarda məqsədi

Ermənistan Azərbaycana qarşı həm sahədə, həm diplomatiya cinahında təxribatlara davam edir. Ermənistan silahlı qüvvələri növbəti dəfə təxribat törədib. Fevralın 12-də ESQ-nin hərbi təxribatı nəticəsində Azərbaycanın Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu yaralanıb. Prezident İlham Əliyev yerli mediaya müsahibəsində son 4-5 ayın ən sabit dövr olduğunu bildirmişdi. Ermənistan isə bu sabitliyi növbəti dəfə pozdu.

Ən son Zəngilan istiqamətində ordumuza atəş açılması sərhəddə eskalasiya yaratmaq istəyinin təzahürüdür. Qarşı tərəf və ona havadarlıq edən güclər çox yaxşı anlayır ki, hər bir təxribatın Bakə tərəfdən adekvat cavab reaksiyası olacaq. Beləcə, ordumuzun cavab atəşinə “hücum” donu geyindirərək həm beynəlxalq arenada nüfuzunu aşağı salmağa, həm də bu ad altında “mülki” adı verdikləri müşahidə missiyasının tərkibini genişləndirməyə çalışırlar. Bu invalla Ermənistanda 1997-ci ildən mövcud olan hərbi bazaya alternativ Qərbə məxsus analoji birləşmələr yaradılmağa çalışılır. Hədəf bölgədə günü-gündən nüfuzu artan Azərbaycan və Cənubi Qafqazda dayaqlarını möhkəmləndirən Rusiyadır. Ermənistan isə sadəcə platsdarm. Təxribat istiqamətinin məhz Zəngilan seçilməsi də təsadüfi deyil. Demək ki, qıcıq yaradan proseslərdən biri həm də kommunikasiya əlaqələrinin açılmasıdır. Zəngəzur dəhlizi ölkəmizə və bütövlükdə regiona dividientlər qazandırmaqla yanaşı, Rusiyanı da blokada vəziyyətindən çıxara, eləcə də, Ermənistanla əlaqələrin dərinləşməsinə səbəb ola bilər. Qarşıdurma mühiti formalaşdırıldıqca sülh prosesi dalan dirədilir, beləcə kommunikasiyaların açılması ləngidilir. Həmçinin, Rusiyanın Ermənistanı “qorumaması” səbəb göstərilərək Moskva orbitindən kənarlaşdırılması və Qərb tərəfdaşlarına ağırlıq verilməsi gücləndirilə bilər. Ermənistanın məqsədli şəkildə delimitasiya və demarkasiya işlərini uzatması, Azərbaycanla sülh sazişi ilə bağlı müzakirələr üçün görüşülməsi, qarşılıqlı şəkildə anlaşmanın gecikdirilməsi, son dövrlər Nikol Paşinyan da daxil olmaqla, Ermənistan hökumətində təmsil olunan şəxslərin verdiyi təxribat xarakterli açıqlamalar Azərbaycanla Ermənistan arasında vəziyyətin bu həddə gəlib çatmasına səbəb olub. Rusiya isə vəziyyətin gərginləşməsində maraqlı deyil. Hərçənd, Rusiya sülhməramlıların Qarabağdan çıxmamasını istəyir. Hətta sülhməramlıların statusu ilə bağlı Azərbaycanla danışıqların aparılacağı barədə açıqlama verildi. Odur ki, vəziyyəti gərginləşdirməklə sülhməramlılara ehtiyac olduğu görüntüsü yaradıla bilər. Hər iki halda təxribat Ermənistanın maraqlarına cavab vermir. Onlar hələ ki, milli maraqları mövqeyindən çıxış edə bilmirlər.

Züriyə Qarayeva

Aznews.az portalının siyasi şərhçisi

QEYD: Məqalə Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük “Vətən Müharibəsi”ndə qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması sahəsi üzrə hazırlanmışdır.