• COP29
  • 8 Mart 13:40
  •  11 342

30 ölkədən 107 QHT Azərbaycana COP29-la bağlı dəstək bəyanatı verib

Sağlamlıq, ətraf mühit və iqlim dəyişmələri məsələləri üzrə ixtisaslaşmış, ümumilikdə 106 ölkədən 2300 QHT-ni özündə birləşdirən Afrika Səhiyyə Təşkilatları Assosiasiyası (The Afrihealth Optonet Association (AHOA) Azərbaycana COP29-la bağlı dəstək bəyanatı verib.

Aznews.az xəbər verir ki, bəyanatı AHOA-nın rəhbəri Uzodinma Adiriece imzalayıb. AHOA-ya üzv və tərəfdaş olan 30 ölkədən 107 QHT də müraciətə qoşulub.

Bəyanatda AHOA-nun Azərbaycanın iqlim dəyişmələri ilə bağlı qlobal fəaliyyətdə nümayiş etdirdiyi həqiqi fədakarlığı və liderliyi alqışlanıb, bütün dünyanı iqlim dəyişikliyinə qarşı mübarizə aparmaq üçün COP29-un yaratdığı tarixi fürsətdən istifadə etməyə çağırdığı qeyd edilib.

Sənəddə vurğulanıb ki, Azərbaycanda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) yaxınlaşdığı dövrdə AHOA rəhbərliyi, üzvləri və tərəfdaşları olaraq, qlobal ictimaiyyəti dayanıqlı və sağlam gələcəyə doğru istiqamətləndirmək kimi mühüm vəzifəni öhdəsinə götürən COP29 prezidentinə və ev sahibi ölkə olan Azərbaycana dəstətiyini ifadə edib:

"Planetimizin üzləşdiyi ekoloji problemlərdən dərindən narahat olan AHOA COP29 rəhbərliyinin, Azərbaycanın iqlim dəyişmələri ilə bağlı qlobal fəaliyyətdə nümayiş etdirdiyi həqiqi fədakarlığı və liderliyi alqışlayır. İqlim dəyişmələrinə qarşı mübarizəni aparmaq çox məsuliyyətli işdir. İqlim dəyişmələrinin təsirini azaltmaq, həssas icmaları/əhali qruplarını mühafizə etmək və ekosistemləri gələcək nəsillər üçün qoruyub saxlamaq üçün cəsarətli və qətiyyətli addımların tələb olunduğu kritik məqamdayıq. Bu baxımdan AHOA COP29 Prezidentinin və Azərbaycanın dialoqun, əməkdaşlığın və innovasiyaların təşviqində öhdəliyinin böyük əhəmiyyət kəsb etdiyini məmnuniyyətlə qeyd edir. Azərbaycanın zəngin mədəni irs və müxtəlif təbii landşaftları ilə təkcə əvəzolunmaz ekoloji sərvətlərin qoruyucusu deyil, həm də iqlim dəyişmələri və ətraf mühitin mühafizəsi uğrunda fəal müdafiəçi olduğuna inanırıq. “Üçlük-Missiya 1.5” kimi təşəbbüslər vasitəsilə Azərbaycan iqlimə davamlılıq sahəsində dayanıqlı inkişafa sarsılmaz sadiqliyini nümayiş etdirdi və COP28-də əldə olunan uğurların davamlılığını təmin etdi. AHOA Azərbaycanın COP29 zamanı iqlim dəyişmələri ilə bağlı danışıqlarda güclü konsensual nəticələr əldə edəcəyinə inanır".

Bildirilib ki, vətəndaş cəmiyyəti üzvləri iqlim dəyişmələri bağlı fəaliyyətdə mühüm rol oynayır, dəyişiklik üçün katalizator kimi çıxış edir və iqlim hərəkatlarına təkan verir:

"Yerli icmaların rəhbərlik etdiyi iqlimə uyğunlaşma layihələrindən tutmuş gənclərin bu sahədə təşviqat kampaniyalarına qədər vətəndaş cəmiyyəti təşkilatları məlumatlılığın artırılmasında, resursların səfərbər edilməsində və bütün səviyyələrdə dəyişikliklərə təkan verməkdə mühüm rol oynayır. Qlobal şəbəkə və araşdırma mərkəzi kimi AHOA COP29 Prezidentinin və Azərbaycanın mühüm qlobal əməkdaşlığa kömək etmək, iddialı öhdəliklər götürmək və hamı üçün daha dayanıqlı və ədalətli gələcəyə doğru kurs təyin etmək qabiliyyətinə tam əmindir. Biz iqlimlə bağlı fəaliyyətin sürətləndirilməsi və planetimiz üçün daha parlaq sabahın qurulması səylərində COP29 Prezidenti, Azərbaycan və dünya üzrə vətəndaş cəmiyyəti təşkilatları ilə həmrəyik. Gəlin, birlikdə iqlim dəyişikliyinə qarşı mübarizə aparaq, həm insanların, həm də təbiətin çiçəkləndiyi bir dünya yaratmaq üçün bu tarixi fürsətdən istifadə edək", - deyə bəyanatın mətnində qeyd edilib.