• COP29
  • 29 İyun 14:05
  •  10 890

Beynəlxalq Gənclər Festivalında COP 29 haqqında məlumat verildi - FOTO

Özbəkistanda keçirilən Qlobal Gənclər Festivalında iştirak edən Azərbaycan gəncləri ölkəmizdə iqlim dəyişiklikləri ilə bağlı görülən işlərdən və Bakıda keçiriləcək BMT-nin COP 29-cu sessiyası ilə bağlı məlumat veriblər.

Aznews.az xəbər verir ki, konfransda bu barədə geniş təqdimat verən ADA Universitetinin tələbəsi, NAYORA-nın üzvü Gənclər Mərkəzi İB-nın beynəlxalq əməkdaşlıq üzrə sədr müavini Aytac Adıgözəlova bildirmişdir ki, "Hazırda iqlim dəyişmələri dünyanı narahat edən qlobal problemlərdən biridir. Məlum olduğu kimi Yer kürəsinin iqlim sisteminə çox böyük mənfi təsirlər göstərilmiş, digər atmosfer tullantıları ilə yanaşı, istixana effekti yaradan qazların qlobal miqyasda sürətli artımı baş vermişdir. Bu gün Yer kürəsində iqlimin dəyişilməsinin mənfi təsir göstərmədiyi yer yoxdur. Sel, yağışlar, daşqınlar, həddindən güclü küləklər və sair get-gedə çoxalır. Bunu nəzərə alan dünya dövlətləri beynəlxalq hüquqi sənəd qəbul ediblər.1992-ci ildə Rio de Janeyro şəhərində BMT-nin İqlim Dəyişimləri üzrə Konvensiyası qəbul olundu.

Azərbaycan 1995-ci ildə bu konvendiyanı, 2000-ci ildə Konvensiyanın Kioto Protokolunu, 2017-ci ildə isə Paris Sazişini ratifikasiya etməklə qlobal iqlim dəyişmələrinin mənfi təsirlərinin yumşaldılması üzrə beynəlxalq səylərə qoşulub. Ölkəmiz neft-qaz cəhətdən zəngin olsa da, "yaşıl enerji" sahəsində inkişafa da xüsusi diqqət ayırır. Azərbaycan regionda və bütün dünyada sülhün bərqərar olunmasında və planetimizin ekoloji balansının qorunmasında israrlıdır. Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycanda 2024-cü il "Yaşıl dünya naminə həmrəylik ili" elan edilib. Azərbaycanın iqlim dəyişikliyi ilə bağlı gördüyü işlərin nəticəsi olaraq BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının - COP29-un Bakıda keçirilməsi qərara alınıb. Düşünürəm ki, belə möhtəşəm tədbirin Azərbaycanda keçirilməsi regionda iqlim dəyişikliyi ilə bağlı problemlərin həllinə və sülhün inkişafına böyük təsir edəcəkdir. Bu sahədə gənclərimizin təşəbbüsləri olur.

Azərbaycanda Gənc İqlim Elçiləri adlı proqram yaranıb. UNİCEF, Azərbaycan Gənclər və İdman Nazirliyi bu proqrama dəstək verir. Təklif edirəm ki, Qlobal Gənclər Festivalında biz Dünya Gənc İqlim Elçiləri adlı proqramı yaradıb və bu istiqamətdə işlər görə bilərik." Konfransda ölkəmizi təmsil edən gənclərimiz Diana Əliyeva, Sevinc Qasımova, Mehin Məmmədli, Şirxan Aslanov, Eldar Əliyev Azərbaycanda 2024-cü ilin "Yaşıl dünya naminə həmrəylik ili"ndə dövlətin dəstəyi və vətəndaş cəmiyyətinin təşəbbüsü ilə görülən işlər barədə məlumatlar və media nümayəndələrinə müsahibələr vermişlər.

Özbəkistanda 25-30 İyun tarixində 150 ölkədən 1000 nəfər iştirakçı ilə keçirilən Qlobal Gənclər Festivalda gənclərimizin iştirakını Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və NAYORA təmin etmişdir.