"Qanun"dan yeni kitablar

"Qanun" nəşriyyatı yeni nəşr etdiyi kitabları təqdim edir:
HERMAN HESSE Muncuq Oyunu

Nobel mükafatı laureatı Herman Hessenin "Muncuq oyunu" romanı planetimizin bütün oxucuları üçün böyük bir kəşf sayıla bilər. Yazıçının bu əsərdə yaratdığı ölkəyə yalnız ən istedadlı alimlər və məqsədyönlü insanlar düşmək iqtidarındadır. Bu məmləkətin bütün institutları insan təfəkkürünün ən mükəmməl yaradıcı məhsullarını vahid bir külliyyata yığan Oyuna tabedir.
Lakin burda da insan ruhu özünə yer tapa bilmir…
Tərcümə: Kifayət Haqverdiyeva
Bakı, Qanun Nəşriyyatı, 2014., 512 səh

LÖ KLEZİO SƏHRA

Səhra və Şəhər. Səhra azad nəfəs alır, Şəhər – nəm və çirkli kloaka.
Səhrada Göy Adamlar qəbiləsi yaşayır. Onlar azad insanlardır, lakin daim daha yaxşı həyat üçün köçürlər, yəni, köçəri həyat sürürlər. Onlar heç kimə lazım deyillər, öz talelərinə tərk edilmişlər. Xristianlar bu azad insanları barbarlar hesab edir və kolonial tabeçiliyə salmaq istəyirlər. Burada ingilis və fransız bankirlərin marağı vardır.
Gənc Lalla – Saxara səhrasının mifik döyüşçüləri Göy Adamların nəslindəndir. Marokkonun şimalında dilənçi bir şəhərcikdən Marselə düşən Lalla, ona yad və düşmən bir mühitdə gözlənilmədən məşhurlaşır, ulduza çevrilir, lakin heç tərəddüd etmədən və heyfslənmədən Avropanı tərk edərək, doğma səhraya qayıdır.
Tərcümə: Sabir Sadıqov
Bakı, Qanun Nəşriyyatı, 2014, 428 səh.

CON APDAYK TERRORÇU

Damarlarında ərəb və irland qanının qarışığı axan Əhməd Amerika həyat tərzinə niyə alışa bilmir?
On beş il əvvəl müsəlman atası onları atıb getməsəydi, Əhmədin dinə münasibəti indiki kimi olardımı?
On bir yaşından imamı – Şeyx Rəşidi özünə mənəvi ata seçməsəydi, Əhməd cihad yolunu tutardımı?
Mərkəzi məktəbin sonuncu sinfində oxuyanda Əhməd Corilinin sevgisinə müsbət cavab versəydi, bu yaraşıqlı xristian qızcığaz sonradan pis yola qədəm qoyardımı?
On səkkiz yaşlı gənci cihada sürükləmək asandır, yoxsa ondan ¬çəkindirmək?
Terrorçunun dini-imanı olurmu? On bir sentyabr olayının "baş qəhrəmanı" müsəlman Mühəmməd Əttadırsa, on bir sentyabra qədərki Amerika tarixinin ən qanlı terror hadisəsinin də başında xristian Timoti Makvey durmurmu?
"Quran"da təsvir edilən hadisələr və öyüd-nəsihətlər "Tövrat"dakından, "İncil"dəkindən çoxmu fərqlənir?
Radikal islamçılar terror hədəfi kimi niyə məhz Linkoln körpüsünü seçirlər? Burada gediş-gəliş daha sıx olduğu üçünmü? Bəlkə, rəmz olaraq – Avraam Linkoln cavanların gözündə Amerika tarixinin ən yaxşı prezidenti kimi qaldığı üçün?
Əhmədi son anda cihaddan çəkindirən nə oldu? Yəhudi Levinin öyüd-nəsihətləri, yoxsa yolunun üstündəki günahsız, məsum qaradərili körpələri?
Cihadın baş tutmamasına görə əqidədaşları Əhmədi "fərari" adlandırmayacaqlar ki?
"Kommunistlər – beyinləri suya çəkib yaxalamaq istəyirdilər; bizimkilər isə beyinlərdə nə varsa, hamısını sıxıb suyunu çıxarmaq istəyirlər". Bəs bu "bizimkilər" kimlərdir?
Qayda-qanuna nifrət – azadlığa məhəbbətdirmi? Axı azadlıq da elmdir, onu da öyrənmək, mənimsəmək gərəkdir…
Bütün bu sualların cavabı Con Apdaykda, "Terrorçu"da varmı?
Tərcümə: Azər Əhmədov
Bakı, Qanun Nəşriyyatı, 2014, 436 səh.


İ. A. QONÇAROV OBLOMOV

Romanın baş qəhrəmanı Rus əsilli Oblomovdur. Oblomov çox dürüst, insanların yaxşılığını istəyən, saf və sadiq bir insandır. Lakin tənbəlliyi onun həyatını günü-gündən geri salır, səhhətinin pisləşməsinə gətirib çıxarır. Hətta Olqayla olan sevgi münasibətləri də Oblomovun dəyişməsinə səbəb ola bilmir.
Əsərdə Oblomovun yaxın dostu Ştoltz öz sədaqəti, dostsevərliyi və çalışqanlığı ilə oxucunun diqqətini cəlb edir.
Tərcümə: H.Şərifov
Bakı, Qanun Nəşriyyatı, 2014, 704 səhifə