09:42
(077) 610-22-33

“Onu şərəfsizlər, vicdansızlar öldürdü”- Əməkdar artistin arvadı fəryad qopardı

  • >
97 344 11 Avqust 12:40 | Mədəniyyət

Elə bil dünən idi. Bu günsə...Əməkdar artist, Akademik Milli Dram Teatrının sabiq aktyoru Telman Əliyevin ölümündən 40 gün keçir.

Neçə gündür ürəyimdə bu böyük şəxsiyyətin evinə gedərək ailəsinə baş sağlığı verməliyəm deyə özüm-özümü danlayırdım. Nəhayət ki, özümdə güc toplayıb iki tərəfdən qara kəlağayı asılmış qapıdan içəri girə bildim. Qapıda məni qara paltarlı, boynu bükük, hər şeydən qırılan, küsən bir xanım qarşıladı.

Telman Əliyevin ömür-gün yoldaşı Zemfira Əliyeva AzNews.az-a müsahibəsində aktyorun müəmmalı ölümü ilə bağlı faktlara aydınlıq gətirdi.

-Telmanın ölümü bir anın içində baş verməyib. “Azdrama”dan çıxandan sonra xəstələnmişdi. Haqsızlığa dözə bilmədi. Balıq susuz yaşaya bilər? Yox. Həmin vaxt Telman zərbə aldı. Nə xəstə yatdı, nə də yatağa düşdü, amma, ürəyinə xal düşmüşdü. O xal içində yavaş-yavaş böyüyürdü. Ona edilən haqsızlıq, vicdansızlıq onun damarlarına qədər yerimişdi. İstəsəydi də onu durdura bilməzdi. Teatrdan yaşlı adamları çıxarırdılar. Telmanı nə üçün kənara atdıqlarını hələ bu günə kimi anlaya bilmirik. Bu dərəcədə şərəsizlik, haqsızlıq olar? Teatrın qapılarını onun meyitinin üzünə belə açan olmadı. Bir vida mərasimini də Telmana çox gördülər. Nə olardı? Özünün də ruhu şad olardı. Telmana çox haqsızlıqlar oldu.

-Telman Əliyev teatrdan çıxarılandan sonra davranışında nə hiss edirdiniz?

-Onun keçirdiyi günləri danışa bilmirəm. Bir kitaba sığmaz. Onun nələr çəkdiyini ancaq mən bilirdim. Hətta, mənim övladlarım belə onu bilə bilməzdi. Telman ürəyini açmırdı, heç kimə bir kəlmə də demirdi. Mən onun həyat yoldaşıydım, bunu hiss edirdim, sözü ondan zorla qoparırdım. Evə gələndə hər şeyi onun üzündən oxuyurdum. Soruşanda da ki, ay Telman nə oldu işinin sonu, deyirdi ki, “Allaha qalıb”.

-Bir dəfə dedi ki, “hamıdan qırılmışam, heç kimə inamım qalmayıb”.

Onu 50 illik dostlarından qıran nə idi?

-Qırılmışdı hardasa yaxşı ifadədir, heç kəsi görmək istəmirdi. İnsanların saxtakarlığını gördükcə iyrənirdi hamıdan. Hə, onun bir neçə dostları vardı. Guya Telmandan ötrü canlarını verərdilər. Halbuki, dost dediyi şəxslərin biri qapımı açıb başsağlığı da vermədi...Bunu belə qoymayacam. 40 mərasimindən sonra onların bir-bir adını çəkəcəm. Həmin “dost”ların saxtakar üzlərinə qarşı iki kəlmə deyəcəm. Bura yas evidir, gəlirlər, gedirlər, qapıdan heç kəsi qova bilmirsən. Telman müəllimə hörmət əlaməti olaraq xırdalıqlara getmirəm. Ancaq özüm də sözümü kişi kimi deməyi bacaranam. Telmandan teatrdakı “dost”ları istifadə elədi. Hansı ki, mən o dostları tanıyırdım. O, insanların şərəfsizliyi, vicdansızlıqları, nakişilikləri mənə yer elədi. Onlar Telmana və bu ailəyə qarşı çox layiqsiz, ədəbsiz hərəkət elədilər. Bunu özümə sığışdıra bilmirəm.

-Akademik Milli Dram Teatrının aktyorlarını Telman Əliyevə qarşı xəyanətdə günahlandırırsınız?

-Bəli. Onlar Telman müəllimi önə verdilər, dedilər ki, “danış, biz də sənin arxandayıq”. Son anda həmin aktyorlar susdular, heç nə eləmədilər. Telmanın göz görə-görə ölümünü seyr etdilər. Guya bir-ikisi “canfəşanlıq” elədilər. Telman da baxdı ki, bunlardan bir səs çıxmır, sonda yazıq özü teatrın direktoru Azər Paşa Nemətovun qəbuluna getdi. Düzü, Telman evdən çıxanda dedim ki, getmə. Eşitmədi məni, qulaq asmadan çıxdı, dedi ki, “yox, gedim, üzbəüz söhbət edim”. Qayıdanda nələrin olduğunu onun sifətindən hiss elədim. Soruşanda dedi ki, “Azər Paşa məni qəbul elədi, əhvalımı soruşdu. Teatrsız, sənətsiz necə ola bilərəm”? dedim. O, da eləmə tənbəllik “Telman yerim yoxdur, ixtisar gedir, səni işə götürməyə imkanım yoxdur”-deyib yola salıb. Nə olardı, yarım ştat verərdi, onu yaşadardı, Azərin pulunu istəmirdik ki...Telman “mənim qarşıdan 70 illik yubileyim gəlir, 50 ildir səhnədəyəm, bir şey elə” deyəndə Azər Paşa da qayıdıb ki, “sənə ancaq Teatrlar İttifaqında yer edərəm”. Gözlədi, amma ondan da bir səs çıxmadı. Bir adam belə Telmanla maraqlanmadı. Telmanın ölümünü bir az da tezləşdirdi.

-Deyirsiniz ki, hər belə görüşdə Telman Əliyev ölümünə bir addım da atırdı. Bunu bildiyiniz halda həkimə getməyi məsləhət görmürdünüz?

-Balığı sudan çıxaran kimi xəstələnir. Məcbursan ki, onu dənizə atasan, yaşaması üçün həyat verəsən. Tək Telman deyil, teatrın bir neçə aktyoru haqsızlığa dözə bilmədi. Bu ölüm bir gün onların da evinə gələcək. Onlar da haqsızlığa uğrayacaq, ürəkləri partlayacaq. Onlar bunu görmür. Bəlkə də, görməməzlikdən gəlirlər. Əgər vicdanları, şərəfləri varsa bunu hiss eləsinlər. İnanın sizin də nə vaxtsa susuzluqdan çabalayaraq ürəyiniz partlayacaq.

-Ümumiyyətlə, son günlər Telman müəllim nədən danışardı?

-Telman Azər Paşa ilə görüşdən gələndən sonra ona dedim ki, Telman teatr söhbətini bağlayaq. Seriallara çağırırlar, dərs deyirsən, bəsdir. Getmə, sənin sarsıntı keçirməni istəmirəm. Belə-belə mən onu teatrdan soyutdum. Telman həm də universitetdə işləyirdi, müəllim idi. Amma, bir də ayıldım ki, Telman teatrdan çox dərs dediyi Mədəniyyət və İncəsənət Universitetində əziyyət çəkir. Bizə heç nə demir. Universitetdə onu gözü götürməyənlər də çıxdı. Bunu biləndən sonra onu universitetdən də uzaqlaşdırmaq istəyirdim. Dedim ki, ay Telman, sənin bu həyatda nəyə ehtiyacın var? Dərs dediyin bütün tələbələrin hamısı yaxşı teatrlarda işləyir. Gəl biz ahıl günlərimizi bir yerdə keçirək, gəzək-dolanaq. Çalışırdım ki, iş yadından çıxsın. Mümkün deyildi, bu insanın canı-qanı sənətlə yoğrulub. Canını sənət uğrunda verdi. Dedim ki, diplom tamaşanı təhvil ver, daha universitetlə müqavilə bağlama. Razılaşdıq. Amma baxırdım ki, universitetdə olan söhbətləri yenə də mənə demək istəmir. Onda bir qurur, kişilik vardı. Kaş ki, deyəydi, dərdini mənimlə paşlaşardı. Tədris teatrında tamaşa hazırlayırdı. Tələbələrinə zəng edirdi hazır olun, gəlirəm. Bu dərsə girən kimi baxır ki, arxadan kimsə bunu izləyir. Bir neçə dəfə mənə dedi ki, “dərs dediyim yerdə universitetin rektoru içəri girir, düzdür başqa siniflərə də gedir. Amma, mənim dərsimə hər gün gəlir. Çıxanda da mənə deyir ki, “sağ ol Telman””. Dedim nə yaxşı... Bildim ki, o, elə-belə girmir dərsə, rektorun qəlbində nəsə var. Diplom işini təhfil verdi.

-Deyilənə görə, Mədəniyyət və İncəsənət Universitetinin rektoru Fərəh Əliyeva onun Tədris Teatrında hazırladığı diplom tamaşasından razı qalmayıb. Hətta, məşqə baxandan sonra deyib ki, “Telman Əliyevə deyin gəlsin ərizəsini yazsın”...

-Mən buna inanmıram. Çünki onu Telmana heç kəs risq edib deyə bilməz. Bəlkə də deyib... O, rektordur, xoşu gəlmirsə çıxardar. Adını da qoyar ki, “universiteti təmizləyirəm”. Vəziyyət belə olub. Dedi ki, “gedirəm universitetə Fərəf xanımın qəbuluna. Ona deyəcəm ki, müqavilə imzalamayacam. Həm də qarşıdan 70 illik yubileyim gəlir. Soruşum, görüm yubileylə bağlı nə deyəcək”. Dedim getmə. Onsuz da sənin işləməməyin onların könlündəndir. Nə isə, getdi. Qayıdanda baxdım ki, Telmanın rəngi ağappaqdır. Halsız vəziyyətdə evə girdi. Dedim Telman yaxşısan? Nə isə rəngin xoşuma gəlmir. Dedi ki, “hə, amma Fərəh xanım məni qəbul eləmədi. Gözlədim qəbul otağında. Katibəsi ona mənim gözlədiyimi dedi. Sonda qız gəldi ki, Fərəh xanım dedi ki, “onu qəbul etməyə vaxtım yoxdur, başqa zaman gəlsin”. Onsuz da Telman işdən çıxacaq idi. Allah başlarına gətirsin. 17 ildir orda işləyir, neçə tələbə yetişdirib. Siz neçə insansınız ki, bir dəqiqə Telman müəllimə vaxt ayıra bilmədiniz? Siz nə ixtiyarla insan qəlbinə dəyirsiniz? Qapından qovursan, deyirsən get sonra gəl. Bəs, sən orda niyə oturursan? Sən öz müəllimini dinləyə bilmirsənsə, öz işçinin qeydinə qala bilmirsənsə o vəzifədə niyə oturursan? İnsanları niyə qırırsınız? Canını qoydu o universitetdə, ayağı şikəst oldu, ürəyi, beyini partladı. Niyə onu dinləmədin ay Fərəh? Onu dinləsəydin pis olardı? O insanın mədəniyyətdən başı çıxmır. Ona lazımdır ki, kolxoz sədri işləsin. Nə isə...Rəngini elə görüb qorxduq, həkimə apardıq. Həkim dedi ki, ürəyində heç bir problem yoxdur. Telman ölməli insan deyildi. Onun arzuları ürəyində qaldı, boşa getdi hər şey. Qəflətən halı pisləşdi, təzyiqi qalxdı. Vəsiyyətini dedi, balasının yanında canını tapşırdı. O yaşaya da bilərdi. Amma, içəridən yeyilmişdi. Yanında olan qurdlar onu içindən yedi, dartdılar ürəyini, beynini parça-parça elədilər. Onu məhv elədilər, öləsi insan deyildi. Onu şərəfsizlər, vicdansızlar öldürdü.

Danışdıqca ağlamaqdan gözü batıb, yanaqları solan qarapaltarlı qadının gözü qapıdadır. Telman Əliyevin ruhu isə bu ağlayan qadına “rahatam, öləndən sonra, qəbrim üstə ağlayan bir qara paltarlı gözəl qadın qoymuşam” deyir.

Bahar RÜSTƏMLİ

AzNews.az

Bağla X