Tural Əliyev: Türk dünyası QHT-lərinin Həmrəylik Forumunun hər keçirilməsi arzuediləndir

Türk dünyası QHT-lərinin Həmrəylik Forumunun hər keçirilməsi arzuediləndir.

Aznews.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin Administrasiyasının QHT-lərlə iş və kommunikasiya şöbəsinin QHT-lərlə iş sektorunun müdiri Tural Əliyev Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin qeyri-hökumət təşkilatlarının Naxçıvanda keçirilən Həmrəylik Forumunda deyib.

O, Naxçıvanda keçirilən forumun türk dünyasını növbəti dəfə bir araya gətirdiyini vurğulayıb:

"Bu gün Naxçıvanda Türk Dövlətləri Təşkilatına üzv ölkələrin QHT-ləri ilk dəfə vahid platformaya çıxır. Bu, bütün türk dünyasının fərəhli, tarixi günüdür, böyük xoşbəxtlikdir! Ötən gün Bakıda – forumun rəsmi açılış mərasimində qeyd olunduğu kimi, türk dövlətləri arasında 34 istiqamət üzrə dövlət təşkilatlarını bir araya gətirən müxtəlif formatlar mövcud olsa da, QHT xətti yox idi. Bu Platforma BMT və digər beynəlxalq təsisatlarda türk dünyası QHT-lərinin birgə, koordinasiyalı fəaliyyətini təmin edəcək, xalqlarımızın bir-birini daha yaxından tanımasına vətəndaş cəmiyyətinin mühüm töhfəsi olacaq. Birlikdə daha təsirli, daha səmərəli nəticələr əldə edə bilərik".

T.Əliyev türk dövlətlərinin QHT-ləri üçün ikitərəfli, həm də çoxtərəfli əsasda qrant müsabiqələrinin geniş vüsət almasının vacibliyini qeyd edib:

"Azərbaycan tərəfi olaraq, biz bu istiqamətdə həmkarlamızla işçi danışıqlara günü bu gün başlamağa, qısa müddətdə müsabiqələri təşkil etməyə, təşəbbüsləri dəyərləndirməyə hazırıq. 2022-2025-ci illərdə Azərbaycan QHT-lərinin Türkiyə, Özbəkistan və Qazaxıstan QHT-ləri birgə əməkdaşlıq forumları baş tutub. Qırğızıstan, Macarıstan, Şimali Kipr və Türkmənistanla da analoji tədbirlər reallaşdırıla bilər. İlk dəfə baş tutan Türk Dövlətləri Təşkilatına üzv ölkələrin QHT-lərinin Həmrəylik Forumunun hər il təşkilata sədrlik edən dövlətin təşkilatçılığı ilə keçirilməsini, davamlı olmasını arzu edirik".

Aznews.az