- Müşahidə məntəqəsi
- 21:41
- 1 873
“Süni intellekti qadağan yox, köməkçi etməliyik” - Qoşqar Məhərrəmov
“Son günlər qlobal, yəni universal mediada yeni trendlər yaranır. Bu trendlər kiçik mədəni elementləri udur, yəni yox edir. Nəticədə populyar mədəniyyət formalaşır və digər mədəniyyətlərin kiçik komponentlərini, xırda elementlərini bir damcının okeanda yox olması kimi məhv edir. Biz buna hazırlaşmalıyıq. Bəs öz mədəni və milli kimliyimizi qorumaq üçün nə etməliyik? Mədəniyyət və milli kimliklə bağlı internet məzmunlarının sayı hər gün artmalıdır. Dövlət tərəfindən peşəkar şəkildə hazırlanmış 30 saniyəlik və ya 1 dəqiqəlik məlumatlar sosial media vasitəsilə yayılmalıdır”.
Bu fikirləri Aznews.az-a açıqlamasında təhsil eksperti Qoşqar Məhərrəmov deyib.
Xatırladaq ki, süni intellektin sürətlə inkişaf etdiyi qlobal dünyada ali təhsil müəssisələri yalnız texnoloji yeniliklərə uyğunlaşmaqla kifayətlənmir, eyni zamanda mədəni kimliyin, müxtəlifliyin və yerli dəyərlərin qorunması kimi mühüm missiyanı da daşıyır. Bu baxımdan universitetlərin üzərinə yeni və daha böyük məsuliyyətlər düşür.
Ekspert qeyd edib ki, əks halda bu qədər böyük bir axın qarşısında dayana bilmək çətin olacaq.
"Universitetlər də bu trendlərə uyğunlaşır. 4 və 5 illik təhsil modellərindən uzaqlaşaraq 6 aylıq, 1 illik, 2 illik və ya 2,5 illik bakalavr proqramlarına keçid edirlər. Məsələn, Amerikada bir çox universitet artıq 29 aylıq bakalavr təhsil modeli təklif edir, xüsusilə kompüter texnologiyaları və mühəndisliyi sahələrində. Trendlər bu istiqamətdədir və biz universitet və orta təhsil sistemini alternativ modelləri nəzərə alaraq müzakirə etməliyik. İnsanlara keyfiyyətli seçimlər təqdim etməliyik ki, hər kəs öz şəraitinə və xüsusiyyətlərinə uyğun qərar verə bilsin. Süni intellekt (AI) inkişafı qarşısında insanları ondan uzaq tutmaq mümkün deyil. Lakin tapşırıqlar elə qurula bilər ki, AI artıq problemi həll etmir, sadəcə köməkçi olur. Bu yolla yeni məhsullar və ideyalar ortaya qoymaq mümkündür. İnsanlar artıq yalnız bilikləri ilə yox, elmi və praktiki məhsullar yaratmaq bacarığı ilə qiymətləndirilməlidir. Öyrənməni yalnız testlə və ya qısa cavablarla ölçmək mümkün deyil. Uşaqların, şagirdlərin və tələbələrin öyrəndiklərini göstərmək üçün məhsul ortaya qoymaları vacibdir. Buna görə layihə əsaslı təhsil aktuallıq qazanır. Layihə təqdimat, poster, cədvəl və ya kiçik bir məhsul şəklində ola bilər. Bütün bunlar sinifdə fərdi və ya qrup şəklində həyata keçirilə bilər. Layihə tapşırıqlarında süni intellekt şagirdin yerinə keçmir, yalnız dəstəkçi kimi istifadə olunur. Bu yanaşma həm müasir trendlərə uyğun, həm də təhsil keyfiyyətini artıran bir modeldir".
Rəfiqə Namazəliyeva,
AzNews.az