- Siyasi müzakirə
- 19:54
- 2 791
“Azərbaycan illərlə beynəlxalq ikili standartların qurbanı olub” - Azər Həsrət
"Bu ikili standartlardan ən çox əziyyət çəkən dövlətlərdən biri də Azərbaycan Respublikasıdır. Uzun illər ərzində Ermənistan Azərbaycan torpaqlarını, Rusiyanın yaxından iştirakı və yardımı ilə işğal altında saxladı, lakin biz ədalətli yanaşma əldə edə bilmədik. Hətta xatırlayıram ki, ermənilər Kəlbəcəri işğal etdikdən sonra ABŞ Konqresi Azərbaycana sanksiya tətbiq edən 907-ci düzəlişi qəbul etdi. Orada işğalçı kimi göstərilən Azərbaycan idi, yəni torpağı işğal olunan tərəf günahkar kimi təqdim olunurdu".
Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.
Xatırladaq ki, Beynəlxalq siyasətdə ədalət çox vaxt selektiv şəkildə tətbiq olunur. Güclü dövlətlər maraqlarını qoruyur, zəif tərəflər isə ikili standartların qurbanı olur. İsrail-Fələstin münaqişəsi bunun ən bariz nümunələrindən biridir: güclü tərəf təsir imkanlarından istifadə edərək öz mövqeyini möhkəmləndirir, zəif tərəf isə beynəlxalq sistemdə birmənalı dəstək ala bilmir. Bu vəziyyət göstərir ki, dövlətlərin güclü olması həm öz haqlarını qorumaq, həm də ədaləti təmin etmək üçün əsas amildir.
Siyasi şərhçi bildirib ki, bu ikili standartlar həmişə mövcud olub və gələcəkdə də davam edəcək.
"Ona görə Azərbaycanda belə qənaət formalaşdı: güclüsənsə, haqlısan. Eyni vəziyyət Fələstin-İsrail məsələsində də müşahidə olunur. İsrailin dünya üzrə böyük təsir imkanları var, xüsusilə ABŞ kimi aparıcı dövlətlərə təsir etmək qabiliyyəti, əlavə dəstək qazanmasına gətirib çıxarır. Bu səbəbdən İsrail güclü və haqlı kimi təqdim olunur. Ukrayna məsələsində də ikili standartlar tətbiq olunur. Qərb Ukraynanın ərazi bütövlüyünü dəstəkləsə də, Rusiyanın gücünü nəzərə almaq məcburiyyətindədir. Bu səbəbdən Ukraynaya dair birmənalı mövqe sərgiləmək çətin olur. Azərbaycan öz problemini həll edərkən güc faktoruna daha çox arxalanmaqda doğru addım atdı. Dünyada ikili standartların olmayacağına heç kim zəmanət verə bilməz. Belə olan halda biz də güclənməliyik. Daim özümüzü güclü səviyyədə saxlamalıyıq ki, sabah başımıza bir iş gələndə gücümüz hesabına ədaləti bərpa edə bilək. O baxımdan Fələstin məsələsində də güclünün haqlı olduğu prinsip özünü təsdiqləyir. Fələstin və digər İsrailə qarşı olan tərəflərin tək çıxış yolu daha da güclənmək və lazım olanda İsrailə güc hesabına yerini göstərməkdir. Şəxsən mən bu məsələdə başqa yol görmürəm".
Rəfiqə Namazəliyeva,
AzNews.az