“Xəzər” telekanalının səhnəsi arxasında qalmaqal...

Bu dəfə müğənni Manaf Ağayev, əməkdar artist Baloğlan Əşrəfov və nəğməkar şair Vüqar Əhməd üz-üzə gəlib.

AzNews-az-a verilən məlumata görə, müğənni Manaf Ağayev bu gün səhər saatlarında sözügedən kanalın qonağı olub. O, canlı efirdə olarkən tamaşaçılardan biri "Baloğlan Əşrəfovun repertuarından oxuyun" deyə ondan xahiş edib. Tamaşaçı xahişini nəzərə alan müğənni həmkarının repertuarından mahnı oxuyub. O, B.Əşrəfovu "Ana" mahnısının müəllifi kimi təqdim edib.

Eşitdiklərdən əsəbiləşən mahnı müəllifi, nəğməkar şair Vüqar Əhməd "Xəzər" TV-yə telefon açıb. Amma veriliş rəhbəri haqlı olan müəllifə "mən çox uzaqdayam" deyə cavab verərək mövzudan yayınıb.

Şair Vüqar Əhməd AzNews.az-a açıqlamasında inormasiyanı təsdiqlədi: "Manaf dostumdur. Amma o, mənim müəllif hüquqlarımı pozub. O, "Ana"nı Baloğlan Əşrəfovun mahnısı kimi təqdim etdi. Nə şairin adı çəkildi, nə də bəstəkarın. Mən də götürüb telekanala zəng vurdum. Veriliş rəhbəri uzaqda olduğunu bildirdi. Bu mahnının sözləri mənim, musiqisi də Rauf Məmmədovundu. Baloğlan isə onu ifa edib. Mən başa düşə bilmirəm, veriliş canlıdırsa, rəhbər necə uzaqda ola bilər?"

Müğənni Manaf Ağayev isə efirdə səhvə yol verdiyini təsdiqlədi: "Bu mənim səhvimdir, mahnını Baloğlan oxuduğundan yanılmışam.".

Bahar Rüstəmli
AzNews-az

Copyright © 2024