00:10
(077) 610-22-33

“Elşad Abdullayevlə əlaqələrim var” - MÜSAHİBƏ

  • >
291 9 Fevral 2013 11:48 | Siyasət

“Rüstəm İbrahimbəyovla ABŞ-da görüşməyə hələlik ehtiyac duymuruq”


Eks-spiker Rəsul Quliyev AzNews.az-ın suallarını cavablandırıb:


- Rəsul müəllim, Əkrəm Əylislinin "Daş yuxular" romanına ictimai qınağı necə qiymətləndirsiniz?

- Mən bu haqda fikirlərimi artıq bəyan etmişəm. Əkrəm Əylislinin "Daş yuxular" romanı Azərbaycan xalqının milli heysiyyəti nəzərə alınmadan yazılan bir əsərdir. Xüsusilə bizim hər birimizin yaxından bələd olduğumuz ən yaxın tarixdə baş verən hadisələr təhrif olunmuş şəklidə bu əsərdə əks olunub. Yazar öz romanını erməni və ermənipərəst mənbələrə əsaslanaraq yazıb ki, bu da Əkrəm Əylisli kimi qələm əhlinə yaraşmayan haldır. Onun bundan sonra ata biləcəyi ən doğru addım Azərbaycan xalqından üzr istəmək ola bilərdi. Yazıçı isə öz inadında israr edir və bu, onun guya, iki xalq arasında körpü yaratmaq missiyasına kölgə salır. Mənasız inadkarlıq isə onun öhdəsinə götürməyə çalışdığı missiyanın məramlarına uyğun gəlmir.

- Sizcə, yazıçının belə bir əsər yazmaqda missiyası nə olub?

- Əkrəm Əylisli öz çıxışlarında yazdığı əsərə haqq qazandırmaq üçün guya, xalqlar dostluğu prinsipindən hərəkət etdiyini bildirir və konfliktdə olan hər hansı iki xalqın sonsuzluğa qədər bir-birinə düşmən ola bilməyəcəyinə, barışığın hər iki tərəfin qarşılıqlı şəkildə tövbəsindən keçəcəyinə inanır. Özünü bir yazıçı kimi Azərbaycanın vicdanı olaraq gördüyündən bizim tərəfin tövbəkarlığını öhdəsinə götürüb. Lakin yazdığı əsəriylə xalqımızın onsuz da bu münaqişədən ciddi yara alan milli qüruruna toxunub, onu daha da incidib. Milli mənsubiyyətindən asılı olmayaraq istənilən yazarın münaqişə tərəflərinin birini haqlı, digərini haqsız və vəhşi göstərərək dostluq yaratmaq cəhdləri uğursuzdur.
Üstəlik əsas və yeganə tənqid hədəfi münaqişədən daha çox zərər çəkmiş tərəfdirsə, bu dözülməzdir. Bu metodla xalqlar arasında heç bir dostluq əlaqəsi yaradıla bilməzsən. Yazıçı bu niyyətində səmimiydisə, hər iki tərəfə ən azı eyni gözlə baxmalıydı. Əkrəm Əylislinin "Daş yuxular"ında isə bütün günahların baiskarı kimi yurdundan, yuvasından didərgin salınmış azərbaycanlılar göstərilir. Bu isə ədalətli mövqe deyil və həqiqəti əks etdirmir. Nəticədə münaqişəyə meylli olan erməni daşnaqlarının arqumentini gücləndirməkdən başqa heç nəyə xidmət etmir.

- Demək, ölkə başçısının Əkrəm Əylisli barədə verdiyi qərarı ilə razısız...

- Xeyir, qətiyyən.

- Yeri gəlmişkən, Əkrəm Əylislinin də üzv olduğu Ziyalılar Forumunun aparıcı şəxslərindən olan Rüstəm İbrahimbəyov indi Amerikadadır. Onunla hər hansı bir təmasınız olubmu?

- Bilirsinizmi, sualın bu şəkildə qoyuluşu belə bir təəssürat yaradır ki, Əkrəm Əylislinin fikri bütün Ziyalılar Forumunun fikridir və həmin forumun digər bir aparıcı şəxsi tez-tez Amerikaya gəldiyindən və mən də orada yaşadığımdan bu faktlar arasında hansısa bir orqanik əlaqə var. Və guya, bütün bu hadisələr Azərbaycandan kənardan, konkret olaraq ABŞ-dan idarə olunur. Halbuki bu təəssüratın özü yalnışdır. Bu forumda toplaşanlar ziyalıdırsa, (əslində də belədir-R.Q) onların özlərinə məxsus fikirləri olur. Qurumun vahid ideologiyası onların individual intellektual duyumlarına təsir etsə, heç onlar ziyalı olmazlar ki. Ziyalılar ancaq müəyyən fikir ətrafında bir araya gələ bilərlər. Məsələn, Azərbaycanda demokratik institutların yaradılması hədəfində birləşərlər. Lakin bütün dünyagörüşlərini eyni nöqtədə birləşdirə bilməzlər. Əkrəm Əylisli də, Rüstəm İbrahimbəyov da individual duyumları olan insanlardır. Onlar arasındakı əlaqə yalnız ölkələrinin intellektual çalışmalar üçün münbit şərait yaradılması ola bilər. Hadisələrə baxışlarda isə hətta kəskin fikir ayrılığına da malik ola bilərlər. Onları bir partiyanın və ya siyasi qurumun ətrafında birləşdirmək də mümkün deyil. Demək istəyirəm ki, Əkrəm Əylislinin fikri ilə Rüstəm İbrahimbəyovun düşüncəsi fərqli olduğu kimi, Rüstəm İbrahimbəyovun Amerikaya gəlməsi ilə mənim orada yaşamağım arasında da hansısa əlaqə axtarmaq yersizdir. Rüstəm İbrahimbəyovun Amerikada evi var və ürəyi istəyən vaxt öz evinə gəlib gedə bilər. Buraya gələndə də mənimlə görüşməyə gəlmir, evinə gəlir. Hələ ki, onunla Amerikada görüşmək bizə nəsib olmayıb. Yəqin ona görə ki, buna hələlik ehtiyac duymamışıq. Əgər bir ehtiyac hiss etsək görüşərik, əlbəttə. Burada qeyri-adi bir əlaqə axtarmaq isə yersizdir.

- Bəs, Elşad Abdullayevlə necə, hansısa əlaqələriniz varmı?

- Var: hərdən telefonla danışırıq.

- Türkiyə səfəriniz haqda mətbuatda fikirlər səsləndi. Elə bir planınız varmı? Varsa, nə vaxt reallaşdırmağı düşünürsünüz?

- Mənim hədəfim arasında Türkiyəyə, Rusiyaya, yaxud da Gürcüstana gəlmək məsələsi yoxdur. Mənin əsas hədəfim Azərbaycana qayıtmaqdır. Azərbaycanla indiki yaşadığım ölkə arasında xeyli ölkələr var. Mən də məcburam ki, geri qayıdanda onların hər hansı birindən keçərək hərəkət edim. Bu Türkiyə də ola bilər, Rusiya da, Gürcüstan da, Xəzər dənizi vasitəsi ilə Türkmənistan və ya Qazaxıstan da. Azərbaycanın həmsərhəd olduğu ölkələr bunlardır. Buraya gəlmək istəyən adamlar da məcburən onların biri üzərindən keçir. Hələlik geri qayıtmaq üzərində iş gedir. Hansı yol gəlmək üçün əlverişli olacaqsa, o yolla da qayıdacağam.

Gültəkin Qəhrəmanlı
AzNews.az

Bağla X