22:22
(077) 610-22-33

Rafiq Əliyevdən İbrahimbəyova CAVAB: “Müxalifik, müxalifət deyilik”

  • >
2 927 10 Aprel 2014 14:58 | Siyasət

"Ramiz Rövşənin bir kəlməsi 50 akademikin sözünə bərabərdir"


Ziyalılar Forumunun üzvü, professor Rafiq Əliyevin AzNews.az-a müsahibəsi:


- İki gün öncə Forumun üzvü Rüstəm İbrahimbəyov AzNews.az-a müsahibəsində bildirmişdi ki, "Ziyalılar Forumunun bütün üzvlərinə dəfələrlə müraciət edib və deyib ki, niyə, fəaliyyət göstərmirsiniz? Ziyalılar Forumunun fəaliyyəti niyə dayanıb?". Ziyalılar Forumunun yaradcılarından biri kimi bu ittihamı necə qəbul edirsiniz?

- Ziyalılar Forumunun fəaliyyətinin səngiməsi əsasən siyasi proseslərlə bağlı idi. Mən və dostlarım həmişə bir fikirdə olmuşuq: ziyalı gərək, siyasətə qarışmasın. Mən bunu birinci gündən demişəm və bu gün də deyirəm. O ki, qaldı Ziyalılar Forumunun tədbirlərinin keçirilməməsi məsələsinə, biz gözlədik ki, məlum proseslər sakitləşsin... Bunu hamı bilməlidir ki, indi necə olmasından aslı olmayaraq, Ziyalılar Forumu fəaliyyətini genişləndirəcək. Biz mütəmadi olaraq, öz işimizi davam etdirəcəyik.

- Maraqlıdır ki, "Ziyalılar siyasətlə məşğul olmamalıdırlar" fikrini işlədənlərin əksəriyyəti siyasətlə məşğul olur. Bunu necə dəyərləndirirsiniz?

- Baxın, siyasətlə kim məşğul olmaq istəyir? O, adam ki hakimiyyətə gəlmək niyyətindədir. Məgər, Mirzə Ələkbər Sabir, Üzeyir Hacıbəyli, yaxud da Cəlil Məmmədquluzadə hakimiyyət istəyirdi? Amma onlardan da çox cəmiyyəti pozitiv mənada "qamçılayan" olmayıb.

- Siyasətlə məşğul olmayan siz ziyalılar, örnək gətirdiyiniz şəxslər kimi eybəcərlikləri "qamçılamağınız" da demək olar ki, görünmür axı... Belə olan halda sözügedən qurumu diqqət mərkəzində saxlayan nədir?

- Son 10 gündə mənim haradasa 3 yazım çap olunub. Düzdür, son vaxtlar başım elmi işlərə qarışıb. Onların hər birinə də demişəm və bu gün də deyirəm. Azərbaycan çox ağır təzyiqlər altındadır. Sağdan, soldan, yuxarıdan, aşağıdan olan basqılar getdikcə də artacaq. Düşünürəm ki, burada nə qərbin köməyi, nə şərqin, nə də başqa bir məkanın köməyi ola bilər. Bu əsas deyil. Əsas burada bizik, milli birlik olmalıdır. Üzr istəyirəm, mən özümə ziyalı demək istəmirəm. Amma ziyalı bundan artıq nə deməlidir, axı? Bir daha təkrarlayıram, Azərbaycan problemləri var. Biz də bunlar haqqında öz fikrlərimizi həmişə deyirik. İstəyimiz budur ki, ölkədə həddən artıq kasıb, yaxud da zəngin olmasın. Əgər cəmiyyətdə rüşvət, korrupsiya, təhsildə eybəcərlik hökm sürürsə, elmdə durğunluq varsa, susmaq yox, bunu demək lazımdır. Ziyalılar Forumu yəni, biz bunlara müxalifik. Müxalifik, amma müxalifət deyilik. Bunlar başqa-başqa şeylərdir. Müxalifətin haradasa strukturu və bununla yanaşı hakimiyyət iştahası var. Ziyalılar Forumunda isə belə struktur yoxdur. Biz hərdən bir yerə yığışıb müzakirə aparırıq. Mətbuatda yazılarımızla çıxış edirik. Ümumi yığıncağımız isə yaxın vaxtlarda reallaşacaq.

- Forumun tərkibində dəyişiklik gözlənilirmi?

- Burada narahatlıq olmamalıdır. Biri gəlib, digəri gedə bilər. Yeni adamların da gəlməsi normalıdır. Fərdi qaydada da ziyalı öz sözünü deyə bilər. Bir daha vurğulayıram ki, ziyalı - fikrimcə, müxalifət deyil, müxalifdir. Özünü ziyalı hesab edən şəxs bunu unutmamalıdır.

- Söhbət hansı müxaliflikdən və kimə müxaliflikdən gedir?

- Ən birinci ziyalı özünə müxalif olmalıdır. Bu yoxdursa, o, ziyalı deyil. Ziyalı deyilən şəxs daha bir vacib detalı da bilməlidir: ziyalıya zəmanəsində heç vaxt hörmət olunmayıb. Əgər ziyalı hörmət gözləyirsə, mən onu ziyalı hesab etmirəm. Peyğəmbərdən başlamış bu günə kimi haradan işıq gəlibsə, o tərəfə daş atıblar. Əgər o daşdan qorxan varsa, gərək ziyalı kimi davranmasın. Bu mənim fikrimdir.

- 3-4 ziyalıdan başqa hansı tanınmış şəxs ölkədə və gündəlik
həyatımızda baş verən ictimai-siyasi proseslərə münasibət açıqlayıb?


- Nə qədər hikkə, "Mənim düşmənimdir" baxışları ilə yaşayanlar olar? Biz bir-birimizə orta səviyyədə münasibətimiz olan adamlarıq. Məncə cəmiyyətin bu gün bəlası budur. Ziyalılar da bunu qabartmalı və deməlidir. Ziyalı sözünün tutumu var. Qoy kimsə inciməsin, ölkədə belə şəxslərin sayı azdır.

- Ölkədə sizin dediyiniz "ziyalıların" sayı təxmini nə qədərdir?

- Beş və ya 10 nəfər. Bundan artıq ola bilməz. Niyə biz fikrləşməliyik ki, 50 adam ziyalı olmalıdır və onun 50-si də sözünü deməlidir. Bu belə olmalı deyil. Ziyalı barmaqla sayılan qədər olmalıdır. Mən belə düşünürəm. O boyda Rusiyada nə qədər ziyalı var? Çoxdur? Əsla yox. Rusiya kimi ölkədə saysan ziyalı varsa, Azərbaycanda bu 100 nəfər ola bilməz. Məsələn, dostum olduğu üçün demirəm, Ramiz Rövşənin bir sözü 50 akademikin və 50 şairin sözünə bərabərdir. Təsəvvür edin ki, dünyada hamı yaxşı adamdı. Bu mümkündür? Əsla, onda dünyaya baxmaq olmaz. Yaxşı ki, dünyada yaxşı varmış, yoxsa tərk olardıq yaman əlindən... Yaman da çoxdur. Həyat belə olmalıdır.

Bahar Rüstəmli
AzNews.az
Bağla X