- Hadisə
- 15 Yanvar 2024 17:27
- 5 154
Bakıda sexdəki yanğında ölənlərin sayı 6-ya çatıb - YENİLƏNİB
Bakının Binəqədi rayonu, A.Kunanbayev küçəsi yaxınlığında yerləşən mebel sexində baş vermiş partlayışla bağlı hadisə yerində aparılan axtarış-xilasetmə işləri nəticəsində hazırkı vaxtadək 6 nəfərin meyiti dağıntılar altından aşkar olunaraq çıxarılıb.
Bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.
15:45
Bakı şəhəri, Binəqədi rayonu, A.Kunanbayev küçəsində yerləşən sexdəki yanğın tam söndürülüb.
Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
14:54
Bakıda mebel sexindəki partlayışda 3 nəfər ölüb, 24 nəfər xəsarət alıb.
Bu barədə Baş Prokurorluq və Fövqəladə Hallar Nazirliyinin birgə yaydığı məlumatda qeyd edilib.
Bildirilib ki, yanvarın 15-də paytaxtın Binəqədi rayonu, A.Kunanbayev küçəsi yaxınlığında yerləşən mebel sexində partlayış baş verməsi barədə daxil olmuş məlumat əsasında dərhal prokurorluq əməkdaşları və Fövqəladə Hallar Nazirliyinin qüvvələri hadisə yerinə cəlb olunub.
Görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğın məhdudlaşdırılıb.
Hadisə yerinə xüsusi texniki vasitələr və canlı qüvvə cəlb edilməklə yanğının söndürülməsi istiqamətində operativ və təxirəsalınmaz tədbirlər davam etdirilir.
İlkin araşdırmalar zamanı dağıntılar altından 3 nəfərin meyiti aşkar olunub.
Hadisə nəticəsində 24 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Xəsarət alanlardan 6 nəfər ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb, digərlərinin müalicəsi xəstəxanada davam etdirilir. Onlara zəruri tibbi xidmətlər göstərilib, vəziyyətləri stabildir.
Faktla bağlı Cinayət Məcəlləsinin 225.3 (yanğın təhlükəsizliyi qaydalarını pozma - ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) və 314.3-cü (səhlənkarlıq - ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələri ilə cinayət işi başlanaraq, Baş prokurorun müvafiq qərarına əsasən prokurorluq və Fövqəladə Hallar Nazirliyinin peşəkar müstəntiqlərindən ibarət birgə istintaq qrupu yaradılıb, istintaqın aparılması Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsinə həvalə olunub.
Partlayışın səbəbinin, dəymiş ziyanın həcminin, həmçinin, iş üzrə əhəmiyyət kəsb edən digər halların müəyyən edilməsi üçün müvafiq ekspertizalar təyin edilib.
Hazırda zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
İctimaiyyətin mütəmadi məlumatlandırılması təmin ediləcək.
13:27
Yanvarın 15-də Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov küçəsində yerləşən sexdə baş verən partlayışla bağlı hazırda Baş prokurorun müavini Elmar Camalov və Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsinin əməkdaşları hadisə yerindədirlər.
Bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.
Qeyd olunub ki, aidiyyəti dövlət orqanları ilə birgə zəruri istintaq-əməliyyat tədbirləri həyata keçirilir.
Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov küçəsində yerləşən sexdə partlayış-yanğın olması barədə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə ilkin məlumat daxil olub.
TƏBİB-dən bildirilib ki, 15 təcili yardım briqadası dərhal hadisə yerinə cəlb olunub.
Sexdə baş vermiş partlayış-yanğınla əlaqədar polis əməkdaşları əraziyə cəlb edilib.
DİN-in mətbuat xidmətindən bildirilib ki, ərazi mühafizəyə götürülməklə təhlükəsizlik tədbirləri görülür.
Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov küçəsində yerləşən sexdə partlayış-yanğın baş verib.
Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri əraziyə cəlb olunub.