XIII Qlobal Bakı Forumuna hazırlıq məqsədilə Çində toplantı keçirilib

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi 2026-cı ilin mart ayında təşkil olunacaq XIII Qlobal Bakı Forumuna hazırlıq məqsədilə Çin Xalq Respublikasının Quançjou şəhərində toplantı keçirib.

Aznews.az xəbər verir ki, toplantıda forumun konseptual çərçivəsi, əsas mövzular və beynəlxalq tərəfdaşların cəlb olunması ilə bağlı fikir mübadiləsi aparılıb.

Toplantıda Mərkəzin İdarə Heyətinin üzvləri iştirak ediblər. Müzakirələr zamanı qlobal təhlükəsizlik, davamlı inkişaf, iqtisadi transformasiya və texnoloji dəyişikliklərin təsirləri forumun prioritet istiqamətləri kimi müəyyənləşdirilib.

Forum çərçivəsində Ümumdünya Səhiyyə Təşkilatı (ÜST), BMT-nin Ticarət və İnkişaf Konfransı (UNCTAD) və Beynəlxalq Telekommunikasiya İttifaqı (İTU) ilə yüksək səviyyəli birgə panellərin keçirilməsi və əməkdaşlığın gücləndirilməsi barədə danışılıb.

Bununla yanaşı, forum çərçivəsində Dünya İncəsənət və Elm Akademiyası (WAAS) və The Economist jurnalı ilə birgə yan tədbirlərin (side event) keçirilməsinin nəzərdə tutulduğu bildirilib.

Toplantıda həmçinin Bakıda keçiriləcək XIII Ümumdünya Şəhərsalma Forumu (WUF13) çərçivəsində Mərkəzin iştirakı və dəstəyi, eləcə də UN-HABITAT ilə bu istiqamətdə əməkdaşlıq müzakirə olunub.

Qeyd edilib ki, növbəti hazırlıq toplantısı Səudiyyə Ərəbistanının Riyad şəhərində keçiriləcək.

image description image description