"Yüksəliş" müsabiqəsinin qalibləri üçün "Ədibin Evində Yüksəliş" silsilə görüşlərinin ilk sessiyası keçirilib

"Yüksəliş" müsabiqəsinin qalibləri üçün "Ədibin Evi" Ədəbiyyata Dəstək Fondunda "Ədibin Evində Yüksəliş" silsilə görüşlərinin ilk sessiyası keçirilib.

Aznews.az xəbər verir ki, silsilə görüşlərin əsas məqsədi Azərbaycan Prezidenti İlham Əliyevin çıxışlarında qeyd etdiyi strateji idarəetmədə azərbaycançılıq ideyasına, Azərbaycan mədəniyyətinin təşviqinə, milli-mənəvi dəyərlərin qorunmasına, eləcə də xüsusi vurğuladığı Azərbaycan dilinin milli kimliyin, dövlətçilik düşüncəsinin və strateji idarəetmənin əsas dayaqlarından biri olması fikrinin idarəçilər arasında daha dərindən təşviq edilməsidir.

Bu kontekstdə ana dilinin ünsiyyət vasitəsi olmaqla yanaşı, milli ideologiyanın və intellektual məsuliyyətin daşıyıcısı kimi rolu diqqət mərkəzində saxlanılacaq.

Silsilə görüşlərin ilk sessiyasında Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri, "Yüksəliş" müsabiqəsinin Təşkilat Komitəsinin sədri Fərəh Əliyeva, ADA Universitetinin rektoru Hafiz Paşayev, "Ədibin Evi"nin təsisçiləri filoloq-ədəbiyyatşünas, professor Ədibə Paşayeva və ədəbiyyatşünas alim, professor Təhsin Mütəllimov, eləcə də gənclər və idman nazirinin müavini, "Yüksəliş" İşçi Qrupunun rəhbəri Fərhad Hacıyev iştirak ediblər.

Görüşün açılışını "Ədibin Evi"nin icraçı direktoru Şəfəq Mehrəliyeva edib, layihənin məqsədi və məzmunu barədə ətraflı məlumat verib. O qeyd edib ki, görüşlər çərçivəsində qonaq natiqlər qismində "Ədibin Evi"nin ekspertləri çıxış edəcək, ədəbiyyatın, dilin və milli-mənəvi irsin liderlik və idarəçilik təfəkkürünə təsiri elmi və praktik aspektlərdən təhlil olunacaq.

İlk görüş akademik Nizami Cəfərovun təqdimatında "Azərbaycan dilinin ideoloji əsasları" mövzusuna həsr edilib. Görüşdə "Yüksəliş" müsabiqəsinin qalibləri və İşçi Qrupun üzvləri XX əsr Azərbaycan milli ədəbi-bədii fikir tarixinin görkəmli nümayəndəsi, yazıçı, alim və pedaqoq Mir Cəlalın Bakıdakı ilk ünvanı olan, İçərişəhərdə yerləşən "Ədibin Evi"ndə bir araya gəliblər.

Akademik mövzu ətrafında ətraflı çıxış edərək Azərbaycan dilinin tarixi inkişaf yolu, ideoloji mahiyyəti və dövlətçilik baxımından əhəmiyyəti barədə fikirlərini qaliblərlə bölüşüb. Görüşün davamında qaliblərin ünvanladıqları suallar cavablandırılıb, müzakirələr interaktiv və maraqlı diskussiya şəklində davam edib.

"Yüksəliş" müsabiqəsi Prezident İlham Əliyevin 26 iyul 2019-cu il tarixində imzaladığı Sərəncamla təsis olunub. Müsabiqə qalibləri mentorlar tərəfindən birillik fərdi inkişaf planı və özünüinkişaf üçün 20 min manat məbləğində pul mükafatı əldə edirlər.

Sayca altıncı "Yüksəliş" müsabiqəsinin keçirilməsi ilə bağlı Prezident İlham Əliyev tərəfindən 10 dekabr 2025-ci il tarixində müvafiq Sərəncam imzalanıb.

image description image description image description image description image description