Əziz Ələkbərli: Qərbi Azərbaycanda 740 müsəlman qəbiristanlığının yeri müəyyənləşdirilib

Qərbi Azərbaycanda 740 müsəlman qəbiristanlığının koordinatları müəyyən edilib.

Aznews.az xəbər verir ki, bunu Qərbi Azərbaycan İcmasının (QAİ) rəhbəri Əziz Ələkbərli Qafqaz Müsəlmanları İdarəsində (QMİ) keçirilən birgə tədbirdə deyib.

Onun sözlərinə görə, müsəlman qəbiristanlıqlarının əksəriyyəti yer üzündən silinməkdədir:

"Bəzilərinin üzərində erməni qəbiristanlığı salınıb. Bu, dəhşətli faktlardır və dünya ictimaiyyətinə çatdırılmalıdır. Bununla bağlı QMİ ilə müştərək tədbirlər keçirilməlidir".

İcma sədri çıxışında qeyd edib ki, tarixən Qərbi Azərbaycan ərazilərində əhali dinə bağlı olub:

"Firidun bəy Köçərli İrəvan şəhəri ilə bağlı yazırdı ki, Şəhri-İrəvan keçmişdə mərkəzi-üləma, füzəla və şüəra olub. Həmçinin tədqiqatçı İvan Şopenin araşdırmalarına əsasən, vaxtilə İrəvan şəhərində mövcud olmuş 12 məsciddən 10-nun şəhərin özündə yerləşdiyi bildirilib. Qeyd olunub ki, İrəvanın Təpəbaşı məscidinin yalnız qalıqları günümüzədək gəlib çatıb, bir çox məscidlər isə tamamilə yer üzündən silinib. Ümumilikdə 17 mahalı əhatə edən coğrafiyada 500-dən artıq məscidin mövcudluğu müəyyən edilib, təxminən 300 məsciddən heç bir iz qalmayıb".

Ə.Ələkbərli diqqətə çatdırıb ki, müsəlman dini abidələrinin qorunması məsələsi xüsusi əhəmiyyət daşıyır.