- Ermənistan və Gürcüstan
- 8 Avqust 2023 14:41
- 7 676
Gürcüstan prezidenti: Rusiya torpaqlarımızın 20 faizini işğal edib
"Rusiya Federasiyası Gürcüstan ərazisinin 20 faizini işğal altında saxlamaqda davam edir".
Aznews.az xəbər verir ki, bu barədə Gürcüstan prezidenti Salome Zurabişvili qeyd edib.
Zurabişvili 2008-ci ildə Rusiya ilə Gürcüstan arasında baş verən “Cənubi Osetiya müharibəsi”nin 15-ci ildönümü münasibətilə sosial media hesabından yazılı açıqlama verib.
Gürcüstanın ərazi bütövlüyünü sülh üsulları ilə təmin edəcəyini bildirən Zurabişvili, "Rusiya təcavüzkar və işğalçıdır. 2008-ci il müharibəsindən 15 il keçməsinə baxmayaraq, bütün beynəlxalq prinsiplərə məhəl qoymayaraq, hələ də torpaqlarımızın 20 faizini işğal altında saxlayır",-deyə bildirib.
Gürcüstanın baş naziri İrakli Qaribaşvili də müharibənin 15-ci ildönümü ilə əlaqədar Tiflis yaxınlığındakı Muxatqverdidəki “Qardaşlıq qəbiristanlığı”na gələrək əklil qoyub.
Burada açıqlama verən Qaribaşvili Rusiya ilə müharibədə həyatını itirənlərə təşəkkürünü bildirib və deyib: "Bizim əsas mübarizəmiz bu işğala son qoymaqdır. Biz Rusiyanın işğalçı və təcavüzkar olduğunu bilirik. Bunu çoxdan bütün dünya bilir”.
Ölkəsinin ərazi bütövlüyünü sülh yolu ilə bərpa etməyin mümkün olduğunu deyən Qaribaşvili, "Dostlar, sülhün alternativi yoxdur. Biz öz düzgün, ağıllı və praqmatik siyasətimizlə torpaqlarımızı sülh yolu ilə geri almalıyıq. Biz bu böyük məqsədə hər gün daha da yaxınlaşırıq”,-deyə vurğulayıb.
Mövsüm