Ermənistanda Azərbaycanın ərazi bütövlüyünə qarşı olan qanun layihəsi dəstəklənmədi

Ermənistan parlamentinin dövlət-hüquqi məsələlər üzrə komissiyası "Ayakve" ictimai-siyasi qrupu tərəfindən irəli sürülən və Cinayət Məcəlləsinə dəyişiklik edilməsini nəzərdə tutan təşəbbüsün əleyhinə səs verib.

Aznews.az bu barədə erməni KİV-inə istinadən xəbər verir.

Məlumata görə, komissiyanın müxalifət fraksiyasından olan üç üzvü qanun layihəsinin lehinə, hakim “Vətəndaş Müqaviləsi” partiyasının səkkiz üzvü isə əleyhinə səs verib.

Qeyd edək ki, təklif olunan təşəbbüs Ermənistanın Qarabağdan imtinasının cinayət hesab olunmasını nəzərdə tuturdu.

Xatırladaq ki, bir qədər əvvəl erməni KİV-ində "Ayakve" ictimai-siyasi qrupu tərəfindən etiraz aksiyasının keçirildiyinə dair məlumat yayılıb.

Parlament binasının qarşısında keçirilən etiraz aksiyasının iştirakçıları baş nazir Nikol Paşinyan hökumətinin siyasətinə qarşı narazılıqlarını bildiriblər.