• Paytaxt
  • 28 Sentyabr 11:37
  •  2 441

TÜRKPA-ya sədrlik Azərbaycandan Qazaxıstana keçib

Sahibə Qafarova yaxın gələcəkdə TÜRKPA-nın genişlənəcəyinə, tam hüquqlu üzvlərin artacağına inamını ifadə edib

Sentyabrın 28-də Qazaxıstan Respublikasında səfərdə olan Milli Məclisin sədri Sahibə Qafarova TÜRKPA Şurasının iclasında iştirak edib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, tədbirdə açılış nitqi söyləyən TÜRKPA-nın fəaliyyətdə olan sədri Sahibə Qafarova xatırladıb ki, qurumun 2019-cu ildə Bakıda keçirilən 9-cu plenar iclasında təşkilata sədrlik Türkiyə parlamentindən Azərbaycan parlamentinə keçmişdi.

Ötən dövrdə TÜRKPA-nın işinin səmərəli qurulması və gücləndirilməsi istiqamətində müxtəlif tədbirlər həyata keçirilib. Bu gün isə Qazaxıstan tərəfi TÜRKPA-ya sədrlik missiyasını öz üzərinə götürür.

Sədrliyi Qazaxıstan Parlamenti Məclisinin sədri Nurlan Niqmatulinə təhvil verən Azərbaycan parlamentinin rəhbəri Sahibə Qafarova həmkarına uğurlar arzulayıb.

Sonra S.Qafarova TÜRKPA-nın Şura iclasında Azərbaycanın bu quruma sədrlik etdiyi dövrdə (dekabr 2019-sentyabr 2021) görülmüş işlərə dair məlumat verib.

Çıxışında ötən ilin payızında Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə aparılan 44 günlük Vətən müharibəsindən söz açan Sahibə Qafarova bildirib ki, nəticədə Azərbaycan torpaqlarının Ermənistan tərəfindən 30 illik işğalına son qoyulub, dövlətimizin ərazi bütövlüyü bərpa olunub, regionda tamamilə yeni geosiyasi mənzərə yaranıb.

İkinci Qarabağ müharibəsi dövründə TÜRKPA-nın göstərdiyi fəaliyyəti yüksək qiymətləndirən Azərbaycan parlamentinin rəhbəri cəbhə xəttindən uzaqda yerləşən Gəncə, Bərdə və Tərtər şəhərlərinə, Ermənistanın ballistik raketlər və kasetli mərmilərlə atəşə tutduğu digər yaşayış məskənlərimizə TÜRKPA Katibliyi əməkdaşlarının çoxsaylı səfərlər etməsini, gerçəkliyi əks etdirən məlumatların və foto materialların beynəlxalq təşkilatlara göndərilməsini qeyd edib. Bildirib ki, Ermənistan tərəfindən mülki şəxslərə qarşı törədilən terror aktları və hərbi cinayətlər TÜRKPA tərəfindən şiddətlə qınanılıb və müvafiq bəyanatlar verilib, Assambleya münaqişənin Azərbaycanın ərazi bütövlüyü və suverenliyi əsasında həllini dəstəklədiyini qətiyyətlə bəyan edib.

Sonra TÜRKPA-dakı həmkarlarına hesabatı təqdim edən S.Qafarova bildirib ki, ötən dövrdə COVİD-19 pandemiyası səbəbindən bəzi tədbirlər təxirə salınsa da, əksər tədbirlər, o cümlədən komissiya iclasları onlayn formatda keçirilib. Dayanıqlı iqtisadi bərpanın formalaşdırılmasında regionlararası əməkdaşlığa həsr olunmuş videokonfransda pandemiyanın nəticələrinə qarşı birgə mübarizə aparılması, “Türk dünyasının dünəni, bu günü və gələcəyi” mövzusunda simpoziumda türk əməkdaşlıq təşkilatları çərçivəsində gələcək iş birliyinin perspektivləri müzakirə edilib, İkinci Qarabağ müharibəsində Azərbaycanın qazandığı böyük Zəfərin türk dünyası üçün əhəmiyyətindən bəhs olunub.

Şura üzvlərinə məlumat verilib ki, İstanbul Sazişinə istinadən, qurumun komissiyalarında üzv ölkələrin qanunvericiliyinin yaxınlaşdırılması diqqətdə saxlanılıb. Bu günədək hazırlanan 6 model qanundan beşini Azərbaycan, birini isə Türkiyə parlamenti təqdim edib. Məruzəçi qurumdakı bütün parlamentləri bu prosesdə fəal iştirak etməyə çağırıb.

Spiker S.Qafarova diqqətə çatdırıb ki, Azərbaycan parlamenti TÜRKPA-nın institusional inkişafına da xüsusi diqqət ayırıb. Sədrliyimiz dövründə qurumun hüquqi bazasının cari vəziyyəti, hüquqi sənədlərinin təkmilləşdirilməsi yolları müzakirə edilib. Qadın Parlamentarilər Qrupu, Gənc Parlamentarilər Qrupu və Model qanun haqqında Əsasnamələr hazırlanaraq komissiyalarda baxılıb, plenar iclasa təqdim olunub. Azərbaycan Milli Məclisinin TÜRKPA-ya sədrliyi dövründə beynəlxalq əməkdaşlıq əlaqələri xeyli genişlənib.

Azərbaycanın sədrliyi dövründə qurumun fəaliyyəti barədə Şurada ətraflı məlumat verən Sahibə Qafarova yaxın gələcəkdə TÜRKPA-nın genişlənəcəyinə, tam hüquqlu üzvlərin artacağına inamını ifadə edib.

Sonra Şuranın gündəliyində dayanan digər məsələlər, TÜRKPA-nın hüquqi sənəd layihələri, model qanun layihələri, seçkilər və referendumlar haqqında hesabatlar, təşkilati məsələlər, növbəti ildə təşkilatın fəaliyyəti, plenar iclasın gündəliyi və digər sənədlər təsdiq olunub.

Bununla da TÜRKPA-nın Şura iclası başa çatıb.