- Qayıdış
- 16:22
- 1 923
Növbəti köç karvanları Ağdərə rayonuna çatıb, açarlar təqdim olundu - FOTO
Martın 17-də Ağdərə rayonuna növbəti köç olub.
Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, rayonun Aşağı Oratağ kəndində sakinlərə mənzillərin açarları təqdim olunub.
Köç mərhələsi çərçivəsində Ağdərə rayonu üzrə 5 kəndə ümumilikdə 41 ailə, 201 nəfər köçürülüb. Rayonun Aşağı Oratağ kəndinə 108 nəfərdən ibarət 21 ailə, Çıldıran kəndinə 13 nəfərdən ibarət 3 ailə, Çapar kəndinə 17 nəfərdən ibarət 4 ailə, Həsənriz kəndinə 29 nəfərdən ibarət 6 ailə, Heyvalı kəndinə isə 34 nəfərdən ibarət 7 ailə doğma yurduna qayıdıb.
Tədbirdə çıxış edən Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən bərpa və yenidənqurma işləri, həmçinin mərhələli köç prosesi barədə məlumat verib. Bildirib ki, dövlət başçısının tapşırıqlarına uyğun olaraq bölgədə geniş tikinti-quruculuq işləri aparılır, infrastruktur layihələri həyata keçirilir və keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı ardıcıl şəkildə təmin olunur. Yeni köçürülən sakinlər isə yaradılan şəraitə görə minnətdarlıqlarını bildirərək, doğma yurdlarında yaşamağın sevincini bölüşüblər.