102 vəkil and içərək fəaliyyətə başladı - FOTO

İyulun 1-də Azərbaycan Respublikası Vəkillər Kollegiyası Rəyasət Heyətinin geniştərkibli iclası və vəkilliyə qəbulla bağlı ixtisas imtahanlarını və icbari təlimi müvəffəqiyyətlə başa vuran namizədlərin təntənəli andiçmə mərasimi keçirilib

Mərasimdə Vəkillər Kollegiyası Rəyasət Heyətinin üzvləri, Azərbaycan Respublikası Məhkəmə Hakimləri Assosiasiyaları İttifaqının rəhbərliyi, Mediasiya Şurasının rəhbərliyi, vəkil qurumlarının rəhbərləri, hüquq müdafiəçiləri və KİV nümayəndələri iştirak edib.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət himni və Vəkil Marşı səsləndirilib.

Daha sonra açılış nitqi ilə çıxış edən Vəkillər Kollegiyasının sədri Anar Bağırov bildirib ki, 2005-2017-ci illər ərzində vəkilliyə qəbulla bağlı keçirilən 5 yazılı test imtahanının nəticəsində 575 namizəd uğur qazanaraq Vəkillər Kollegiyası üzvlüyünə qəbul olunub. Qeyd edib ki, 2017-ci il üçün vəkillərin ümumi sayı 931 nəfər təşkil edib. 2018-2022-ci illər arasında keçirilən 9 yazılı test imtahanlarının nəticəsində 1303 nəfər ixtisas imtahanlarını müvəffəqiyyətlə başa vuraraq icbari təlimə cəlb olunub.

Sədr bildirib ki, bu gün Kollegiyaya üzv qəbul olunacaq namizədlərdən 90 nəfəri vəkilliyə qəbulla bağlı yazılı test və şifahi müsahibədə uğur qazanıb və icbari təlimi başa vuraraq andiçmə mərasiminə buraxılıb. Əvvəllər hakim işləmiş 10, əvvəllər vəkil işləmiş 2 namizəd qanunvericiliyə uyğun olaraq şifahi müsahibədə uğur qazanaraq icbari təlimə cəlb olunmadan andiçmə mərasiminə buraxılıb.

A.Bağırov namizdələrdən 81 nəfərin kişi, 21 nəfərin isə qadın olduğunu deyib. Bildirib ki, Azərbaycanda qadın vəkillərin sayı 402 nəfər olmaqla ümumi vəkillərin 18%-ni təşkil edir.

Daha sonra tədbirdə 102 nəfər yeni namizəd and içib. Onlara yeni nəsil Vəkillər Kollegiyası üzvünün vəsiqəsi təqdim edilib.

Bununla da Azərbaycanda vəkillərin ümumi sayı 2237 nəfərə çatıb.

image description image description image description image description image description image description