- Paytaxt
- 16 May 12:56
- 931
NK-nın Milli Məclisdə hesabat verdiyi tarixin dəyişdirilməsi təklifi ilk oxunuşda qəbul edilib

Milli Məclis Nazirlər Kabinetinin qanunverici orqanda hesabat verdiyi tarixin dəyişdirilməsi haqqında qanun layihəsini ilk oxunuşda qəbul edib.
Bununla bağlı “Azərbaycan Respublikasının Milli Məclisinin Azərbaycan Respublikasının Nazirlər Kabinetinə etimad məsələsinin həll edilməsi hüququnun əlavə təminatları haqqında” Konstitusiya Qanununda dəyişiklik layihəsi parlamentin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb.
Qeyd edilib ki, qüvvədə olan qanuna görə, Nazirlər Kabineti hər il Milli Məclisin yaz sessiyasının beşinci iclasında illik fəaliyyət haqqında hesabat verir.
Təklif edilən dəyişikliklə Nazirlər Kabinetinin hesabatı hər il martın 31-dək təqdim ediləcək.
Layihəyə əsasən, dəyişikliyin məqsədi Nazirlər Kabinetinin Milli Məclis qarşısında verdiyi hesabatın təqdim edilmə prosedurunun çevikliyinin artırılması ilə bağlıdır. Təqdim olunan dəyişikliyə uyğun olaraq Nazirlər Kabinetinin hesabatının vaxtı iki orqan arasında razılaşdırılmaqla və hər iki orqanın iş qrafikinə daha uyğun vaxtda müəyyən ediləcək. Bununla belə, layihədə hesabatın verilməsi vaxtının martın 31-dək, yəni ilin I rübü ilə məhdudlaşıdırlması təklif olunur. Bu müddəa hesabatların təqdim olunması ilə bağlı formalaşmış təcrübəyə əsaslanır.
Qeyd olunub ki, Milli Məclisə hesabat və ya məruzə təqdim edən digər orqanlar üçün hesabat və ya məruzələrin Milli Məclisin sayca məhz hansı iclasında təqdim edilməsi ilə bağlı müddəa qanunvericilikdə nəzərdə tutulmur.
Layihə müzakirələrdən sonra səsverməyə çıxarılaraq ilk oxunuşda qəbul edilib.