Səfir: Azərbaycanın Mərkəzi Asiya formatına qoşulması Asiyadan Avropaya vahid strateji məkan formalaşdırır

Azərbaycanın Mərkəzi Asiya dövlət başçılarının məsləhətləşmə görüşləri formatına qoşulması dialoq, əməkdaşlıq və qarşılıqlı dəstək üçün yeni platforma açır.

Aznews.az xəbər verir ki, bu barədə Azərbaycanın İsveçdəki səfiri Zaur Əhmədov "Geopolitika" nəşri üçün yazdığı məqalədə bildirib.

Z.Əhmədov vurğulayıb ki, noyabrın 16-da Daşkənd sammitində Azərbaycanın bu regional formata qoşulması ilə bağlı qəbul edilmiş tarixi qərar əməkdaşlıq üçün yeni səhifə açır.

"Bu qərar təkcə ciddi rəmzi əhəmiyyət daşımır, həm də Azərbaycan və Mərkəzi Asiya ölkələrinin Asiyadan Avropaya uzanan vahid strateji məkan kimi çıxış etdiyi yeni geosiyasi və geoiqtisadi reallıq formalaşdırır", - o qeyd edib.

Diplomat vurğulayıb ki, bir neçə il ərzində Azərbaycan və Mərkəzi Asiya dövlətləri müxtəlif regional formatlarda, ilk növbədə, Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində əməkdaşlığı möhkəmləndirir. Bu əməkdaşlıq məsləhətləşmə görüşlərində tam hüquqlu iştirakla yeni səviyyəyə yüksəlir.

Z.Əhmədov həmçinin qeyd edib ki, qlobal qeyri-müəyyənlik və iqtisadi mərkəzlərin yerdəyişməsi dövründə Mərkəzi Asiya dayanıqlılıq və proqnozlaşdırılma mümkünlüyü nümayiş etdirən bir regiona, beynəlxalq diplomatiya mərkəzinə çevrilir, Aİ, ABŞ və Çinin artan marağı isə regionun əhəmiyyətini nümayiş etdirir.

Onun sözlərinə görə, Azərbaycan da bu dinamikaya töhfə vermək üçün əlverişli mövqeyə malikdir. "Xəzər sahilindəki coğrafi mövqeyimiz sayəsində biz Mərkəzi Asiya və Avropa arasında təbii körpü rolunu oynayırıq. Orta Dəhlizə investisiyalar, Bakı limanının modernləşdirilməsi, dəmir yolu və avtomobil infrastrukturunun inkişafı regionları daha da sıx əlaqələndirir. Son illər Azərbaycan üzərindən yük daşımalarının həcminin təxminən 90 % artması bu marşrutun əhəmiyyətinin nə qədər sürətlə artdığını göstərir", - səfir yazır.

O əlavə edib ki, Mərkəzi Asiya ölkələri, xüsusən Qazaxıstan, Özbəkistan və Türkmənistanla energetika, nəqliyyat və rəqəmsallaşma sahələrində daha sıx əməkdaşlıq vahid Avrasiya nəqliyyat məkanını formalaşdırır.

"Bununla yanaşı, biz Tacikistan və Qırğızıstanla da qarşılıqlı hörmət, praqmatizm və inklüzivlik əsasında geniş əməkdaşlıq edirik", - Z.Əhmədov deyib.