- Redaktor masası
- 16:17
- 1 283
YAP və Azərbaycanda modernləşmə hərəkatı
1992-ci ilin payızında bir ildir yenidən müstəqilliyini qazanmış Azərbaycanda suverenliyin nə qədər böyük təhlükə altında olması bu gündən baxanda daha aydın görünür. Bir neçə xarici dövlətin hərbi və siyasi dəstəyini arxasına almış Ermənistan işğalçılıq siyasətini genişləndirir, SSRİ ilə birlikdə çökmüş sosial-iqtisadi sistem vətəndaşları ağır güzərana məhkum edir, siyasi sistemin formalaşmaması fonunda xaos gündən-günə dərinləşir. Bir neçə aydır iqtidara gəlmiş Azərbaycan Xalq Cəbhəsi hakimiyyəti mərkəzləşdirə, siyasi konsensus yarada, zamanın və toplumun təhlükəsizlik çağırışlarına adekvat siyasət qura bilmir. Oxlokratik rejim öz daxilində parçalanır, ordu quruculuğu lazım olan səviyyədə getmir, sabitlik bərqərar olmur, əhalinin gündəlik dolanışıq tələbatları qarşılanmır.
Azərbaycanın tarixən yetişdirdiyi ən qüdrətli isimlərindən biri, uzun illər sovet Azərbaycanına rəhbərlik etmiş və SSRİ kimi nəhəng imperiyanın rəhbərliyində təmsil olunmuş Heydər Əliyev 91 nəfər ictimai-siyasi xadimin çağırışı ilə Yeni Azərbaycan Partiyasını qurur. Yeni partiyanın yaradılması ilə bağlı ziyalılardan aldığı müraciət, əlbəttə, Heydər Əliyev çapında bir xarizmatik lider üçün taleyüklü deyildi, lakin Azərbaycanın mövcud ictimai-siyasi vəziyyətində ölkəni fəlakətə gedən yoldan döndərilməsi üçün bir manifest idi.
Beləliklə, 21 noyabr 1992c- ildə Naxçıvanda Heydər Əliyevin sədrliyi ilə Yeni Azərbaycan Partiyasının təsis konfransı keçirildi. Partiyanın Sədri, Sədr müavinləri, Siyasi Şurası, İdarə Heyəti və digər strukturları formalaşdı, proqramı, nizamnaməsi qəbul edildi. Dekabr ayının 18-də partiya Ədliyyə Nazirliyində qeydiyyatdan keçərək müstəqil Azərbaycanın siyasi sistemində hüquqi şəxs kimi yer aldı.
Partiyanın yaranması Heydər Əliyevin möhtəşəm liderlik bacarıqları ilə yeni siyasi platform qurulması anlamına gəlirdi. Qısa zamanda YAP Azərbaycanın sabitlik və inkişaf yolunda strateji bir aktor kimi formalaşdı və siyasi sferada milli maraqları ön plana çıxardı. Yaranmasından heç bir ili tamam olmamış YAP-ı Heydər Əliyev hakimiyyətə gətirdi. Bəli, Heydər Əliyevi YAP yox, YAP-ı Heydər Əliyev iqtidara daşımışdı. Fəqət Heydər Əliyevin strateji viziyasının dəstəklənməsində üzv və tətəfdarları getdikcə artan YAP xüsusi rol oynayırdı.
Heydər Əliyev viziyası nədən ibarətdir? Bu suala ən qısa və ən sərrast cavabı belə vermək olar-Azərbaycançılıq!
Bəli, Heydər Əliyevin ideoloji platformasının əsasında məhz Azərbaycan məfkurəsi dayanır. YAP bu ideya əsasında kütləvi və hakim partiya olub. Heç kəs unutmamalıdır ki, prezident İlham Əliyevlə davam edən hakimiyyətin ən önəmli bazasını məhz Azərbaycançı ictimai düşüncə yaradır.
İlham Əliyev Yeni Azərbaycan Partiyasının III qurultayında- 26 mart 2005-ci ildə sədr seçildi. 2001-ci ildə- yaranma günündə partiyanın II qurultayı keçirilmiş, nizamnaməyə dəyişiklik edilmiş, partiya sədrinin I müavini postu yaradılmış və bu post İlham Əliyevə həvalə olunmuşdu.
Üzərindən 21 il keçəcək, YAP-ın yaranmasının 30-cu ildönümündə prezident İlham Əliyev deyəcəkdi:
“Təsəvvür edin ki, Heydər Əliyev hakimiyyətə gələnə qədər Azərbaycan artıq müstəqil dövlət idi, amma bizim Konstitusiyamız yox idi. Konstitusiyanın qəbul edilməsi çox önəmli tarixi hadisədir. Dövlətçiliyin əsasları qoyulmuşdur, dövlət təsisatları düzgün zəmində formalaşmışdır”.
Möhtərəm prezidentimizin də dediyi kimi, 1995-ci ildə qəbul olunmuş Ana Yasa dövlətçiliyimizin əsaslarını yaradıb. Bu əsaslar, eyni zamanda, “biz necə tərəqqi edəcəyik” sualına cavab olaraq hazırlanmış yol xəritəsidir.
Xəritədən söz düşmüşkən, konstitusiyamız qəbul olunanda Şuşa, Xankəndi, Laçın və işğal altında olan digər torpaqlarımızla bağlı paradoksal bir vəziyyət vardı. Xəritəmiz hüquq müstəvində tam, amma fiziki mənada natamam idi.
YAP-ın vaxtilə işğal altında olan bölgələrimizi əhatə edən təşkilatları bu gün öz doğma yurdlarında tədbirlər keçirir. “Laçında YAP-ın təsis edilməsinin 33-cü ildönümü qeyd olunub” başlıqlı xəbərlər yayılır və xəbərlərdən oxuyuruq ki, bu münasibətlə təşkil olunan ekoloji aksiyada 100 ədəd ağac əkilib.
Əminəm ki, 100 il sonra Azərbaycanın siyasi tarixini araşdıran tədqiqatçılarımız bir prinsipial məsələyə mütləq toxunacaq və deyəcəklər:
YAP Azərbaycanın modernləşmə hərəkatıdır!
Bəli, tarixdən bu günə Azərbaycanın modernləşməsinə YAP qədər heç bir başqa partiya töhfə verməyib və bizə müasir xalqlar arasında mövqe qazandıran bu hərəkata sadiq olmayıb.
Taleh Şahsuvarlı,
AzNews.az analitik-informasiya portalının Baş redaktoru