- Siyasi müzakirə
- 17:41
- 1 375
“Azərbaycan yaratdığı reallıqla yeni mərhələ qurur” - Şəhla Cəlilzadə
“8 avqust 2025-ci il tarixində Azərbaycan və Ermənistan hakimiyyəti sülh istiqamətində böyük bir addım ataraq sülh müqaviləsinin mətnini parafladılar. Bu çərçivədə həmçinin TRIPP adı altında Zəngəzur dəhlizinin açılması istiqamətində inisiativi reallaşdırmaq üçün birgə işçi qrupunun yaradılması qərara alındı. Paşinyan müvafiq işçi qrupu çərçivəsində Azərbaycanla fəaliyyətini sinxronizə etmək niyyətlərini bəyan etdi. TRIPP marşrutunun yaradılması istiqamətində ilkin addımlar artıq atılmaqdadır. 8 avqustdan sonrakı dövrü Ermənistan üçün “sülh erası” adlandıran və “IV Respublika” tezisi ilə çıxış edən Paşinyan sülh gündəliyindən geri çəkilməyəcəyini bəyan edib. Lakin Zəngəzur dəhlizi ifadəsinin işlədilməsi Ermənistanın bir sıra siyasi dairələrində təhdid olaraq qavranılır, Azərbaycanın Ermənistana ərazi iddiası olaraq başa düşülür, odur ki, sülhü sabotaj etməyə çalışan qüvvələr, o cümlədən revanşistlər bundan həm də Paşinyana təzyiq olaraq istifadə etməyə çalışırlar”.
Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Şəhla Cəlilzadə deyib.
Qeyd edək ki, Zəngəzur dəhlizi ilə bağlı son açıqlamalar regionda siyasi gərginliyi artırıb. Türkiyənin xarici işlər naziri Hakan Fidan layihənin strateji əhəmiyyətini vurğulayaraq bildirib ki, Zəngəzur dəhlizi Azərbaycanın əsas hissəsi ilə Naxçıvanı birləşdirəcək və Türkiyə bu prosesdə tranzit imkanlarını genişləndirən tərəf kimi iştirak edir. Bu bəyanatdan sonra Ermənistan Baş naziri Nikol Paşinyan sərt reaksiyası ilə diqqət çəkib. O qeyd edib ki, Ermənistan ərazisindəki infrastrukturun adlandırılması yalnız rəsmi İrəvanın hüququdur və “Sülh dəhlizi” və TRIPP layihələri xaricindəki terminləri qəbul etmirlər. Fidan əlavə edib ki, Zəngəzur dəhlizi hazırda Azərbaycan və Ermənistan arasında müzakirə mövzusudur və dəhliz hələ istifadəyə verilmədiyindən ticarət hazırda Gürcüstan və İran vasitəsilə həyata keçirilir.
Siyasi şərhçi qeyd edib ki, Paşinyan daxili auditoriyanı, xüsusilə seçkiöncəsi dövrü nəzərə alaraq, sakitləşdirmək üçün müvafiq açıqlamalar verir və Zəngəzur dəhlizi ifadəsinin işlədilməsi əleyhinə mövqe bildirir.
"Paşinyan sentyabrda BMT Baş Assambleyasının 80-ci sessiyasında çıxışında bu ifadənin Ermənistana torpaq iddiası kimi qəbul olunduğunu dilə gətirmişdi. Daha sonra AŞPA-da çıxış edərkən isə “Zəngəzur dəhlizi ifadəsi heç bir sənəddə yoxdur və olmayacaqdır” demişdi. Azərbaycan isə yaratdığı de-fakto vəziyyət və geosiyasi reallıq var. Zəngəzur ifadəsi beynəlxalq sənədlərdə də öz əksini tapır, məsələn, TDT-nin Qəbələ Bəyannaməsini və s. qeyd etmək olar. Paşinyanın belə bir ifadəsi də var ki, “Azərbaycanda dəhlizin ‘Zəngəzur’ adlandırılması sülhə heç bir təhdid törətmir. Dəhlizin Horadiz–Zəngilan hissəsinə Azərbaycanda nə istəyirlər, ad verə bilərlər, o cümlədən onu Zəngəzur dəhlizi də adlandıra bilərlər”. Eyni məntiqlə yanaşdıqda, Ermənistanda da dəhlizə nə istəyirlər, ad verə bilərlər. Ermənistandan keçən dəhlizi istəsələr “Paşinyan yolu”, istəsələr “Tramp yolu” adlandırsınlar, bu, Azərbaycanın yaratdığı reallığı dəyişmir. Azərbaycanın tarixi torpaqlarından keçməklə Türkiyə ilə birbaşa nəqliyyat, gələcəkdə həm də enerji dəhlizi formalaşacaq. Azərbaycan Prezidenti dəfələrlə bəyan edib ki, bizim Ermənistana heç bir ərazi iddiamız yoxdur, lakin azərbaycanlılar Zəngəzur dəhlizindən sülh, ticarət, nəqliyyat məqsədləri ilə istifadə edəcəkləri kimi, Ermənistana da gedib-gələcəklər. Odur ki, Zəngəzur dəhlizinə paralel olaraq sərhədlər də açıla bilər. Bu, regionun daha sıx inteqrasiyasına səbəb olmaqla yanaşı, həm də yeni qlobal dəhlizin tam olaraq formalaşması demək olacaq".
Rəfiqə Namazəliyeva,
AzNews.az