- Paytaxt
- 19:05
- 1 220
Kamran Əliyev: Ermənistan vətəndaşlarının müharibə cinayətləri ilə bağlı məhkəmədə əməkdaşlarımız uğurla iştirak ediblər
Ermənistan vətəndaşları tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə, müharibə cinayətləri və digər xüsusilə ağır cinayətlərin ibtidai istintaqında və məhkəmə proseslərində prokurorluq əməkdaşları uğurla iştirak ediblər.
Aznews.az xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev 2025-ci ilin yekunlarına görə həvəsləndirilmiş "İlin ən yaxşı müstəntiqi, dövlət ittihamçısı, prokuroru" müsabiqələrinin qalibi olmuş prokurorluq işçilərinin və "Prokurorluğun dostu" seçilmiş media nümayəndələrinin mükafatlandırma mərasimində çıxış edərkən deyib.
O qeyd edib ki, bu nəticələrin arxasında prokurorluq işçilərinin aylarla davam edən gərgin əməyi, prinsipiallığı və peşəkar fəaliyyəti dayanır:
"Cinayət işlərinin hərtərəfli və obyektiv araşdırılması, təkzibolunmaz sübutlar bazasının toplanması üçün hər bir əməkdaş böyük əzm göstərib. Xüsusilə vurğulanmalıdır ki, bütün bu nailiyyətlər, eləcə də beynəlxalq hüquq normalarına uyğun olaraq çıxarılan ədalətli hökmlər və şəffaf məhkəmə prosesləri, ilk növbədə, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən genişmiqyaslı hüquqi islahatların və qətiyyətli siyasi iradənin məntiqi nəticəsidir".
Mərasim zamanı, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi sədrinin 19 yanvar 2026-cı il tarixli sərəncamı ilə "Azərbaycan Respublikası Konstitusiyasının 30 illiyi (1995–2025)" Azərbaycan Respublikasının yubiley medalı ilə təltif edilmiş Azərbaycan Respublikası Baş prokurorunun birinci müavini və müavinlərinə, habelə Baş prokurorun müvafiq əmri ilə xidməti vəzifələrini nümunəvi icra etməsinə görə həvəsləndirilmiş prokurorluq əməkdaşlarına mükafatlar təqdim olunub.
Bundan başqa, tədbir çərçivəsində "Prokurorluğun dostu" təltifinə layiq görülmüş media qurumlarına mükafatların təqdim edilməsi mərasimi keçirilib.