- Paytaxt
- 21:36
- 947
Hyustonda Xocalı soyqırımının 34-cü ildönümünə həsr olunmuş beynəlxalq konfrans keçirilib
ABŞ-nin Texas ştatının Hyuston şəhərində fəaliyyət göstərən Müqəddəs Tomas Universitetində Xocalı faciəsinin 34-cü ildönümünə həsr olunmuş III Qlobal Dialoq Konfransı təşkil olunub.
Aznews.az xəbər verir ki, Hyuston Qardaşlaşmış Şəhərlər Assosiasiyasının təşkilatçılığı və Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə baş tutan konfrans Azərbaycan və ABŞ-nin dövlət himnlərinin səsləndirilməsi, Xocalı soyqırımı qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
"Tarixi yaddaş sülhün təməli kimi" mövzusunda keçirilən tədbirdə Azərbaycanın ABŞ-dəki səfirliyinin əməkdaşı Fərid Zeynallı, Diasporla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Səlhət Abbasova, alim-professorlar və diaspora nümayəndələri iştirak ediblər.
Hyuston Qardaşlaşmış Şəhərlər Assosiasiyasının prezidenti İradə Axundova və Azərbaycan-Amerika Təşkilatları Alyansının vitse-prezidenti Adika İqbal çıxışlarında Xocalı faciəsi ilə bağlı tarixi faktlar barədə qonaqlara məlumat veriblər.
Səlhət Abbasova isə Azərbaycan diasporunun dünyanın müxtəlif ölkələrində "Xocalıya Ədalət" şüarı ilə həyata keçirdiyi ardıcıl və genişmiqyaslı fəaliyyət barədə danışıb, Xocalı soyqırımının beynəlxalq ictimaiyyətə çatdırılması, tarixi həqiqətlərin təbliği və insanlığa qarşı törədilən cinayətlərin hüquqi-siyasi qiymət almasının vacibliyini vurğulayıb.
Azərbaycan səfirliyinin nümayəndəsi Fərid Zeynallı çıxışında iki ölkə arasında dostluq və tərəfdaşlıq münasibətlərinin inkişaf etdiyini vurğulayıb, diaspor təşkilatlarının bu münasibətlərin möhkəmlənməsində oynadığı rolu xüsusi qeyd edib.
Tədbir çərçivəsində irlandiyalı tarixçi, "44 gün: Qarabağ – işğaldan azadlığa" kitabının müəllifi Patrik Uolşun videomüraciəti nümayiş etdirilib, "Xocalı qətliamı – Azərbaycanın tarixi" adlı sənədli filmə ictimai baxış olub.
Konfrans günün ikinci yarısında panel müzakirələri ilə işini davam etdirib.
Tədbirdə Xocalı faciəsinin anılması, post-münaqişə dövründə sülh prosesi və Qarabağda aparılan bərpa-quruculuq işləri əsas müzakirə mövzuları olub.
Panel gün ərzində sual-cavab formatında müzakirələrlə işini davam etdirib.