Mikayıl Cabbarov: Mövcud iqtisadi artım templəri bizi qane etmir

Mövcud iqtisadi artım templəri Azərbaycanın potensialına uyğun deyil və bu göstəricilər bizi qane etmir.

Aznews.az xəbər verir ki, bunu “Vergi sistemində gələcəyə baxış: yeni idarəetmə modeli və data əsaslı qərarlar” Forumunda çıxışı zamanı iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

Nazir bildirib ki, ölkənin valyuta ehtiyatları, dövlət borcunun aşağı səviyyəsi və fiskal göstəricilər Azərbaycanın iqtisadi və maliyyə dayaqlarının güclü olduğunu göstərir. Bununla belə, mövcud iqtisadi artım templəri ölkə iqtisadiyyatının real potensialını tam əks etdirmir.

M.Cabbarov qeyd edib ki, bu səbəbdən iqtisadi siyasətin əsas məqsədi yeni və daha dayanıqlı iqtisadi artım mənbələrinin formalaşdırılmasıdır. Onun sözlərinə görə, bilik və texnologiyaların mənimsənilməsi, süni intellektin geniş tətbiqi və data əsaslı qərarvermə mexanizmləri iqtisadiyyatın innovativ inkişafına yeni imkanlar yaradacaq.

Nazir əlavə edib ki, “Azərbaycan 2030” inkişaf vizyonu çərçivəsində 2027–2030-cu illəri əhatə edən yeni tədbirlər paketi hazırlanır və bu sənəd artıq Azərbaycan Respublikasının İqtisadi Şurasında ilkin müzakirədən keçirilib.

M.Cabbarov vurğulayıb ki, sənəddə ixracyönümlü iqtisadiyyatın formalaşdırılması, kredit resurslarına çıxışın genişləndirilməsi və iqtisadi siyasətdə innovativ yanaşmaların tətbiqi kimi istiqamətlər nəzərdə tutulur.

Nazir həmçinin qeyd edib ki, qeyri-neft-qaz məhsullarının yeni bazarlara çıxışı və mövcud bazarlarda mövqelərin gücləndirilməsi üçün ticarət tərəfdaşlıqlarının genişləndirilməsi, eləcə də Ələt Azad İqtisadi Zonası və nəqliyyat-logistika infrastrukturu imkanlarından daha fəal istifadə planlaşdırılır.

Onun sözlərinə görə, Azərbaycanda makroiqtisadi sabitlik, investorların hüquqlarının qorunması və əlverişli biznes mühiti ölkəni regionda etibarlı sərmayə məkanlarından birinə çevirir. Nazir əlavə edib ki, iqtisadiyyatda müşahidə olunan müsbət meyillər fonunda ölkənin suveren kredit reytinqinin də artması və investisiya səviyyəsinə yüksəldilməsi istiqamətində müsbət proqnozlar mövcuddur.